Azərbaycan Ordusu sabitlik, sülh, əmin-amanlığın keşiyində duran vacib institutlardan biridir
Lider-media.az müsahibəni təqdim edir.
AzTV-nin əməkdaşı Tofiq Abbasov: Bütün zamanlarda xalqların, toplum və dövlətlərin taleyində ordu və silahlı qüvvələrin əvəzedilməz müstəsna rolu olub. Çünki onlar, ilk növbədə, insanların təhlükəsizliyini və dövlətin ərazi hüdudlarının toxunulmazlığını təmin ediblər. Bu gün də bu qayda öz qüvvəsindədir. Xüsusilə də biz görürük ki, gündən-günə təhdidlərin, risk və təhlükələrin sayı artır. Təbii ki, Azərbaycan Ordusu da bu istiqamətdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
Bildiyimiz kimi, iyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Bu münasibətlə mən və Azərbaycan Dövlət İnformasiya Agentliyindən (AZƏRTAC) həmkarım Abbasəli Yadigarovla birlikdə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovdan xahiş etmişik ki, bizim suallarımızı cavablandırsın. İlk növbədə, Azərbaycan Respublikasının müdafiə nazirinə təşəkkürümüzü bildiririk ki, müsahibə üçün bizə vaxt ayırıb. Cənab nazir, icazə verin söhbətimizin əvvəlində sizi və Silahlı Qüvvələrimizin şəxsi heyətini Milli Ordumuzun yaradılmasının 106-cı ildönümü ilə bağlı təbrik edək. Çünki bu, həqiqətən də bizim dövlətimizin tarixində əlamətdar bir hadisədir. Digər tərəfdən, biz bilirik ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ordumuzun inkişafına, onun günün tələblərinə cavab verməsinə böyük diqqət yetirir. Əlbəttə ki, bu xüsusda çox böyük islahatlar proqramı həyata keçirilir. Mənə elə gəlir ki, söhbətimizin əvvəlində biz 2020-ci ildə əldə etdiyimiz böyük Zəfərə, 2023-cü ildə antiterror tədbirlərinə nəzər salsaq görərik ki, həqiqətən də Azərbaycanın Milli Ordusu bu gün dünyanın ən güclü ordularından biridir. İstərdik ki, bu məsələyə münasibət bildirərək siz həm də Ordumuzun döyüş qabiliyyəti, texniki təchizatı və digər mühüm məsələlər barədə fikirlərinizi bizimlə bölüşəsiniz.
Nazir Zakir Həsənov: Çox sağ olun. Mən də sizi Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik edirəm. İlk növbədə, qeyd etmək istərdim ki, artıq dörd ildir Azərbaycan Ordusu bayramını qalib ordu kimi qeyd edir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bilirsiniz ki, həmin əməliyyatlar vaxtı Azərbaycan əsgəri çox böyük şücaət göstərdi. Ondan sonra - 2023-cü ildə antiterror əməliyyatı zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Fürsətdən istifadə edərək Azərbaycan xalqını, şəhid ailələrini, veteranları, qazilərimizi təbrik etmək istəyirəm. Müzəffər Ali Baş Komandan başda olmaqla Silahlı Qüvvələrin bütün şəxsi heyətini təbrik etmək istəyirəm. Əsgərləri, matrosları, gizirləri, miçmanları, zabitləri, yüksəkrütbəli zabitləri təbrik edirəm, onlara cansağlığı, Azərbaycan naminə xidmətlərində uğurlar arzulayıram.
AzTV-nin əməkdaşı: Əlbəttə, Ordumuzun döyüş hazırlığının həmişə yüksək səviyyədə olması həm də millətə, xalqa, dövlətin hər bir nümayəndəsinə əminlik verir. Çünki insanlar tək bu günün qayğıları ilə yaşamırlar, onlar həm də gələcəyə baxırlar. İstəyirlər ki, onların baxışları həmişə nikbin olsun. Bu baxımdan ölkəmizin müdafiə qabiliyyəti, döyüş qabiliyyətimiz və təhdidlərə duruş gətirə bilməyimiz çox vacib əhəmiyyət kəsb edir. Mənə elə gəlir həqiqətən də bu, təsadüfi deyil ki, indi Amerikada, Avropada müxtəlif ölkələrin ən mütərəqqi hərbi məktəblərində Azərbaycan Ordusunun şücaəti barədə danışılır, onun ənənəsi və təcrübəsi öyrənilir. Bax, bu məsələnin məğzində duran əsas göstərici, əsas amil hansıdır?
Nazir Zakir Həsənov: Siz tamamilə düz qeyd etdiniz ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsi zamanı çox yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuzun apardığı əməliyyatlar, ümumiyyətlə, dünyada hərb elminə yenilik gətirdi. Mən müxtəlif ölkələrə səfərim zamanı görüşlərdə, danışıqlarda görürəm ki, bizə böyük maraq var. Hətta bizim təcrübəmizi öyrənmək üçün çoxlu müraciətlər olur. Biz müttəfiq dövlətlərlə təbii ki, təcrübəmizi bölüşürük və bu istiqamətdə işlər indiyədək davam edir. Bununla yanaşı, mən xüsusi qeyd etmək istəyirəm ki, keçən görüşlərdə də bildirirdim, möhtərəm cənab Prezident Azərbaycan Ordusunda islahatlara başlayanda qarşıya konkret vəzifələr qoymuşdu - müasir, peşəkar ordu qurulsun, ən müasir silah, texnika ilə təchiz edilsin və ordu ən çətin müxtəlif şəraitlərdə döyüş aparmağa qadir olsun. Biz buna nail olduq. Qeyd etmək istəyirəm ki, indiyədək bizim təcrübəmizi öyrənirlər və biz özümüz də əməliyyatlarımızı təhlil edirik. Təhlillər göstərir ki, bizim islahatların əsas istiqamətləri düzgün seçilib. Biz onların bəhrəsini gördük. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, hərb elmi gündən-günə inkişaf edir. Biz bunu dərindən öyrənirik. Biz müharibə vaxtı əldə etdiyimiz təcrübəni də, nöqsanları da öyrənirik. İstifadə etdiyimiz silahları da öyrənirik - onların hansının tətbiqi bizə daha çox fayda gətirdi, hansılar döyüşlərdə özünü çox da yaxşı göstərmədi. Təbii ki, biz nəticələr çıxardıq və onları dəyişdik. Bütün bu təhlillər göstərdi ki, müharibədəki bütün o təcrübənin tətbiqindən sonra artıq antiterror əməliyyatı zamanı qısa müddətdə düşmən darmadağın edildi. Bu antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar, onunla maraqlanırlar. Çox sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əməliyyatları bu gün bütün dünyada dərindən öyrənilir.
AZƏRTAC-ın əməkdaşı: Cənab nazir, antiterror əməliyyatlarından danışmışkən qeyd edim ki, bu əməliyyatlar ətrafında müxtəlif versiyalar səsləndirilir. Bu əməliyyatların planlaşdırılmasının, həyata keçirilməsinin hədəfi nə idi? Təbii ki, hədəf bəlli idi - Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpası. Amma bunu müxtəlif dairələr müxtəlif cür yozurlar. Yəni sizin bununla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.
Nazir Zakir Həsənov: Yaxşı sualdır. Mən də eşidirəm ki, müxtəlif versiyalar səsləndirirlər. İlk növbədə, demək istəyirəm ki, bu əməliyyat kimə qarşı idi. Xatırlayırsınızsa, möhtərəm cənab Prezident çıxışlarında bir neçə dəfə qeyd etmişdir ki, Vətən müharibəsi zamanı Azərbaycanın uğurlu əməliyyatlarından biri Ağdam istiqamətində idi. Ermənistan silahlı qüvvələrinin böyük bir birləşməsi - bizim hesabımızla təxminən 15-18 min nəfərlik şəxsi heyət mühasirəyə düşmüşdü. Biz bu əməliyyatı yekunlaşdırmaq üçün mühasirəyə düşən həmin hərbi birləşmələrin ətrafına toplarımızı, raket sistemlərimizi yığmışdıq və artıq onların zərərsizləşdirilməsi üçün tədbirlərə başlayırdıq. Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri də bu idi. Möhtərəm cənab Prezident insanpərvərlik göstərdi və mühasirəyə düşənlərin məhv edilməsinə imkan vermədi. Ona görə də bax, mühasirəyə düşmüş həmin kontingent üçtərəfli Sazişə əsasən Azərbaycanın ərazisini dərhal tərk etməli idi. Ancaq onlar bunu etmədilər, əksinə, təxribatlara əl atdılar, mövqelərini gücləndirməyə başladılar. Bilirsiniz, möhtərəm cənab Prezident çıxışlarında qeyd edirdi ki, antiterror əməliyyatlarının keçirilməsi üçün səbəblər hansılar idi. Birincisi, bilirsiniz ki, bunlar təxribatlar törədirdilər, qanunsuz seçkilər keçirirdilər. Ermənistan rəsmən bunları təbrik etdi. Bunlar hamısı zəmin yaratdı ki, antiterror əməliyyatı keçirilsin. Bu, birincisi. İkincisi, sual verdiniz ki, bu antiterror əməliyyatının hədəfi kim idi. Xüsusi qeyd etmək istəyirəm, möhtərəm cənab Prezident daim deyir ki, mən yaxşı bilirəm nəyi nə vaxt etmək lazımdır. Cənab Prezident bütün güc strukturlarının rəhbərliyini toplayıb tapşırıq verəndə bir neçə məsələyə xüsusi diqqət yetirirdi. İlk növbədə, Orduya aid təbii olaraq mənə tapşırıq verildi ki, heç bir mülki şəxsə, heç bir mülki obyektə zərbə endirilməsin. Ordu heç bir yaşayış məntəqəsinə daxil olmur. Ordu ancaq və ancaq hərbi birləşmələrə qarşı fəaliyyət göstərir. Digər qurumların rəhbərlərinə - Daxili İşlər Nazirliyinə, xüsusi xidmət orqanlarına, Sərhəd Qoşunlarına tapşırıqlar vermişdi. Qeyd edim ki, bu tapşırıqlar hamısı düzgün verilmişdi. Beynəlxalq qurumların nümayəndələri gəlib bunların hamısını gördülər. Bununla yanaşı, demək istəyirəm ki, hörmətli Birinci vitse-prezident də humanitar məsələlərə çox ciddi fikir verməyi tapşırmışdı və nəzarətdə saxlayırdı. Antiterror əməliyyatından əvvəl, yəni, kütləvi zərbələrdən əvvəl Qarabağ iqtisadi zonasında yaşayan ermənilərə bir saat əvvəlcədən xəbər verilmişdi ki, hərbi obyektlərdən uzaq dursunlar. Görün, Azərbaycan necə humanistlik nümayiş etdirir. Bu da onu göstərdi ki, Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı ancaq və ancaq erməni silahlı qüvvələrinə qarşı idi. Bilirsiniz, bu yaxınlarda özləri də təsdiqlədilər ki, Qarabağ zonasında yerləşən hərbi birləşmələr erməni silahlı qüvvələrinin tabeliyində olan qurumlar idi.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Bu əməliyyatdan sonra biz külli miqdarda silah-sursat, texnika, 100 mindən çox atıcı silah qənimət götürdük. Bu, nə deməkdir? Bu o deməkdir ki, onlar burada səfərbərlik ehtiyatları yaratmışdılar. Bunların planına əsasən, əgər burada müharibə başlayacaqdısa, onlar Ermənistanın səfərbərlik ehtiyatlarını buraya gətirəcəkdilər və buradakı səfərbərlik ehtiyatlarından istifadə edəcəkdilər. Yəni, biz bunların hamısını artıq bildik və tədbirlərimizi gördük. Bununla yanaşı, antiterror əməliyyatı ilə əlaqədar onu da demək istəyirəm ki, bu əməliyyat çox yüksək səviyyədə təşkil olunmuşdu, xüsusilə də şəxsi heyətin qarşılıqlı əlaqəsi planlaşdırılmışdı və həyata keçirilmişdi. Bütün qurumlar - idarəedici qurumlar, qoşun növləri vəzifələrini o qədər düzgün dərk etmişdilər və peşəkarlıqla icra etmişdilər ki, hər yerdə 1 gün deyilir. İndi mən sizə deyəcəyəm Ermənistan silahlı qüvvələri Qarabağ iqtisadi zonasında neçə saata darmadağın olmuşdu. Möhtərəm cənab Prezidentin tapşırığı ilə bütün bu əməliyyatlar təhlil edilmişdi. Ona görə də indi mən antiterror əməliyyatından danışaraq deyəcəyəm ki, Azərbaycan Ordusu necə peşəkarlıq nümayiş etdirib. Hətta dünyanın aparıcı dövlətləri, hərbi qulluqçuları maraqlanırlar və fikirlərini bildirirlər. Təbii, bu sevindirici haldır ki, biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Açığını deyək ki, biz bu Qələbəni Ali Baş Komandanımızın möhkəm iradəsi nəticəsində əldə etdik.
AzTV-nin əməkdaşı: Sizin dedikləriniz bir daha təsdiqləyir ki, Qarabağ bölgəsində mülki əhalini Ermənistanın radikal ünsürləri orduya çevirmək niyyətində idilər və həqiqətən də onların qarşısı alındı. Bunlar çox təhlükəli planlar idi və onlar Azərbaycan xalqına qarşı, əlbəttə ki, genişmiqyaslı əməliyyatlara hazırlaşırdılar. Digər tərəfdən də bütün yolları, kommunikasiyaları minalamışdılar ki, bizim üçün problemlər yaratsınlar. Bu onu göstərir ki, antiterror tədbirləri artıq qaçılmaz idi. Çünki həm də onlar bununla təxribatlara meydan verirdilər.
Nazir Zakir Həsənov: Bəli, mən qeyd etdim, antiterror əməliyyatının başlaması üçün artıq şərait yaranmışdı, onlar bütün təxribatlara əl atırdılar. Siz bilirsiniz ki, onlar ərazini minalayırdılar. Hətta biz minaları beynəlxalq qurumlara təqdim etdik. Bu minalar müharibədən sonra istehsal olunmuşdu. Bununla yanaşı, mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan hərbçilər Ermənistan silahlı qüvvələrinin bir hissəsi idi. Eyni zamanda, təbii ki, onlar yerli əhalidən də istifadə edirdilər. Bunu mətbuatdan da bilirik, onlar özləri də gizlətmirlər. Bir daha vurğulayım ki, antiterror əməliyyatı bir gündən də az davam etdi. Biz saat 13:00-da başladıq, hissə və birləşmələr çox nizamlı şəkildə hərəkət etdilər və Ermənistan birləşmələrinin bütün təminat yollarını dərhal bağladıq, kütləvi zərbələrlə onların bütün hava hücumundan müdafiə, idarəetmə sistemlərini sıradan çıxardıq. Hərbi hissələrin manevr qabiliyyətinin qarşısını aldıq və saat 22:00-da Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi mənə müraciət etdi ki, Ermənistanın Azərbaycan ərazisində yerləşən silahlı birləşmələri təslim olmaq istəyirlər. Ancaq biz bilirdik, görürdük ki, bunlar manevr üçün vaxt udmaq istəyirlər. Düzdür, onların birləşmələrinin 99 faizi artıq 9 saatdan sonra mühasirəyə düşmüşdü. Biz bunu görürdük. Ancaq bəzi qurumlar var idi. Ona görə də biz etiraz etdik, dedik ki, əməliyyat davam edir. Onların hamısını tam şəkildə zərərsizləşdirdik və mühasirəyə götürdük. Səhər saat 9 idi, biz Müdafiə Nazirliyinin üzərinə düşən vəzifələri artıq yerinə yetirmişdik. Təkrar müraciət olanda dedik ki, siyasi rəhbərliyə müraciət etsinlər. Onlar müraciət etdilər, Azərbaycanın şərtlərini qəbul etdilər. Mən Ali Baş Komandana məruzə etdim və saat 10-da artıq biz öz üzərimizə düşən vəzifəni yerinə yetirmişdik. Saat 11 üçün tapşırıq aldım ki, hazırlığa başlayın, saat 12-dən atəşkəs elan olunacaq. Yəni, möhtərəm cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyi, xüsusi xidmət orqanları, Sərhəd Qoşunları hamısı birgə qarşılıqlı əlaqədə bu əməliyyatı qısa müddətdə çox peşəkar səviyyədə həyata keçirdi. Demək istəyirəm ki, biz sonra əməliyyatı dərindən təhlil etdik. Məsələn, cənab Prezident tapşırdı ki, əməliyyatın hər mərhələsini təhlil edin. Necə ki, biz müharibə vaxtı təhlil edirdik, nəticə çıxarırdıq, nöqsanları aradan qaldırırdıq, indi də təhlil edirdik. Məsələn, kütləvi atəş zərbəsi endirirdik, indi torpaqlar azaddır, həmin yerləri bir-bir gəzirdik. Deyim ki, zərbələrin 99 faizindən çoxu hədəfi yüksək dəqiqliklə, nöqtəsinə kimi vurmuşdu. Yəni, biz gördük ki, əgər Vətən müharibəsi vaxtı zərbələrin təqribən 80 faizi dəqiq vurulmuşdusa, artıq bu əməliyyatda onların daha yüksək dəqiqliyinə nail olduq. İndi daha asandır, ərazilər azaddır, gedirsən, baxırsan. Manevr və digər məsələlər düzgün planlaşdırılmışdı, düzgün və vaxtında həyata keçirilmişdi. Yəni, bunlar hamısı bizə bir daha imkan verir deyək ki, əməliyyat yüksək səviyyədə təşkil olunmuşdu və Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi.
AzTV-nin əməkdaşı: Bəlli olduğu kimi, heç yerdə heç bir mülki obyekt dağıdılmadı, mülki vətəndaşlar zərər çəkmədilər. Bu, bir daha hərb tarixinə düşən vacib bir məqamdır ki, onun da arxasında Azərbaycan Ordusunun məharəti dayanır.
Nazir Zakir Həsənov: Sizə bir məsələni də deyim. Əməliyyat vaxtı bir neçə digər əməliyyat da gedirdi. Məsələn, biz nəticə çıxardıq ki, ermənilər hər dəfə ərazini tərk edəndə, ya da belə əməliyyatlar olanda bizim təbii sərvətlərimizi məhv edirdilər - yandırırdılar, talayırdılar, özləri ilə aparırdılar, partladırdılar. Ona görə də İqtisadiyyat Nazirliyi bizim təbii sərvətlərimiz olan böyük müəssisələrin siyahısını təqdim etmişdi ki, onları xilas edək. Məsələn, götürək hərbi polisdən ibarət qruplar yaradılmışdı və onlar əməliyyat vaxtı dərhal hərəkət edərək həmin müəssisələri mühasirəyə götürdülər və onları qoruyub saxladılar, xilas etdilər. Bunun dəyəri milyardlarla dollardır. Yəni, bir neçə belə müəssisə oldu. Bu da onu göstərir ki, bu vəzifələr qarşılıqlı əlaqədə yüksək peşəkarlıqla yerinə yetirildi.
AzTV-nin əməkdaşı: Biz söhbətimizin əvvəlində sizi çox maraqla dinlədik, islahatlar barədə danışdınız. Bu islahatların tərkib hissəsindən biri də yüksək səviyyəli yeni kadrların hazırlanmasıdır. Çünki ordu birləşmələri kompleksləşdirilir, bu da çox vacib amildir, gələcəkdə bizim uğurlarımızı şərtləndirən məqamdır. Bu baxımdan da cənab Prezidentin çox məşhur bir kəlamı var. O deyir ki, ordu nə qədər güclü olsa da, texnika ilə təmin olunsa da, texnologiyaları mənimsəyə bilsə də, amma Qələbəni əldə edən əlində silah olan əsgər və zabitdir. Mənə elə gəlir ki, bizim həqiqətən də islahatlarımızın nəticəsində Ordumuzun fərdi göstəriciləri, şəxsi heyətin bacarıqları da yüksək və müasir tələblər səviyyəsindədir. Necə düşünürsünüz?
Nazir Zakir Həsənov: Bu suala bir az geniş cavab vermək istəyirəm. Mən bunu həmişə deyirəm. Yeni, müasir silah almaq işin 10 faizidir. Burada şərtlər var, bu silahı saxlamaq şərtləri. Məsələn, indi müasir silahları elə şəraitdə saxlamaq lazımdır ki, o, texniki baxımdan döyüşə tam hazır vəziyyətdə olsun. Orada kondisionerlər işləyir və digər məsələlər. Təsəvvür edin, elə raket sistemləri var ki, onların üzərində gündəlik 15 əməliyyat keçirirlər ki, o, döyüş vəziyyətinə daim hazır olsun. Biz gördük ki, 44 günlük Vətən müharibəsində düşmənin bu məsələdə problemləri var idi. Atırdılar, haraya gedirdi bilinmirdi. Yəni ki, digər problemlər də var idi – silahların, sursatların saxlanması prosesi, bunları daim bərpa etmək məsələsi. Cənab Prezident də dediyi kimi, ən vacib məsələ bunlardan istifadə edən insandır. Bunların hazırlanması işin 50 faizidir, şəxsi heyətin hazırlanması da digər 50 faiz. Burada qeyd etməliyik ki, cənab Prezident buna xüsusi diqqət yetirir. Bilirsiniz ki, cənab Prezidentin tapşırığına əsasən biz qardaş Türkiyə Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq edirik. Türkiyə Silahlı Qüvvələri NATO-nun aparıcı ordularından biridir. Biz onların təcrübəsindən bəhrələnirik və tətbiq edirik. Xüsusilə də Milli Müdafiə Universitetinin yaradılması barədə Sərəncam var. Bilirsiniz ki, Milli Müdafiə Universitetinin tərkibində yeni hərbi kolleclərin yaradılması ilə bağlı Prezidentin Sərəncamı oldu. Bu, Azərbaycan Ordusunun peşəkarlığının artırılması istiqamətində böyük addımdır. Hətta gənclərin hərbi peşəyə marağının artırılması üçün orada maliyyə şərtləri çox gözəldir. Yəni, bu istiqamətdə böyük işlər görülür. Biz Naxçıvanda, Bakıda kolleclərin sosial bazasını yaratmışıq. Görürük ki, böyük maraq var. Bu kolleclərdə oxumaq üçün artıq 1000-dən çox müraciət var. Bu kolleclərin fəaliyyəti, ümumiyyətlə, peşəkar kadrların hazırlanmasına yönəlib. Bu, çox önəmlidir. Ümumiyyətlə, mən deyim ki, təhlil etməyə imkanım var. Mən 2013-cü ildə Müdafiə Nazirliyinə təyinat almışam. İndi artıq 10 ildən çox vaxt keçib. Möhtərəm cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Dünyada çox peşəkar ordu sayılır, nüfuzu çox yüksəkdir. Xüsusilə də döyüş təcrübəsi çox yüksəkdir. Haraya gedirsən, aparıcı dövlətlərdə maraqlı suallar verirlər. Ancaq bir suala mən hər zaman cavab vermişəm. Onlar soruşurlar ki, sizin Qələbənizin əsas səbəbi nədir? Mən də deyirəm ki, möhtərəm cənab Prezidentin dəmir iradəsi. Görürsünüz, indi Azərbaycana qarşı necə ikili standartlar var, necə təxribatlar törədirlər, çıxışlar edirlər, yığıncaqlar keçirirlər, xeyri yoxdur. Bax, bu möhkəm iradə Azərbaycana qarşı təxribatların qarşısını alır.
AZƏRTAC-ın əməkdaşı: Azərbaycanın hərbi sahədə beynəlxalq əməkdaşlığından danışaq. Bildiyimiz kimi, Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyə hərbi müttəfiqlər olublar. Bundan sonra keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri, ölkəmizin müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin texniki təchizatına və beynəlxalq nüfuzuna hansı dərəcədə təsir göstərib?
Nazir Zakir Həsənov: Bizim hərbi əməkdaşlığımızda, ilk növbədə, qardaş Türkiyənin adını çəkirik. Siz tamamilə düz buyurdunuz ki, Şuşa Bəyannaməsinə əsasən biz müttəfiqik və iki ordunun inteqrasiyası yüksək səviyyədədir, təkcə təhsildə, təlimdə deyil, bütün sahələrdə. Hətta idarəetmə məntəqələrimiz də bir-biri ilə bağlıdır. Biz birgə fəaliyyət göstəririk. Möhtərəm cənab Prezidentin çox məşhur kəlamı var: “Bir millət, iki dövlət və bir yumruq”. Həm təhsildə, həm təlimdə, həm kadrların hazırlanması istiqaməti üzrə təlim növləri də var. Bilirsiniz ki, həm təcrübə mübadiləsi, bununla yanaşı, hərbi sənaye sahəsində böyük işlər görülür. Bu yaxınlarda cənab Prezidentin qəbul etdiyi qərara əsasən, ən müasir silah və texnikanın, yaxud onların bir hissəsinin Azərbaycanda da istehsalı təşkil olunacaq. Xüsusi qeyd etmək istəyirəm, sevindirici haldır ki, qardaş Türkiyənin hərbi sənayesi çox sürətlə inkişaf edir. Söhbət təkcə “Bayraktar”dan, “Akıncı”lardan getmir, digər məsələlərdə də. Deyim ki, Türkiyənin hərbi sənayesi xüsusilə son illər çox inkişaf edib. Təbii ki, Azərbaycan da bundan bəhrələnir. Bu istiqamətdə işlər sürətlə həyata keçirilir.
AzTV-nin əməkdaşı: Cənab nazir, son illər ərzində görürük ki, Azərbaycanda silahların, hərbi texnologiyanın nümayişi ilə bağlı sərgilər, konfranslar keçirilir və ildən-ilə iştirakçıların sayı artır. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan istehsalı olan silah növləri də artıq işıq üzü görüb və onları da xarici ölkələrin nümayəndələri çox böyük həvəslə həm diqqətdən keçirirlər, həm də bizdən alırlar. Əlbəttə ki, bu, prioritetlər sırasında əsas məqamlardan biridir. Yadınıza gəlirsə, ilin əvvəlində cənab Prezident yerli televiziya kanallarına müsahibəsində dedi ki, biz yeni dövrə qədəm qoyuruq və bu dövrün yeni prioritetləri var. Mən istərdim siz bu məsələyə də münasibət bildirəsiniz: söhbət hansı prioritetlərdən gedir və biz nə dərəcədə onların həllinə yaxınıq?
Nazir Zakir Həsənov: Yaxşı sualdır. Dünyada nə baş verdiyini görürsünüz. Təəssüflər olsun ki, vəziyyət gündən-günə gərginləşir. Müharibələr genişlənir, müharibəyə cəlb olunan dövlətlərin sayı artır və hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür. Biz görürük ki, möhtərəm cənab Prezidentin Müdafiə Sənayesi Nazirliyini yaradanda çox böyük uzaqgörənliyi indi təsdiqini tapır. İndi dünyada sursat almaq üçün növbəyə durmaq lazımdır. Təəssüflər olsun ki, bütün dünya silahlanır. Əgər biz indiki vəziyyətlə beş il bundan qabağı müqayisə etsək, tam fərqli vəziyyət görərik. Ona görə artıq biz bu ərəfəyə hazırlıqlı gəlmişik. Bizim imkanımız var ki, öz tələbatımızı azı 70 faiz təmin edək. Bizim məqsədimiz ondan ibarətdir ki, bunu daha da yüksək səviyyəyə qaldıraq. Burada söhbət atıcı silahlardan gedir. İndi də biz qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək. Mən sizi əmin edim ki, cənab Prezidentin hər bir sözünün arxasında iş durur və bu istiqamətdə də böyük işlər gedir. Azərbaycan qarşısında elə məsələlər qoyulub ki, sevindirici haldır, inşallah, biz ona da nail olacağıq, özümüzü ən müasir silah, texnika və sursatla təmin edəcəyik. Qardaş Türkiyənin imkanlarından istifadə edəcəyik və birgə istehsal həyata keçirəcəyik.
AZƏRTAC-ın əməkdaşı: Cənab nazir, bir məsələ də maraqlıdır. Doğrudur, son dövrlərdə bu məsələnin bir az siyasi tərəfi var. Ermənistan militarizasiya siyasətini davam etdirir. Müxtəlif ölkələrdən müxtəlif çaplı silahlar alır, onların arasında bəzən hücum silahları da olur. Buna qarşı Ordumuzun hazırlığı yeni dövr üçün nə yerdədir? Siz danışdınız, yeni dövrə uyğunlaşdırma, amma həmin silahlara qarşı Azərbaycan Ordusu tərəfindən hər hansı addımların atılması planlaşdırılırmı?
Nazir Zakir Həsənov: Ümumiyyətlə, hər bir dövlətin ordusu daim hazır vəziyyətdə olmalıdır. Biz qonşu dövlətlərdə gedən bütün prosesləri izləyirik. Silahlı qüvvələrin inkişafını, yəni, hansı istiqamətdə silahlanmasını – hamısı ilə maraqlanırıq və öyrənirik. Təbii ki, dost dövlətlərin uğurlarına sevinirik, kimlə problemlərimiz var, onları daha dərindən öyrənirik. Hər bir silahı, onların imkanlarını, bizə hansı problem yarada biləcəyini dərindən öyrənirik və bunların hamısını nəzərə alırıq. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, cənab Prezident çıxışında açıq şəkildə dedi, əgər biz görsək ki, Azərbaycana təhdid var, biz öz tədbirimizi görəcəyik. Dəfələrlə deyib ki, təkcə Ermənistan deyil, heç bir dövlət Azərbaycana hədə-qorxu gələ bilməz, heç bir dövlət Azərbaycanla təhdid dilində danışa bilməz. Azərbaycan güclü dövlətdir, onun güclü rəhbəri və güclü ordusu var. Bu, ilk şərtdir. Bununla yanaşı, əlbəttə, biz istəməzdik ki, Ermənistanda militarizasiya getsin. Otuz il biz bunların hərəkətlərini gördük. Ona görə də təbii ki, biz öz tədbirlərimizi görürük. Ali Baş Komandan bu məsələni ciddi nəzarətdə saxlayır.
AzTV-nin əməkdaşı: Cənab nazir, faktiki olaraq biz görürük ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bizim hərbi büdcəmiz də ilbəil artır. Təbii ki, bu məsələ bəzi qüvvələri qorxudur. Digər tərəfdən, onlar yersiz olaraq Azərbaycanı militarizasiya siyasəti aparmaqda ittiham etməyə cəhdlər göstərirlər. Ancaq biz bütün yersiz qeyd və ittihamları rədd edirik. Çünki Azərbaycan 30 il ərzində kənardan, xaricdən çox böyük təhdidlərlə üz-üzə qaldı, sonra biz işğal dövrünü yaşadıq. Sizcə, bu əsassız ittihamlar nəyə görə səslənir? Onların niyyəti nədən ibarətdir? Özü də bilirlər ki, Azərbaycanın heç bir dövlətə qarşı nə ərazi iddiası var, nə də Ermənistanı çıxmaq şərtilə bizim hansısa dövlətlə mübahisəli vəziyyətimiz var. Bu piar kampaniyalar nəyə hesablanıb?
Nazir Zakir Həsənov: İkili standartlar. Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq. Otuz ildir bizim torpaqlarımızı işğal etmişdilər. Nə oldu? Qərarlar qəbul edirdilər, ancaq bu qərarların arxasında heç nə durmurdu. Torpaqlarımızın 20 faizi işğal olunmuşdu, bir milyondan çox qaçqın və məcburi köçkünümüz var idi. Bunun haqqında heç kim danışmır. Buradan köçən ermənilərə bizim tərəfimizdən bütün şərait yaradıldı. Heç kim onları buradan qovmurdu, ancaq gördünüz ki, onlar özləri də gedəndə sizlərlə - jurnalistlərlə qarşılaşanda deyirdilər ki, heç kim bizi qovmur, buradan sağ-salamat çıxıb gedirik. Hətta yanacaq da vermişdilər ki, gedin, yemək də verirdilər. Buraya BMT-dən iki qrup gəlmişdi, gəldilər gördülər. Mən axı əməliyyat haqqında deyəndə, elə belə demirdim ki, möhtərəm cənab Prezident ciddi tapşırıq vermişdi. Hörmətli Birinci vitse-prezident humanitar məsələləri ciddi nəzarətdə saxlayırdı. Onlar bilirdilər ki, bu ikili standartları bizə qarşı yenə də tətbiq edəcəklər. Ancaq biz tədbirimizi gördük. Nə qədər çalışsalar da, hələ ki, şükürlər olsun, hədəflərinə çata bilmirlər. Yığılırlar, danışırlar, nəsə deyirlər. Möhtərəm cənab Prezidentin möhkəm iradəsi bunun hamısının qarşısını alır. Bununla yanaşı, bəzi böyük dövlətlərin Qafqazda maraqları var. Onlar böyük maraqlarını burada yaşayan xalqların üzərindən həyata keçirmək istəyirlər. Təbii ki, biz buna imkan verməməliyik. İmkan verməməliyik ki, onlar burada yenə də gərginlik yaratsınlar. Buradakı xalqlar illərlə gərginlik içində yaşayıblar. Ona görə də çalışmaq lazımdır ki, sülh olsun, inkişaf olsun və Qafqazdakı bütün xalqlar firavanlıq içərisində yaşasınlar.
AzTV-nin əməkdaşı: Cənab nazir, müsahibəyə görə çox sağ olun. Əlbəttə ki, ölkəmizin dünyada nüfuzu durmadan artır. Ordumuzun da gücü qat-qat artıb. Əminik ki, təhlükəsizliyi, sabitliyi qorumaq iqtidarındayıq. Bu proseslərdə, əlbəttə ki, müttəfiqlər vacib amildir. Amma bir həqiqət var ki, ən etibarlı müttəfiqimiz Azərbaycanın Silahlı Qüvvələridir. Bu gün biz Ordumuzun yaradılmasının 106-cı ildönümünü fərəhlə qeyd edirik. Bu münasibətlə bir daha sizi və sizin simanızda şəxsi heyəti təbrik edirik. Sizə yeni-yeni uğurlar diləyirik. Əlbəttə ki, cənab Prezidentin Orduya olan diqqəti özünü tam şəkildə doğruldur. Biz bir daha göstəririk ki, Azərbaycan Ordusu sabitlik, sülh, əmin-amanlığın keşiyində duran vacib institutlardan biridir.
Nazir Zakir Həsənov: Çox sağ olun, təşəkkür edirəm.