Ağdam Sənaye Parkında bu il tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq
190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının 65 faizdən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb.İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkına KİV nümayəndələrinin tanışlıq səfəri təşkil edilib. Səfər çərçivəsində media mənsubları Sənaye Parkının ümumi fəaliyyəti ilə tanış olublar.Bildirilib ki, dövlət başçsının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir və sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq Parkın 65 faizdən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb. Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq, hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Sənaye Parkı hesab edilir.
Parkda ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir.Bu müəssisələrdə elektrik paylayıcı avadanlıqlar, elektrik yuvaları, beton yarımstansiyalar, dam və fasad örtükləri, havalandırma, yanğınsöndürmə avadanlıqları, müxtəlif metal məmulatları, divar kağızları, müxtəlif növ ayaqqabılar, avtomatlaşdırma və telemexanika sistemləri, məsaməli hörgü blokları və s. məhsulların istehsal edilir.Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Ağdam Sənaye Parkında istehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilir. Sənaye Parkının rezidenti tərəfindən istehsal edilən divar kağızları Gürcüstana ixrac edilib. Digər rezidentin istehsal etdiyi müxtəlif təyinatlı ayaqqabıların ixracı istiqamətində Avropa ölkələri ilə danışıqlar aparılır. Bu istiqamətdə şirkət tərəfindən artıq sertifikat əldə edilib ki, bu da istehsal edilən məhsulun Avropa ölkələrinə ixracına imkan verir.
Hazırda Ağdam Sənaye Parkının bir çox rezidentləri tərəfindən layihələndirmə işləri həyata keçirilir, 10-a yaxın müəssisədə isə tikinti işləri görülür.Cari ildə Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.