lider-media.az

Polad Həşimov-50

Baxış: 74 Tarix: 2-01-2025, 11:19

                                                                               Səngər generalı

 

Cəmi 45 il yaşadı. Həmişə ön cəbhədə-ən çətin mövqedə və əsgərlərinin yanında oldu. Şərəflə Vətəninə xidmət etdi. Söhbət sabah 50 yaşı tamam olacaq, adını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazdırmış general-mayor, Azərrbaycanın Milli Qəhrəmanı Polad Həşimovdan gedir. Həyat tarixinə nəzər yetirək. 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək, peşəkar hərbçi olub.

 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin  Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alındı və Ermənistan Ordusu geri oturduldu. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı.

3-cü Ordu Korpusunun Qərargah rəisi Polad Həşimovun da qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə  Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.

 İyulun 14-də səhər saatlarında  Tovuz rayonu  istiqamətində  baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu. Onlardan biri də Polad Həşimov idi. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub.

 Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.

 Prezident İlham Əliyev Poladın qəhrəmanlığı haqqında danışaraq demişdir: Milli Qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər var idi. Gördüm bir binanın üstündə onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim, onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm ümumiyyətlə gələcək haqqında öz sözlərimi dedim. Onun qanı yerdə qalmamalı idi və qalmadı. Biz onun qisasını aldıq və döyüş meydanında aldıq. Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Mən onun bir hərbçi kimi fəaliyyətini çox yüksək qiymətləndirirdim. Mən şəxsən onu yüksək mükafatlarla təltif edirdim. Mən sevinirdim ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir.

  Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor rütbəsində ulu öndər Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb. Polad 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. Daha sonra o, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. Polad Həşimovun anası Səmayə Həşimova:” Bizim ailədə belə bir övladın dünyaya gəlməsi ilə, onun anası olmağımla fəxr edirəm.Onunla bağlı arzularım sonsuz idi. Polad Həşimov Azərbaycan xalqının övladı, mən isə bütün şəhidlərin anasıyam. Polad səngər generalı idi. Səngər generalı hər evdən çıxmır. Şəhid analarına deyirəm ki, başınızı dik tutun”.

Ehtiyatda olan mayor Bəxtiyar Abdullayev : “1998-ci ildə mən indiki Heydər Əliyev adına Hərbi İnstitutu qurtarıb Murovdağa təyinat aldım. Orada ilk qarşılaşdığım insanlardan biri Polad Həşimov olub və həmin vaxtdan bir yerdə xidmət etmişik. Sonra Polad Həşimov mənim rəisim - tabor və hərbi hissə komandirim oldu. Demək olar ki, bütün çətin yolları bir yerdə keçmişik. Biz hərbçi peşəsinin sirlərini Polad Həşimovdan öyrənmişik. O yüksək insani dəyərləri ilə hər kəsdən fərqlənirdi. Tabeliyindəki əsgər və zabitlərlə elə davranırdı ki, hər bir hərbi qulluqçu verilən tapşırıqları qüsursuz yerinə yetirməyə çalışırdı. Xidmət etdiyi hərbi hissələrdə hərbi qulluqçuların hərbi xidmətə sevgisini daha da artıran, onları ruhlandıran, ayıq-sayıq olmağa təşviq edən münasibətilə yadda qalırdı. O qədər sadə insan idi ki, əlinə külüng alıb əsgərlərlə bir yerdə səngər də qazırdı. Əsgərinə çay süzür, ehtiyacı olana yardım edir, hətta şəxsi əşyalarını belə onlara bağışlayırdı. Polad Həşimovu tanıyan hər kəs ona bir zabit kimi xüsusi rəğbət bəsləyir, bir insan kimi çox sevirdi”.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb. P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

Polad Həşimov xalqımızın qəlbində əbədi yaşayacaq.

Lider-Media.az     

                                                                               


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi