Qəhrəmanlar unudulmur! Cəsur döyüşçünün xatirəsi Naxçıvanda əbədiləşdirilib
İkinci Dünya müharibəsində böyük rəşadət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Vətən oğullarının qəhrəmanlıq dolu həyatı və şərəfli döyüş yoluna , qəhrəmanlıq salnaməsinə fəxrlə bir daha nəzər salsaq görərik ki. 1941-1945-ci illər ərzində bu müharibəyə Naxçıvan Muxtar Respublikasından 30 mindən artıq oğlan və qız yola düşüb. Onların 15 min 500-ü müharibənin getdiyi bütün ərazilərdəki döyüşlərdə qəhrəmanlıqla həlak olub. Naxçıvanlı döyüşçülərdən 600 nəfəri müxtəlif orden və medallarla, bir nəfəri Şöhrət ordeninin hər üç dərəcəsi ilə, 3 nəfər isə keçmiş SSRİ-nin ən yüksək fəxri tituluna - Sovet İttifaqı Qəhrəmanı adına layıq görülüb. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə qeyd etmişdir ki, bu qələbə heç də asan başa gəlməyib. “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…”. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqların araşdırılması və təbliği bu gün də ciddi əhəmiyyətə malikdir. Həmçinin 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib. "Qəhrəmanlar unudulmur" ifadəsi, cəmiyyətin tarixi irsini, mədəniyyətini və dəyərlərini qorumaq üçün vacibdir. Qəhrəmanların hekayələri, gələcək nəsillərə ilham verərək, cəsarət, fədakarlıq və insanlıq dəyərlərini aşılayır. Heç kəs, öz qəhrəmanlarını unutmamalı və onların xatirəsini yaşatmalıdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün qəhtəmanları həmişə minnətdarlıq hissi ilə xatırlayır və xatırlayacaq.
Bunlardan biri də Sovet İttifaqı qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərovdur. Cəhri kəndinin yetirməsi olan Qəzənfər Əkbərov 1917-ci ildə dünyaya göz açıb. Onun taleyi sonralar hərb tariximizlə bağlı olsa da, gənclik illərində yaxşı təhsil alaraq pedaqoq kimi fəaliyyət göstərmək arzusunda olub. 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirərək müəllimlik fəaliyyətinə başlayıb. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra müharibəyə könüllü gedənlərdən biri də Qəzənfər Əkbərov olub. Cəsur döyüşçü Tbilisi topçuluq məktəbində təhsil alıb və onun qəhrəmanlıqlarla dolu döyüş yolu 1942-ci ildən Qafqaz dağlarının ətəklərindən başlayıb. Qəzənfər Əkbərov topçu komandir kimi Ukraynanın,Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak edib.Onun qəhrəmanlıq salnaməsində Belarusun Volojin şəhəri xüsusi mərhələ təşkil edir. 1944-cü il avqustun 3-də şəhər ətrafında gedən döyüşlərdə Qəzənfər Əkbərov misilsiz rəşadət göstərib. Bu ağır döyüş bir neçə saat davam edib. Onun başçılığı ilə üç nəfər topçu almanların beş ağır tankına qarşı döyüşə atılıb. Qeyri-bərabər döyüşdə düşmənin 4 tankı, 60-dan çox əsgər və zabiti məhv edilib. Bu döyüşdə Qəzənfər Əkbərov qəhrəmancasına həlak olsa da, canı bahasına düşmənin hücumunu dayandırıb və bununla da öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını alıb. Bu qəhrəmanlığına görə Qəzənfər Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Cəsur döyüşçünün xatirəsi Naxçıvanda əbədiləşdirilib. Doğma kəndi Cəhridə Qəzənfər Əkbərovun abidəsi ucaldılıb. Adına küçə və məktəb vardır. Qəzənfər Əkbərovun adı, xüsusilə Azərbaycanın müharibə tarixində əvəzsiz yer tutur və müasir dövrdə də igidlik, vətənpərvərlik və cəsarət simvolu olaraq yaddaşlarda qalır.Qəzənfər Əkbərovun ömür yolu və döyüşlərdəki fədakarlığı, gənclərə vətənə sevgi və vətəndaşlıq borcu öyrətmək baxımından mühüm əhəmiyyət kəsb edir.Qəzənfər Əkbərovun həyatı və müharibə dövründəki qəhrəmanlığı, müasir dövrdə də hər bir vətəndaş üçün böyük bir ilham mənbəyidir. Onun döyüşlərdəki şücaəti, cəsarəti və hərbçi olaraq sərgilədiyi igidlik yalnız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsinə deyil, həm də Azərbaycan xalqı tərəfindən uzun illər boyu böyük ehtiramla anılmasına səbəb olmuşdur.
Cəlil Xəlilov
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik