Azərbaycanın D-8-ə üzvlüyü: Perspektivlər və Risklər
“İnkişaf etməkdə olan 8-lik” (Developing -8) təşkilatı 30 ilə yaxındır yaranmasına baxmayaraq, bu illər ərzində qarşısına qoyduğu məqsədə böyük ölçüdə çata bilməmişdir. Bunu üzv ölkələrin hər birinin inkişafında bu təşkilatın rolunun digər təşkilat və əməkdaşlıqlarla müqayisədə daha az olması, eyni zamanda üzv ölkələrin bir-birilə olan iqtisadi-siyasi münasibətlərinin mövcud vəziyyəti bu dediklərimi təsdiq edir”.
Lider-media.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Məsələn, bunlardan sadəcə birinə baxaq. Bu təşkilatın ən böyük ölkəsi olan Türkiyənin xarici ticarət dövriyyəsi ötən il 585 milyard dollar olduğu halda bu təşkilatın bütün üzvləri ilə toplam ticarəti heç 50 milyard dollara gəlib çatmayıb. Bir təşkilatın ən böyük dövləti öz ticarət dövriyyəsini 30 il ərzində bu təşkilat daxilində 10%-dən çox artıra bilməyibsə deməli bu təşkilatın inkişafına mane olan problemlər vardır.
Təbii ki, təşkilat yaranarkən məqsəd həm siyasi, həm iqtisadi, texnoloji və digər aspektlərdən birgə inkişafa nail olmaq idi. Düzdür, üzv ölkələri arasında ticarət müqavilələri və gömrük tənzimləmələrini asanlaşdırmağa çalışmış, birgə inkişaf proqramları hazırlanmışdır. Amma bu təşkilata üzv ölkərindən asılı olan və onlardan asılı olmayan bir sıra səbəblərə görə 1997-ci ildə qoyulmuş hədəflədə nail ola bilməmişlər.
Bunlara misal olaraq, üzv ölkələrin iki tərəfli münasibətlərinin kifayət qədər yüksək olmaması, üzv ölklərin bu təşkilatla müqayisədə digər təşkilatlar daxilində fəaliyyətə daha çox üstünlük verməsini və digər səbəbləri göstərmək olar.
Bu ölkələrdən asılı olmayan səbəblər kimi isə, daha çox qlobal təzyiqləri, beynəlxalq sanksiyaları və s. qeyd edə bilərik
Hazırda isə qlobal geosiyasi vəziyyət bu regionda yeni zərurətlər yaratmaqdadır. Bu baxımdan hesab edirəm ki, bu təşkilatın öz hədəflərinə nail olmaq üçün üzv ölkələr yeni fəaliyyət planı hazırlamalı və təşkilatı ən aktiv fazaya keçirməlidir.
Belə bir durumda Azərbaycanın da bu təşkilata üzv olması, təkcə ölkəmiz üçün deyil, elə təşkilatın özü üçün də müsbət dinamika yarada bilər. Çünki Azərbaycanın getdikcə artan nüfuzu hər bir təşkilata yalnız müsbətlər gətirə bilər. Lakin Azərbaycan tərəfi də yəqin ki, tam olaraq bu təşkilata fokuslanmayacaq. Çünki bu təşkilatın perspektivləri ilə bağlı kifayət qədər həm də risklər mövcuddur. Buna görə də Azərbaycan digər istiqamətlərdə olan iqtisadi münasibətlərini aktivliyi qəti şəkildə azaltmadan D-8 daxilində birgə əməkdaşlığın bütün sahələrində yeni imkanlar axtarmalı və bu imkanları ölkənin mənafeyinə uyğun istifadə etməlidir.
Hazırda Türkiyə istisna olmaqla D-8 üzv olan digər 7 ölkə ilə olan ticarət dövriyyəmiz, heç 1 milyard dollar çatmır. Daha dəqiq, cəmi 872 milyon dollardır. Bunların arasında elə ölkə var ki, ümumiyyətlə ticarət dövriyyəmiz heç yarım milyona da çatmır. Odur ki, bu təşkilata üzv olmaq və birgə əməkdaşlıq perspektivlərini doğru qiymətləndirmək, ticarət dövriyyəmizə, o cümlədən ixrac bazarlarının diversifikasiyasına və bir çox digər istiqamətlərdə müsbət təsirlər yarada bilər”.