“Məşğulluğa Dəstək Layihəsi”nə cəlb olunan şəxslərə bizneslərini genişləndirmək üçün daha bir imkan
Layihə üzrə növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsinə start verilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarına biznes mükafatlarının təqdim edilməsi məqsədilə növbəti “Həvəsləndirmə mükafatları” müsabiqəsinə start verilib. Məqsəd Layihə çərçivəsində 2020-2024-cü illərdə avadanlıqlarla təmin edilərək istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini qurmuş şəxslərə öz bizneslərini genişləndirmək üçün dəstəyin göstərilməsidir.
“Həvəsləndirmə mükafatları” müsabiqəsinə ölkənin bütün şəhər və rayonları üzrə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində avadanlıqlar verilməklə kiçik biznesini qurmuş şəxslər müraciət edə bilərlər.Müsabiqədə iştirak üçün proqram iştirakçılarına dair tələblər aşağıdakılardır:
Qeydiyyata alınmış vergi ödəyicisi olmalıdır;
Özünüməşğulluq proqramı çərçivəsində birinci ilin biznes planını uğurla tamamlamalıdır;
Son 12 ay ərzində bütün hüquqi və vergi tələblərinə tam şəkildə riayət etmiş olmalı və cəriməsi olmamalıdır;
Seçdiyi iqtisadi fəaliyyət istiqaməti üzrə hazırda biznes fəaliyyəti ilə məşğul olmalıdır.
Qeyd edilən meyarlara cavab verən benefisiarlara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən biznes planın hazırlanmasında dəstək göstəriləcək. Biznes planını müdafiə edərək qalib gələn şəxslərə fəaliyyətlərini genişləndirmək üçün əlavə avadanlıqlar veriləcək. Hər bir benefisiar yalnız bir dəfə bu müsabiqədən faydalana bilər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər https://survey.sosial.gov.az/index.php/937811?lang=az linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.Müsabiqədə iştirak üçün son müraciət tarixi 11 mart 2025-ci ildir.Əlavə məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına və DOST Mərkəzlərinə müraciət edə bilərsiniz.