Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Elm və ali təhsilin beynəlmiləlləşməsi" mövzusunda tədbir keçirilib
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, müvafiq dövlət qurumlarının, elm və ali təhsil müəssisələrinin rəhbər və nümayəndələri, eləcə də xarici tələbələrin təhsilinin təşkili üzrə məsul əməkdaşları və beynəlxalq tələbələr iştirak edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov elm və ali təhsilin beynəlmiləlləşməsi sahəsində görülən işlərə dair statistik hesabatla çıxış edib.
Tədbirin rəsmi hissəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil almaq hüququ qazanmış xarici tələbələrə təqaüd sertifikatlarının təqdim olunması ilə başa çatıb.
Tədbir "Elmi universitetə necə gətirməli?" və "Ali təhsilin beynəlmiləlləşməsi" mövzuları üzrə panel sessiyalarla davam edib. Sonda beynəlxalq tələbələrlə iş üzrə fərqlənən bir neçə elm və ali təhsil müəssisəsi, eləcə də akademik göstəriciləri, ictimai fəallığı və elmi məqalələrin dərci (doktorantura) sahəsində fərqlənən xarici tələbələr təltif edilib.