Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.
Universitetin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, humanitar və sosial elmlər fakültəsinin tarix müəllimi Bilal Dədəyev tədbirdə geniş məruzə ilə çıxış edərək Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafı və dövlət müstəqilliyinin qorunmasında göstərdiyi misilsiz xidmətlərdən danışıb.
B.Dədəyev vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar müasir Azərbaycanın iqtisadi, siyasi və mədəni inkişafının təməlini təşkil edib. Tarixçi qeyd edib ki, Ümummilli Liderin dövlətçilik prinsipləri, milli maraqlara söykənən strateji inkişaf siyasəti və xalqla birliyi Azərbaycanı güclü və müstəqil dövlətə çevirməklə yanaşı, həm də ölkəmizin dünya miqyasında nüfuz qazanmasında mühüm rol oynayıb.
Məruzəçi Heydər Əliyevin təhsil sahəsinin inkişafına xüsusi diqqətini vurğulayaraq bildirib ki, Ulu Öndərin milli birlik ideyası və gənclərə olan qayğısı qüdrətli Azərbaycanın parlaq gələcəyinin təmin edilməsində müstəsna rol oynayıb.
Qeyd edək ki, dahi şəxsiyyətin zəngin irsinin tələbə gənclər arasında təbliğinə Qarabağ Universitetində xüsusi diqqət göstərilir.