lider-media.az

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tarix: 23-12-2024, 17:02

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:



1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 101 (Cild I) 1-ci hissəsi ləğv edilsin.

4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2024-cü il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi