İlin ilk hərracı: müəssisə və nəqliyyat vasitələri özəlləşdirilib
Hərracda 6.150.000 manata "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyət özəlləşdirilib. Müəssisədə müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və s. məhsulların istehsalı mümkündür.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk hərracı təşkil olunub. Hərracda 1 müəssisə, 26 nəqliyyat vasitəsi özəlləşdirilib. Əmlaklara ümumilikdə 129 sifariş qəbul olunub, bunun 29-u elektron qaydada həyata keçirilib.
Özəlləşdirilən müəssisə "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətidir. 6.150.000 manata satılan müəssisənin ümumi tikili sahəsi 9.267 kvadratmetr, torpaq sahəsi isə 64.483 kvadratmetrdir. Müəssisədə müxtəlif markalı betonla yanaşı, beton və dəmir-beton borular, bardürlar, dəmir-beton konstruksiyalar, su novları, plitələr, bloklar və s. məhsulların istehsalı mümkündür.
Nəqliyyat vasitələri üzrə sifarişin çox olması hərracı rəqabətli edib. Belə ki, start qiyməti 6.750 manat olan “Sobol” markalı avtomobil 10.000 manata, 11.250 manat olan “BMW 740 Li” markalı avtomobil 15.000 manata satılıb.
Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3FcemE linki vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 14, 28 və 30 yanvar tarixlərində keçiriləcək. Hərraclara səhmdar cəmiyyətinin səhm paketi və nəqliyyat vasitələri çıxarılıb.
İştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.
Özəlləşmədə iştirak etmək istəyən şəxslər hərracın keçiriləcəyi tarixə ən geci 3 bank günü qalanadək seçim edib, qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində beh ödəməklə sifarişçi statusu əldə edə bilərlər.