Psixoloqlarla “Koqnitiv Davranış Terapiyası” mövzusunda təlim keçirilib
Azərbaycan Ordusunda fəaliyyət göstərən psixoloqların peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin lektoriya zalında “Koqnitiv Davranış Terapiyası” (KDT) mövzusunda təlim keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Türkiyə Respublikasından dəvət edilmiş klinik psixoloq dr.Berkan Eskiili koqnitiv nəzəriyyə və koqnitiv modelə giriş, KDT-nin əsas anlayışlarını və texnikalarını, müxtəlif psixoloji pozuntular (depressiya, təşviş pozuntusu, fobiya və s.) zamanı bu müalicə üsulunun tətbiqi ilə bağlı məlumatları dinləyicilərə çatdırıb. Həmçinin KDT seansları zamanı psixoloqların diqqət yetirməli olduğu məqamlara aydınlıq gətirib. Təlim zamanı dinləyicilərin iştirakı ilə praktik çalışmalar yerinə yetirilərək əldə olunan biliklər daha da möhkəmləndirilib.
Təlim zamanı dinləyicilər disfunksional fikirlər, davranış və emosiyalara bağlı olan problemlərin həllinə yönələn psixoterapevtik müalicə üsulunun baza biliklərinə yiyələniblər.
Psixologiya sahəsində daim baş verən yenilikləri nəzərə alaraq bu cür təlimlərin keçirilməsi orduda xidmət edən psixoloqların peşəkarlıq səviyyəsinin artırılmasında müstəsna əhəmiyyətə malikdir.
İnteraktiv formada keçirilən təlim zamanı terapiyanın hərb sahəsində tətbiqi ilə bağlı dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.