Azərbaycan Üzgüçülük Federasiyası idmançılar üçün seminar keçirdi
Azərbaycan Üzgüçülük Federasiyasının və ölkənin aparıcı psixoloji mərkəzlərindən birinin təşkilatçılığı ilə ölkənin Su polosu üzrə Milli komandasının üzvləri üçün “Narkomaniyanın mənəvi və fiziki zərərləri” mövzusunda tədbir keçirilib.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi barədə danışılıb. Çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə “Ağ ölüm” adlandırılan və cəmiyyətmizin əsas bəlalarından olan narkomaniya, onun fəsadları, yarada biləcəyi faciələr, yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması və bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışıb. O vurğulayıb ki, idmançıların fiziki durumları ilə yanaşı sağlamlıqları, psixoloji durumlarının yüksək səviyyədə olması çox önəmli məsələdir:
“Əgər idmançılarımızın yüksək nəticələr qazanmasını istəyiriksə və hamılıqla buna çalışırıqsa bunun üçün onların həm fiziki, həm də psixoloji-mental hazırlığının birgə vəhdətini formalaşdırmalıyıq. Bunun üçün komandaların məşqçilər korpusu ilə yanaşı psixoloq, dietoloqların məsləhətləri də faydalı olacağını düşünürük. Bu gün biz hamılıqla “Narkomaniyaya yox” dedik. O cümlədən də dəyərli mütəxəssislərimiz idmançılarımıza öz sahələri üzrə məsləhətlərini verdilər. Belə seminarlar davamlı olacaq və federasiyanın tabeliyində olan digər idman növləri üzrə olan idmançılara da keçiriləcəkdir” deyə T.Abdullazadə əlavə edib.
Sonra ölkənin aparıcı psixoloji mərkəzinin rəhbərliyi və psixoloqları idmançılar üçün mühazirələrlə çıxış etdilər. Onlar da narkomaniyanın dəhşətli fəsadları, cəmiyyətə vurduğu ziyanlardan danışdılar.
Çıxış edən Su polosu üzrə milli komandanın baş məşqçisi, yunanıstanlı mütəxəssis Panayotis Xronopulos bu seminarların çox böyük effekti olacağını bildirdi. Onun sözlərinə görə idmançıların fiziki durumu ilə yanaşı mənəvi və psixoloji vəziyyəti də önəmli məsələdir.
Seminarda o da vurğulandı ki, bu kimi tədbirlər davamlı olacaq və müntəzəm təşkil ediləcəkdir.