lider-media.az

Unutsaq unudularıq-Əhməd Namazov-75

Tarix: Dünən, 21:14

Vətənpərvər ziyalı, qayğıkeş insan

Vətən, yurd həsrəti ilə yaşamaq çox çətindir. Gözlərini hər yumub-açdığında doğulduğun, yaşadığın o yerləri xəyalında canlandırır, şirin xatirələrin işığında sənə doğma olan el-obanın axar-baxarlı yerlərini yada salır, düşünürsən. Düşmən tapdağı altında qoyub-gəldiyin, zorla didərgin salındığın torpaq elə hey səni özünə çəkir. Düz otuz il yaşadı doğma yurdlarından pərən-pərən düşmüş insanlarımız. Çoxu dözmədi bu nisgilə, bu ayrılığa, torpaq həsrəti ilə köçüb getdi, bu dünyadan...

Namazov Əhməd Məhəmməd oğlu da torpaq həsrəti ilə yaşayanlardan biri idi. O, 1950-ci il dekabrın 27-də Laçın rayonunun Qarıqışlaq kəndində anadan olmuşdu. Anası, ali təhsilli ibtidai sinif müəllimi, əməkdar müəllim Yasəmən xanım oğlunu təkbaşına böyütmüş, onun təlim-tərbiyəsilə özü məşğul olmuşdu.

Atasız böyüyən kiçik Əhməd artıq 4 yaşında sərbəst yazıb-oxumağı bacarırdı. Ona görə də 6 yaşında ikən onu I sinfə qəbul edirlər. Orta məktəbi bitirən il bir talesizlik yaşayır. Belə ki, ağır qəzaya düşən Əhməd bir ildən çox  xəstəxanada yatmalı olur, ayağa qalxanda isə artıq əsgərlik vaxtı çatmışdı. Hərbi komissarlıqda həkim müayinəsindən keçən gənc Əhməd səhhətində problemə görə hərbi xidmətə aparılmır. O, ali təhsil almaq məqsədilə 1970-ci ildə sənədlərini Xalq Təsərrüfatı İnstitutuna verir  və tələbə adını qazanır. 1974-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirir və təyinatla doğma yurduna göndərilir. Bir müddət komsomol işində çalışan Əhməd Namazov 1977-ci ildə Laçın Rayon Təhsil Şöbəsində mühasib işinə qəbul edilir və 1987-ci ilədək bu vəzifədə işləyir. Əhməd müəllim təhsil şöbəsində işlədiyi dövrdə rayon məhkəməsinin üzvü kimi də fəaliyyət göstərirdi. Həmin müddətdə həm də qiyabi yolla Bakı Ali Partiya məktəbini bitirib ikinci təhsilini alır.

Üzərinə düşən bütün işləri layiqincə yerinə yetirən, sözünə bütöv, işinə tələbkar, savadlı və ən əsası düzgün bir insan kimi o, məhkəmlərdə verdiyi doğru qərarlara görə də laçınlıların hörmətini qazanır. 1987-ci ildə o, Ağdamın tabeliyində olan Laçın Rayon Avtonəqliyyat İdarəsinin rəisi təyin edilir.

1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızın qaçqın düşmənləri ilə yanaşı, artıq Laçında da ermənilər ara-sıra vəhşiliklər törətməyə başlayırlar. 1990-cı ildə mərhum tele-jurnalist Çingiz Mustafayevin iştirakı ilə Laçının Hacılar kəndində Post qoyuluşunda iştirak edir, geri qayıdanda yolda qəzaya düşürlər. Xoşbəxtlikdən hər ikisi sağ qalır. 1992-ci ildə Laçın işğal edilir. O günləri Əhməd müəllimin qızı Əsmər xanım belə xatırlayır: “... İndiyə kimi yadımdadır, gecə saat 10-11 olardı. Akif müəllim atama zəng vurub dedi ki, tabeliyində olan “Kamaz” maşınlarını sürücülərə təhvil versin, ermənilər şəhəri ələ keçirəcək. Atam gecə ilə getdi, gecə saat 1-də geri gəldi. Hazırlaşıb səhərə yaxın yola çıxdıq. Yolda atam bizə anlatdı ki, maşınları sürücülərinə verdim, qarajda olan yanacaqla çənlərini doldurdum, ehtiyat təkərləri, bəzi mexaniki alətləri də paylaşdırdım ki, ermənilərə bu idarədən bir əşya da qalmasın”.

Ailə məcburi köçkün kimi Bakıda, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşdi. Hələ orta məktəbdə oxuyarkən yiyələndiyi mexanik peşəsi ilk vaxtlarda köməyinə gəldi. Belə ki, gündüzlər oteldə elektrik mexaniki kimi, gecələr isə qarovulçu işləməyə başladı. Səkkiz nəfərlik böyük bir ailəni dolandırmaq elə də asan deyildi.

1993-cü ilin sonlarında Xəzər rayon sosial təminat şöbəsində mühasib, 1994-cü ildə məhkəmədə birinci müavin vəzifəsində işləyən Əhməd müəllim 1996-cı ildə imtahan əsasında Azərbaycan Respublikası Hesablama Palatasına baş təftiş təyin edildi. 1998-2010-cu illərdə Xəzər Rayonu Maliyyə İdarəsində (indiki Xəzər rayonu 3 saylı Xəzinədarlıq İdarəsi) Dövlət gəlirləri və Vergiyə Nəzarət, Proqnozlaşma şöbəsinin rəisi kimi çalışır, həmçinin idarə həmkarlar təşkilatının sədri seçilir. Yeni Azərbaycan Partiyasına üzv olur.

Əhməd Namazaov savadı, qabiliyyəti ilə həmişə seçilirdi. Rayon rəhbərliyinin dərin hörmətini qazanan Əhməd müəllim bir çox təşkilatlarda apardığı yoxlamalara, verdiyi obyektiv qərarlara görə ədalətli bir insan kimi tanınırdı. O, daim öz üzərində çalışır, bilik və bacarığını daha da təkmilləşdirirdi. 2004-cü ildə Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik akademiyasını bitirməsi də bu istəkdən irəli gəlirdi.2010-cu ildə struktur dəyişikliyi ilə əlaqədar ixtisara düşür və 5 ayadək işsiz qalır. 2010-cu ilin sonlarında isə Bakı Şəhər Maliyyə İdarəsində mühasib vəzifəsinə işə düzəlir və ömrünün sonuna, 2012-ci il dekabrın 27-dək burada işləyir. Həmin gün ürək miokart infaktından vəfat edir.

Əhməd müəllim gözəl ailə başçısı idi. O, 1977-ci ildə ailə qurmuş, ailədə 4 qız, bir oğul övladı böyümüşdü, ailəcanlı idi, övladlarını sevər, onlar üçün hər şey edərdi. Uşaqlarının təhsili ilə yaxından maraqlanardı, hamısını təhsil, peşə sahibi etmişdi. Oğlu Hamlet, qızı Əsmər iqtisadiyyatla bağlı təhsil alsalar da, atasının davamçısı Əsmər olmuşdur. O, atası haqqında deyir: “Atamın ölümü bizi çox yandırdı. O, özündən sonra gözəl bir ad qoyub getdi. Doğulduğu kəndin ilk ali təhsilli, savadlı şəxslərindən biri idi. 45 il dövlət qulluqçusu olan atam, yaşayıb, işlədiyi Laçın və Xəzər rayonunda elmli, vətənpərvər, safürəkli, qeyrətli, namuslu, ailəcanlı, mərd, qayğıkeş və qibtə ediləcək bir insan kimi tanındı və sevildi. Mən atamla fəxr edirəm!”

Əlinin zəhməti ilə ucalan, insanlıq adını uca tutan Əhməd müəllim dəyərli bir ömür yaşadı, torpağına qovuşmadı, onun azad olduğu günü görmədi. Ruhu şad olsun!..Doğulduğu gündə də dünyasını dəyişən Əhməd müəllim yaşasaydı bu il  75 yaşı tamam olacaqdı. Təəssüf ki....

Lider-Media.az

 

                                                                                                           

                                                                                                        


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi