“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda nəzərdə tutulan dövlət müəssisələri Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) strukturuna daxil edilsin.
3. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I) aşağıdakı məzmunda 8-2-ci hissə əlavə edilsin:
“8-2. Bu Fərmanın müddəaları Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) öz əmlakına və onun idarəetməsinə verilmiş dövlət müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON-a) tətbiq edilmir.”.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 yanvar 2025-ci il