lider-media.az

TÖRƏDİLƏN CİNAYƏT TARİXİ MAHİYYƏTİNİ İTİRMİR

Tarix: Bu gün, 08:20

SSRİ rəhbərliyinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi 20 Yanvar hadisələrindən 35 il keçir. Bu zaman kəsiyində itkilərimiz də oldu, əbədi ayrılıqlarımız da... Ancaq  o qanlı gecənin  dəhşəti, xofu, göynərtisi, acısı heç unudulmadı . 20 Yanvardan bəri milyonlarla qərənfilin göz yaşları ilə yuduq Şəhidlər Xiyabanındakı məzar daşlarını...

 Zaman ötür. İllər əsrlərə, əsrlər minilliklərə - tarixə çevrilir. Zaman-zaman  baş verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən sonra yaddan çıxır, unudulur, amma elə hadisələr var ki, xalqın, millətin yaddaşında əbədiləşir. 20 Yanvar xalqımızın tarixində təkcə faciə ilə yox, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir 20 Yanvar.

     Azərbaycanın müstəqilliyinin bərpasına aparan yol da məhz 1990-cı ilin 20 Yanvarından başladı. Həmin gün öz konstitusion hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi. Sovet ordusunun Azərbaycana təcavüzü, mülki əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi SSRİ rəhbərliyinin beynəlmiləlçilik adı ilə pərdələdiyi siyasətin əsl mahiyyətini göstərirdi. Xalqımız  Ermənistanda yaşayan soydaşlarımızın ata-baba yurdlarından zorakılıqla qovulmasının və Qarabağın Ermənistanın tərkibinə qatılması cəhdlərinin qarşısının alınmasını tələb edirdi. Moskva isə bu haqlı tələbə misli görünməmiş qəddarlıqla cavab verdi.

     Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq rəmzi kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün kimi tarixin şanlı səhifəsinə çevrildi. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardıqları anti-azərbaycan siyasətinin tərkib hissəsi idi desək, heç də yanılmarıq. Çünki qabaqcadan düşünülüb-hazırlanmış bu təcavüzkarlıq Azərbaycan xalqının demokratiya və milli-azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə xalqımızın iradəsini qıra bilmədi.

     Şəhidlərin son mənzilə yola salınması Azərbaycan tarixində o vaxtadək yaşanmamış ümummilli dəfn mərasimi idi. Bu izdiham, hüzn birliyi sonrakı illərin anım günlərində də davam edərək xalqımızın milli həmrəyliyinin formalaşmasında və möhkəmlənməsində başlanğıc rolunu oynadı.

     1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı  müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycan xalqının azadlıq mübarizəsinə, 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi də məhz ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə mümkün oldu. Ulu öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli fərmanla “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması gələcək nəsillərin yaddaşında arxivləşən mühüm tarixi sənədlərdir. Şəhidlərin əbədiyyətə qovuşduğu məkana ümummilli liderin verdiyi qiymət bu müqəddəs ziyarətgahın tarixi, siyasi, tərbiyəvi, həmçinin milli- mənəvi dəyərini ortaya qoyur. Ulu öndər o günləri xatırlayarkən deyirdi: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.

     Xalqların tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin bu iki məqam çox nadir hallarda üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecədə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də bu faciəni törədənlərə başçılıq edənlərin kimliyi məlum oldu.

     Beləliklə, 20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmadı, onun xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan xalqının tarixinə həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu.  Xalqımız XX yüzilliyin sonunda çoxlu sayda qurbanlar verdi, amma əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan bir tarix yazdı. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqqı, ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı Yanvar faciə olmaqdan daha çox, ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir.

     Xalqımız o qanlı gecədə müstəqilliyimiz naminə canlarını qurban verən mübariz oğul və qızlarının sücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı xalqımız, xüsusən gənclərimiz üçün örnək oldu. Onlardan vətənpərvərlik nümunəsi götürən oğullar bunu Böyük Qələbə ilə bitən 44 günlük İkinci Qarabağ savaşında bir daha təsdiq etdilər, ölümün gözünə dik baxdılar, illərlə qəlbimizdə yaşatdığımız torpaq həsrətinə son qoydular.

      Bəli, illər ötür, lakin hər ilin 20 Yanvarında ölkə vətəndaşları rayonlardan, regionlardan Şəhidlər Xiyabanına gələrək  ölümləri ilə ölümsüzlük qazanmış şəhid bacı və qardaşlarının əziz xatirəsini hörmət və ehtiramla, sonsuz məhəbbətlə yad edirlər. 20 Yanvar gecəsi – Qara Yanvar  tarixi bizdən uzaqlaşdıqca daha da unudulmaz olur. Bu gün dövlətimizin artan qüdrəti nəticəsində 20 yanvar hadisəsini biz hüzn deyil, milli qürur günü kimi qeyd edirik.  Azərbaycan xalqının mərdlik səlnaməsi olan 20 yanvar hadisələrinin ildönümündə Şəhidlər xiyabanına gələn insanlar xalqımızın mərdliyi, şücaəti və rəşadəti önündə baş əyirlər.

Nurəngiz ADİLQIZI.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi