Vətənin 18 yaşlı şəhidi
Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.Qələbəyə öz qanları ilə imza atan şəhidlərimiz bizlərə ömür boyu haqqında danışacağımız dastan qoyub getdilər. Özlərini doğmalarının gələcəyi üçün fəda edən polad ürəkli mübarizlərimiz, vətən sizi unutmayacaq!
Bu tarixi qələbənin qazanılması naminə canınını fəda etmiş zabitlərimizdən biri də 44 günlük Vətən Müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olan igidlərimizdən biri də Müşfiq Abbas oğlu Bəktiyevdir. Vətən Müharibəsinə qatılan Müşfiqin cəmi 18 yaşı vardı. Yaşı az olsa da, göstərdiyi igidlik, şücaət, cəsurluğu ilə seçilirdi.
Sumqayıt şəhərinin Corat qəsəbə sakini Müşfiq Bəktiyev 2020-ci il sentyabrın 27-dən hərbçi yoldaşları ilə birgə döyüşə atılıb. Xidməti dövründə atıcı əsgər kimi Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Atası Abbas Bəktiyev deyir ki, elə sonuncu döyüşü də Xocavənddə olub. Müşfiq Bəktiyev müharibənin başalamasının düz bir ayında-oktyabrın 27-də qəhrəmancasına şəhid olub və Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib: "Müşfiq çox cəsarətli, ürəkli, qorxmaz bir oğul idi. Hara gəldi, gedib girirdi. Qorxmurdu, heç nədən qorxmurdu, çəkinmirdi. Döyüşlərdə də məğrurluqla iştirak edirdi. Çox cəsarətli olub, qorxmaz olub, igid olub. Torpağı uğrunda öz canını verməyə hazır olub. Şəhid atası olmaq çox çətindir, amma mən çox fəxr edirəm ki, oğlum vətən uğrunda şəhid olub. Sağ olsun Ali Baş Komandan, yaşasın Azərbaycan xalqı, var olsun bizim ordumuz. Bizim oğlumuzun qanını yerdə qoymadılar. Ümumiyyətlə, şəhidlərin heç birinin qanı yerdə qalmadı. Var olsun Vətənimiz”.
Vətənini canından çox sevən Müşfiq Bəktiyev yaşının az olmasına baxmayaraq, düşmənin əsl kabusuna çevrilib. Anası Samirə Bəktiyeva deyir ki, oğlu hələ uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Şəhid olacağını hiss edibmiş: "Mən o döyüşlərdə iştirak edəcəm. Yoldaşlarına da demişdi ki, bu döyüşlərdə mən şəhid olacam. Getdi uşaq hərbiyə. 10 ay idi Qusarda hərbi xidmətdəydi. 2020-ci il sentyabrın 27-də Qarabağ uğrunda müharibə başlayanda Qusardan hərbi xidmətdən müharibəyə yollandı. Bizimlə əlaqə saxlayırdı tez-tez, iki gündən bir. Danışırdıq, soruşurdum həmişə, Müşfiq, necəsən, nə var? Heç vaxt bizi narahat eləmirdi. Həmişə deyirdi ki, arxa cəbhədəyik, məndən nigaran qalma, siz özünüzə yaxşı baxın. Füzuli, Cəbrayıl alınanda zəng elədi. Dedi, atama de ki, torpağını azad etmişəm. Gəlib aparacağam sizi torpağınıza, özümə də çadır toyu edəcəyəm. Oğlumla fəxr edirəm. O, 28 illik məcburi köçkün həyatımıza son qoydu. O qədər cəsarətli oğlan idi, vətənpərvər idi. Deyirdi ki, mən torpağımı görməmişəm, amma mən gedib alacağam o torpağı, şəhid olacağam, şəhidlik böyük zirvədir”.
Müşfiq bibisi Mehparə ilə danışanda ona "Vətən bizə əmanət! Torpaqlarımızı azad edib evə üzüağ, qəhrəman kimi qayıdacağam” deyib. Qohumları arasında da xüsusi hörməti ilə seçilirdi Müşfiq: "Müşfiqin bütün qohum-qardaş arasında xüsusi bir yeri var idi. Çox zəhmətkeş, hörmətli uşaq idi. Az yaşı olmasına baxmayaraq, hamının hörmətini qazanmışdı. Torpağa bağlı uşaq idi, vətənini çox sevirdi”.Şəhid əsgər Müşfiq Abbas oğlu Bəktiyev ölümündən sonra "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.