lider-media.az

BÖYÜK ZƏFƏRİN BAŞLANĞICI - APREL DÖYÜŞLƏRİ

Tarix: 3-04-2024, 16:42

      Həm müstəqillik dövrünün, həm də xalqımızın çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin  ən parlaq səhifəsi Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin pərpasına, tam suverenliyinin təmin edilməsinə nail olmasıdır. Bu,  Zəfər salnaməsi - Qələbə dastanı, həmçinin Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin real nəticəsidir.  Şanlı tariximizə qızıl hərflərlə yazılan İkinci Qarabağ müharibəsinin  böyük Zəfərlə başa çatması ilə 30 illik işğal altında qalan torpaqlarımız azad edilib və qədim yurdumuz Qarabağa Böyük Qayıdışın əsası qoyulub. Aydındır ki, böyük Zəfərə gedən yol heç də asan olmayıb və böyük güc, qüdrət, əzm hesabına əldə edilib. Bəs bu yol haradan, necə başlayıb? Bu  Zəfərin başlanğıcı məhz Aprel döyüşlərindən başlayıb.

     Tarixə aprel müharibəsi və ya dördgünlük müharibə kimi yazılan bu hərbi münaqişə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin  hərbi birləşmələri arasında baş verib. Həmin gün Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu Azərbaycan mövqelərini və yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub. Cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində  Ermənistan silahlı bölmələrinə layiqli cavab verilib. Bu təxribat nəticəsində hərbçilərimizdən şəhid olan və yaralanan, mülki şəxslər arasında azyaşlı uşaqlar da daxil olmaqla həlak olanlar var idi. Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər ordumuzun bölmələri tərəfindən azad olunub, aprelin 4-ü Ermənistan itirilmiş mövqelərini geri qaytarmaq üçün cəbhənin, əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edərək təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub. Aprelin 5-də ordumuz Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb. Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilən razılaşmaya əsasən həmin gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Lakin buna baxmayaraq, Ermənistan aprelin 5-də Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərimizi atəşə tutub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun qüvvələri qarşı tərəfi dəqiq cavab atəşi ilə susdurub, eyni zamanda Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələri düşmənin  mühəndis-istehkam qurğusunu darmadağın edib.

      Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və  Suqovuşan kəndləri  istiqamətindəki yollar azad edilib. Dörd gün davam edən  Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüb, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlarda münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması haqqında razılıq əldə olunub.

      Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalıb. 320-dən artıq hərbiçisi  məhv edilib və 500-dən artıq yaralanıb. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarılıb, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edilib.  Aprel döyüşləri bir neçə il sonra əldə ediləcək tarixi Zəfərin hərbi-siyasi təməlini qoydu.

         Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu güclü, qüdrətli, yenilməz, xalqımız qəhrəman, əzmkardır. İşğalla heç vaxt barışmayacağımızı, Qarabağ münaqişəsinin həllinin bizim üçün prioritet məsələ olduğunu da bir daha təsdiqlədi. Ermənistanın uzun illər ərzində öz ordusu haqqında yaratdığı miflər, əfsanələr darmadağın edildi. Onu da göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Prezident cənab İlham Əliyev Aprel döyüşlərindən danışarkən demişdir: “Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax bu nəticələrə gətirib çıxarır”.

    Aprel döyüşləri xalqımızın minlərlə vətənpərvər, igid oğullarının müqəddəs vətən torpağının hər qarışı uğrunda canından keçməyə hər an hazır olduğunu mənfur düşmənə, eləcə də bütün dünyaya bəyan etdi. Bu döyüşlərindəki qələbəmizin davamı olaraq 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən şanlı Vətən müharibəsi xalqımızı əbədi və əzəli torpağımız olan Qarabağa qovuşdurdu. Cocuq Mərcanlıdan başlanan şərəfli yol Şuşada böyük Zəfərlə bitdi. Aprel döyüşləri zamanı öz qəhrəmanlıqları ilə fərqlənən  peşəkar hərbçilər general Mais Bərxudarov və polkovnik Şükür Həmidov 2020-ci ilin payızında torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən müharibəsinin yenidən ön sırasında idilər. Aprel döyüşlərində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Şükür Həmidov 44 günlük Vətən müharibəsində ata yurdu Qubadlıyadək şanlı döyüş yolu keçərək məhz doğma kəndinin yaxınlığında qəhrəmancasına həlak oldu.

     Bu gün işğaldan azad edilmiş ərazilərimizin səmasında üçrəngli bayrağımız qürurla dalğalanır. Bu Zəfərə hər zaman milli birlik və bərabərlik nümayiş etdirən, işğalla barışmayan xalqımızın əzmi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü, düşünülmüş siyasəti, Azərbaycan Ordusunun, əsgərinin cəsurluğu, fədakarlığı və rəşadəti hesabına nail olduq. Zabit və əsgərlərimizin hər biri cəbhədə öz canları-qanları bahasına əsl fədakarlıq göstərərək ən uca zirvəyə – şəhidlik zirvəsinə yüksəldi. Bu gün istər, Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərərək şəhid olmuş  Vətən oğullarının, istərsə də II Qarabağ müharibəsində, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi uca tutulur, onların, qazilərimizin qəhrəmanlıqları gələcək nəsillər üçün örnək sayılır. Çünki onlar Azərbaycan dövlətinin  gücünü, xalqımızın isə mübarizə əzmini – sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirib!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi