Vətənimizin çiçəklənməsi, qüdrətlənməsi və suverenliyinin möhkəmləndirilməsi üçün hər zaman var qüvvəmizlə çalışmalıyıq.
Ölkə prezidenti cənab İlham Əliyev Dünya azərbaycanlılarının həmrəyliyini, sıx əməkdaşlığını və bir bayraq altında fəaliyyət göstərmələrini dövlət siyasətinin prioriteti hesab edir. Dövlət başçımızın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən davamlı və ardıcıl siyasət diaspor quruculuğunun inkişafını yeni müstəviyə çıxarmışdır. Bu siyasətin nəticəsidir ki, hazırda dünya azərbaycanlılarının həmrəyliyi özünü milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında sıx əməkdaşlığın yaradılması, fəaliyyətlərinin daha da möhkəmləndirilməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam etdirilir. Təbii ki, Azərbaycan haqqında obyektiv məlumatların yayılmasında və dövlət maraqlarının qorunmasında, azərbaycançılıq ideyasının, həmçinin adət-ənənələrimizin daha geniş təbliğində xarici ölkələrdə yaşayan soydaşlarımızın rolu böyükdür. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan əsas vəzifələrdən biri də məhz diaspor quruculuğunun inkişafı olmuşdu.
Lakin müstəqilliyimizin ilk illərində ölkədə yaranmış xaos və anarxiya, dövlət idarəçiliyndəki naşılıq bu sahədə də böhran yaratmışdı. Xalqın təkidli tələbi ilə yenidən respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan dövlətinin ətrafında birləşdirilməsi idi. Ümummilli liderin rəhbərliyi ilə bu istiqamətdə mühüm qərarların qəbul edilməsi və dövlət səviyyəsində məqsədyönlü addımların atılması dünya azərbaycanlılarının bir araya gətirilməsində, təşkilatlanmasında böyük rol oynamışdır. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətləri və perspektivlərini bəyan etmişdir.
Hələ Naxçıvan MR Ali Məclisinin 1991-ci il tarixli iclasında dünya azərbaycanlılarına müraciət edən Heydər Əliyev onları birliyə, həmrəyliyə, bir bayraq altında fəaliyyət göstərməyə çağırmışdı: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir. Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, Vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”.
Ulu öndərin bu çağırışı həmvətənlərimizin yaşadığı bütün ölkələrdə böyük əks-səda yaratdı. Bundan sonra diaspor qurumlarında əsaslı canlanma müşahidə olundu. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi yeni mərhələyə qədəm qoydu. Diaspor təşkilatlarının fəaliyyəti tədricən daha effektli oldu və keyfiyyətcə təkmilləşdirildi. Azərbaycanla bağlı erməni lobbisinin və ermənipərəst dairələrin yaydıqları yalan və böhtanla dolu məlumatların qarşısının alınması istiqamətində əməli addımlar atıldı. Respublikamız haqqında reallıqların dünya ictimaiyyətinə olduğu kimi çatdırılması işinin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması, soydaşlarımız arasında ideya birliyinin möhkəmləndirilməsi və onların tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən güclənməsi, dünya siyasi arenasında mövqeyini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi diaspor təşkilatlarını da aktivləşdirdi. Bu təşkilatların sıraları genişlənməkdə, fəaliyyətləri keyfiyyətcə yeni məzmun kəsb etməyə başladı.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi."Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"-deyən müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Bu gün Azərbaycandan kənarda yaşamaq, fəaliyyət göstərmək çox çətin, çətin olduğu qədər də məsuliyyətlidir. Azərbaycanlı adı daşıyan, damarlarında ulu babalarımızın qanı axan hər bir soydaşımız çiyninə götürdüyü yükün məsuliyyətini və necə şərəfli olduğunu dərk etməlidirXaricdə azərbaycanlıların diaspor tarixi elə də böyük olmasa da, qısa zaman ərzində böyük bir təşkilatlanma yolu keçməyə müvəffəq oldular. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-birilə üzvü surətdə bağlı olan, qırılmaz vəhdət təşkil edən əsas məsələdir. Müasir Azərbaycan artıq uğurla addımlayan, öndə olan bir dövlətdir.
Azərbaycan müstəqil ölkə kimi ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bu isə dünya azərbaycanlılarının gücünü, həmrəyliyini və birliyini daha da artırıb. Həmçinin bu həmrəyliyin və birliyin güclənməsinə xidmət edən əsas amilə çevrilib. Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşada 2022-ci ilin aprelində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı da bu gücün və birliyin əyani sübutudur.
31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü beşinci ildir ki, Qalib xalq kimi ölkəmizin ərazi bütövlüyü şəraitində qeyd edilir. 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbə ilə işğala birdəfəlik son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunması xəbərini verdikdən sonra bu nəinki ölkəmizdə, dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlının böyük sevinc və bayramına cevrildi. Ön cəbhədə ordumuzun, arxa cəbhədə mülki vətəndaşlarımızın əzmkarlığı bu Vətən müharibəsində böyük bir dastanın yazılmasına gətirib çıxartdı.
Müstəqil bir ölkənin vətəndaşları kimi Vətənimizin çiçəklənməsi, qüdrətlənməsi və suverenliyinin möhkəmləndirilməsi üçün hər zaman var qüvvəmizlə çalışmalıyıq. Buna nail olmaq üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalıdırlar.
Lider--Media.az