Müasir ordu quruculuğu ilə Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü orduya çevrilmişdir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə etmişdir.
Cənab Prezident Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhid və qazilərimizi daim ehtiramla yad edir, onların fədakarlığını, qəhrəmanlığını yüksək qiymətləndirir, xatirəsini əziz tutur. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün mühüm tapşırıqlar verir. İmzaladığı fərman və sərəncamlar ilə şəhid ailələri dövlət qayğısı ilə təmin olunmuş, qazilərin müalicəsi təşkil edilmiş və onların təminatları artırılmışdır.
Müharibədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası üçün genişmiqyaslı layihələrə start verildi. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağ və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.
Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizdə yeni dövr başlamış, ölkədə iqtisadi yüksəliş baş vermiş, Azərbaycan öz iqtisadiyyatını gücləndirərək regionda ən sürətlə inkişaf etmiş dövlətlərdən birinə çevrilmişdir. Əsas prioritetlərdən biri iqtisadiyyatın şaxələndirilməsi və bu xüsusda qeyri-neft sektorun inkişafı olmuşdur. Bu dövrdə ölkədə böyük miqyaslı infrastruktur layihələri həyata keçirilmiş, müasir avtomobil yolları, dəmir yolları və hava limanları inşa olunmuşdur. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi qlobal layihələr Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını təmin etmişdir. Bu layihələr Azərbaycanı regionun enerji mərkəzinə çevirməklə yanaşı, ölkənin iqtisadi sabitliyini də möhkəmləndirmişdir. Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalmış, yeni iş yerləri yaradılmış və əhalinin sosial rifahı yüksəlmişdir. Dövlətin biznes mühitini yaxşılaşdırmağa yönələn siyasəti kiçik və orta sahibkarlığın inkişafına təkan vermiş, ölkənin qeyri-neft ixracatı əhəmiyyətli dərəcədə artmışdır.
Cənab İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirmişdir. BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən cənab İlham Əliyev təşkilatın beynəlxalq nüfuzunu artırmış və inkişafına böyük töhfə vermişdir.
Prezident İlham Əliyevin növbəti uğuru BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunmasıdır. COP29 tədbirinin keçirilməsi beynəlxalq arenada qazandığımız növbəti nailiyyət oldu. Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində məhz cənab Prezident İlham Əliyevin böyük dəstəyi olmuş, türk dövlətlərinin inteqrasiyasını təşviq edərək regional əməkdaşlığı gücləndirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Bakıda keçirilən nazirlər iclasındakı çıxışında rəsmi Parisin müstəmləkə siyasətini qeyd etmiş və tarixi soyqırımlarla dolu olan Fransanın işğalı dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirildiyini xatırlatmışdır. Şuşada keçirilən Qlobal media forumunda müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləyən Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə dəstəyin davam edəcəyini bildirmişdir. Ölkə Prezidenti kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini hər zaman nümayiş etdirir.
Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib. O COP29 zamanı kiçik ada dövlətlərinin sammitində XXI əsrdə də müstəmləkə hakimiyyətçilikdən əziyyət çəkən xalqların problemləri diqqətə çatdırılmışdır. Cənab Prezidentin humanist siyasətinin göstəricisidir ki, kiçik ada dövlətlərində ətraf mühitlə bağlı problemlərin həlli məqsədilə Millətlər Birliyi ilə birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayrılmışdır.
İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən infrastruktur layihələri ölkənin iqtisadi gücünü artırmış, sosial rifah sahəsində həyata keçirilən islahatlar isə xalqın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
İnfrastrukturun yenilənməsi və genişləndirilməsi Azərbaycanı regionda nəqliyyat və logistika mərkəzinə çevirmişdir. Müasir avtomobil yolları və magistrallar inşa edilmiş, həm daxili, həm də beynəlxalq əlaqələri asanlaşdıran yol şəbəkəsi qurulmuşdur. Hava nəqliyyatı sahəsində də böyük nailiyyətlər əldə edilmişdir. Yeni hava limanları tikilmiş, mövcud olanlar isə beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Füzuli, Zəngilan və Laçın hava limanlarının istifadəyə verilməsi Azərbaycanın iqtisadi və strateji imkanlarını daha da artırmışdır.
Sosial rifah sahəsində də mühüm addımlar atılmış, sosial siyasət xalqın həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir. Pensiyalar, maaşlar və sosial ödənişlər mütəmadi olaraq artırılmış, aztəminatlı ailələrə dövlət dəstəyi gücləndirilmişdir. Sosial infrastrukturun, o cümlədən xəstəxanaların, məktəblərin və idman obyektlərinin inşası xalqın rifahına birbaşa təsir etmişdir. Bu addımlar sosial ədalətin təmin edilməsinə və ümumilikdə, cəmiyyətin sosial inkişafına töhfə vermişdir. Beləliklə, çoxsaylı nailiyyətlər nəticəsində Azərbaycanın hərtərəfli inkişafı təmin edilmişdir. Prezident İlham Əliyev həm milli, həm də beynəlxalq səviyyədə böyük hörmət qazanmış liderdir. Onun müdrik siyasəti və qətiyyətli addımları Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, dövlətimizin gələcək təhlükəsizliyini təmin edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmışdır.
Pərvanə VƏLİYEVA,
Milli Məclisin üzvü.