Qəhrəmanlar unudulmur! Qələmini süngüyə çevirən jurnalist
Azərbaycanın Milli Qəhrəmanı, Qələmini süngüyə, çevirən peşəsinin müsəlləh əsgəri olan jurnalist Salatın Əsgərova 1961-ci ilin 16 dekabrında Bakı şəhərində ziyalı ailəsində anadan olub.1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur, 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alır. Ancaq Salatın Əsgərova jurnalistika sahəsi ilə maraqlanırdı. Başqa bir ixtisası bitirsə də, sevdiyi sahəyə olan maraq onun həmin istiqamətə getməsinə səbəb olur. Salatın Əsgərova 1984-cü ildə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayır. İşlədiyi dövrdə bir çox məqalələr yazır. Həmin dövrlərdə Azərbaycan və Ermənistan arasında problemlər başlayır. Erməni tərəfi ölkəmizə qarşı təxribatlar törədir, torpaq iddiaları qaldırırlar. Salatın Əsgərova isə yazdığı məqalələrdə bu mövzulara xüsusilə toxunurdu. Ermənistanın Azərbaycana qarşı müharibəyə başlaması ilə Salatın Əsgərova döyüş bölgələrindən, qaynar nöqtələrdən xəbərlər, məqalələr hazırlayaraq yayımlamaq qərarına gəlir. Çünki digər azərbaycanlılar kimi o da düşmən təxribatlarından çox təsirlənmişdi. Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarır. Salatın Əsgərovanın sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən yazısı olub. O, “Molodyoj Azerbaydjana” qəzetinin 1991-ci il 3 yanvar tarixli sayında azərbaycanlı döyüşçülərin igidliyindən danışır, həm də, imperiyanı sərt tənqid edirdi. Salatın Əsgərova 1991-ci il yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Qarabağa Oleq Larionovun yanına getmək qərarına gəlir. Batalyon komandiri polkovnik-leytenant Oleq Larionov sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi, həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini düşmənin hücumlarından qorumuşdu. Buna görə də, onlar Larionovun başına pul mükafatı qoymuşdular. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi. Salatın Əsgərova Oleqlə görüşür. 1991-ci il yanvarın 9-u onlar daha bir neçə hərbçi ilə birgə eyni avtomobildə hərəkət edərkən erməni silahlılarının pusqusuna düşürlər.Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir.Laçın Rayon Daxili İşlər Şöbəsinin əməkdaşı, Milli Qəhrəman (ölümündən sonra) İsrafil Şahverdiyev Salatın Əsgərova və digər hərbçiləri qətlə yetirən erməni silahlılarının tutulması üçün cinayət işi açır. Nəticədə, onları qətlə yetirən Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs edilir. 1993-cü ildə onlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də Ermənistana təhvil verilir.Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. Yaşadığı binaya barelyefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd adlanır”.