Liderlik Missiyası

2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqa ünvanladığı müraciət müstəqillik tariximizin ən mühüm və taleyüklü məqamlarından biri olaraq yadda qalmışdır. Ulu Öndər cənab İlham Əliyevin yüksək intellektə, praqmatik düşüncəyə, müasir dünya siyasəti və iqtisadiyyatını dərindən anlamasına, enerjili və təşəbbüskar şəxsiyyətinə diqqət çəkmiş, Onu xalqa ən doğru lider seçimi kimi təqdim etmişdir.
2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə cənab İlham Əliyev 76,8 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş və Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində ölkəmizi yeni strateji hədəflərə doğru aparmışdır. Dövlətimizin başçısı siyasi və iqtisadi islahatları davam etdirərək Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirmiş, eyni zamanda, böyük infrastruktur layihələrini uğurla həyata keçirərək ölkənin davamlı inkişafına mühüm təkan vermişdir.
2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ölkə ərazisinin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişlər. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. Cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Zəfər seçkisi Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin sentyabr-noyabr ayları ərzində 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində əldə edilmiş tarixi Qələbənin bir nəticəsi oldu. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması cənab Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində tarixi Zəfərlə sona çatdı.Ötən dövrdə ölkəmizdə həyata keçirilən enerji siyasəti həm daxili, həm də xarici siyasət baxımından mühüm təsirə malik olaraq Azərbaycanın dünya enerji bazarlarında etibarlı tərəfdaşa çevrilməsini təmin etmişdir. Bu sahədə əldə olunan uğurlar, reallaşdırılan strateji yanaşmalar yalnız ölkənin iqtisadi inkişafının əsas dayağını təşkil etməklə kifayətlənməmiş, eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasında da əhəmiyyətli bir vasitə olmuşdur. Ən mühüm nailiyyətlərdən biri ölkənin zəngin karbohidrogen ehtiyatlarının qlobal bazarlara çıxarılması məqsədilə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi olmuşdur. Bunun nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanı enerji təhlükəsizliyinin təminatçısı kimi qlobal arenada tanıtmışdır. Eyni zamanda, Cənub Qaz Dəhlizi Azərbaycanın təbii qazını Avropaya nəql etməklə qitənin enerji təhlükəsizliyinə böyük töhfə vermiş və bu strateji layihə həm də dövlətimizin enerji sahəsindəki mövqeyini gücləndirmişdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm hərbi, həm də diplomatik sahələrdə əhəmiyyətli uğurlar əldə edərək Qarabağ və Şərqi Zəngəzurun işğalını sona çatdırmışdır. 2020-ci ilin Vətən müharibəsi Azərbaycanın gücünü, xalqın iradəsini və milli həmrəyliyini mükəmməl şəkildə nümayiş etdirərək yalnız hərbi sahədə deyil, həm də siyasi və diplomatik cəhətdən əhəmiyyətli bir Qələbə qazandırmışdır. Bu Zəfər müasir dövrün ən əhəmiyyətli hadisələrindən biri olaraq tarixə düşmüş, dövlətimizin strateji mövqeyinin güclənməsinə, regional sabitliyin təmin olunmasına və beynəlxalq aləmdə nüfuzunun artmasına böyük töhfə vermişdir. Həmçinin, bu savaş ölkənin milli təhlükəsizliyinin qorunmasına və suverenliyinin təminatına da mühüm təsir göstərmişdir.
2023-cü ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və konstitusiya quruluşunun bərpası baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Bu əməliyyatlar Ermənistanın uzun illər ərzində Qarabağda yaratdığı qanunsuz silahlı qrupların tamamilə zərərsizləşdirilməsinə və bölgədəki qeyri-qanuni hərbi fəaliyyətlərin aradan qaldırılmasına yönəlmişdir. Qısa müddət ərzində yüksək peşəkarlıqla həyata keçirilən əməliyyatlar nəticəsində separatçı qüvvələr təslim olmuş, qanunsuz silahlı dəstələr tərksilah edilmiş və bölgədə sülh və sabitlik bərpa edilmişdir.
Postmüharibə dövründə uğurla həyata keçirilən Böyük Qayıdış Proqramı Qarabağ və Şərqi Zəngəzurun bərpasını və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək məqsədilə hazırlanmış irimiqyaslı və çoxşaxəli dövlət strategiyasıdır. Bu proqram çərçivəsində həmin bölgələrin təhlükəsizliyinin təmin olunması məqsədilə genişmiqyaslı minatəmizləmə işləri aparılır ki, bu da həm qayıdış prosesinin sürətləndirilməsi, həm də iqtisadi fəaliyyətlərin bərpası üçün həyati əhəmiyyət kəsb edir. Eyni zamanda, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və digər sosial obyektlər inşa olunur, ərazilərdə yüksək keyfiyyətli infrastruktur yaradılaraq sakinlərə müasir yaşayış şəraiti təmin edilir.
Son 21 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal arenada öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirmiş və bu müddət ərzində müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı və nüfuzlu ev sahibi kimi tanınmışdır. Ölkəmiz, xüsusilə 2024-cü ilin dekabr ayında Bakıda təşkil olunmuş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ilə diqqət mərkəzində olmuşdur. Bu prestijli tədbirə ev sahibliyi edərək Azərbaycan yalnız ekoloji sahədəki əldə etdiyi mühüm uğurları nümayiş etdirməklə kifayətlənməyib, həm də qlobal enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələri bir daha dünyaya təqdim etmişdir. COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədəki rolu və müasir dövrün mühüm məsələlərinə verdiyi strateji töhfələrin bariz nümunəsidir.
Dövlətimizin başçısı beynəlxalq əməkdaşlığı daha da gücləndirərək Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini təmin etmişdir. Bu, ölkəmizin inkişafı və dünya arenasındakı mövqeyini daha da möhkəmləndirən əhəmiyyətli bir addım olmuşdur. D-8 inkişaf etməkdə olan ölkələrin birliyini təmsil edən və üzv dövlətlər arasında iqtisadi və ticarət əlaqələrini gücləndirməyə yönəlmiş beynəlxalq bir təşkilatdır. Azərbaycan bu təşkilatla əlaqələrini daha da dərinləşdirərək ticarət, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq imkanlarını genişləndirmiş və bu yolla yeni strateji tərəfdaşlıqlar qurmuşdur. D-8 təşkilatına üzv olmaq Azərbaycanın beynəlxalq münasibətlərdəki rolunu və qlobal inkişafda iştirakını daha da artıracaq, ölkənin gələcək inkişafına mühüm bir təkan verəcəkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regionda deyil, həm də beynəlxalq aləmdə güclü və etibarlı bir tərəfdaş kimi tanınır, bu da ölkənin gələcəkdə daha da uğurlu inkişafı üçün möhkəm və dayanıqlı təməl yaradır. Dövlət başçısının 2003-2024-cü illər ərzindəki yorulmaz fəaliyyəti və strateji rəhbərliyi Azərbaycanın müstəqil, güclü və tərəqqi edən bir dövlət olaraq dünya miqyasında hörmətlə qarşılanmasına və mövqeyinin möhkəmlənməsinə səbəb olmuşdur. Bu illər ərzində əldə olunan nailiyyətlər Azərbaycanın qlobal arenada artan nüfuzunu və beynəlxalq münasibətlərdəki təsirini daha da gücləndirmişdir.

Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-a 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatılmışdır. Nəticə olaraq karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan etdi.
Bütün bu zəfər və nailiyyətlər birmənalı olaraq möhtərəm Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi praqmatik və düşünülmüş, müstəqil daxili və xarici siyasət kursunun möhtəşəm nəticələridir. Bu gün Azərbaycan qlobal arenada mövqeləri getdikcə güclənən, beynəlxalq nüfuzu durmadan artan dövlətdir və bu tendensiyanın növbəti illərdə də Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daha yüksək dinamika ilə davam edəcəyi heç bir şübhə doğurmur.
Lider-Media.az