Azərbaycanda xarici tələbə sayı rekord səviyyədədir
Məlum olduğu kimi, 2024-2025-ci tədris ili üzrə 47 xarici tələbə “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 36 nəfər Çin Xalq Respublikası vətəndaşı, 5 nəfər Qazaxıstan Respublikası vətəndaşı, 4 nəfər Tacikistan Respublikası vətəndaşı, 1 nəfər Serbiya Respublikası vətəndaşı və 1 nəfər Rumıniya vətəndaşı Azərbaycanda müxtəlif təhsil səviyyələri üzrə təhsil almaq imkanı əldə edib. Bu da ötən ilə nisbətdə 62% (29 nəfər) artım deməkdir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, əcnəbi tələbələr Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat, magistratura və doktorantura səviyyələrində humanitar və sosial, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil alacaqlar.
Ali məktəblərimizdə əcnəbi tələbələr
Hazırda yerli ali təhsil müəssisələrində 130-a yaxın beynəlxalq tələbə HTP çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universitetində təhsil alırlar.
Əcnəbi tələbələr ən çox hansı ixtisas sahələrinə meyil göstərirlər?
Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə humanitar və sosial elmlər, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, təbiət, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisas istiqamətləri üzrə təhsil alırlar. Qeyd olunan ixtisaslar üzrə tibb, humanitar və sosial elmlər, iqtisadiyyat və idarəetmə, təhsil ixtisası istiqamətləri üstünlük təşkil edir.
Əcnəbi tələbələrin Azərbaycanda təhsil almalarına dair dinamika (son illər üzrə)
Son 5 ildə Azərbaycanda beynəlxalq tələbələrin təhsilalma dinamikası yüksələn istiqamətdə inkişaf etmişdir və bu artım 2024-cü ildə rekord səviyyəyə çatıb.
Hər il əcnəbi tələbə qəbulunda nəzərəçarpacaq yüksəliş müşahidə olunub.
- 2018/2019 tədris ili: 6,427 beynəlxalq tələbə
- 2019/2020 tədris ili: 6,615 beynəlxalq tələbə (artım: 2.9%)
- 2020/2021 tədris ili: 6,449 beynəlxalq tələbə (artım: -2.5%)
- 2021/2022 tədris ili: 7,332 beynəlxalq tələbə (artım: 13.7%)
- 2022/2023 tədris ili: 8,819 beynəlxalq tələbə (artım: 20.3%)
- 2023/2024 tədris ili: 9,912beynəlxalq tələbə (artım: 12,41%)
Qeyd edək ki, xüsusən də pandemiya dövründə belə, beynəlxalq tələbələrin artım tempində dayanıqlıq müşahidə olunub. Əlavə olaraq, 2024-2025-ci tədris ili üçün beynəlxalq tələbələrin sayında artım müşahidə olunur. Sözügedən rəqəm ilin sonunda açıqlanacaq.
HTP çərçivəsində xarici universitetlərdə təhsil alan azərbaycanlı tələbələr barədə son statistika: ölkələr və ixtisaslar
Hökumətlərarası müqavilələr çərçivəsində Azərbaycan Respublikası (AR) vətəndaşlarının xaricdə təhsili digər ölkələr tərəfindən vətəndaşlarımız üçün və ya qarşılıqlı olaraq ayrılan təqaüd yerləri üzrə həyata keçirilir. Hazırda Çin, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya, Rusiya, Tacikistan, Türkiyə, Slovakiya kimi ölkələr ilə təhsilin müxtəlif səviyyələrində Hökumətlərarası Təqaüd Proqramı (HTP) mövcuddur.
Cari tədris ilində ümumilikdə 400-ə yaxın Azərbaycan Respublikası vətəndaşı təhsilin müxtəlif səviyyələrində yuxarıda adıçəkilən ölkələrin nüfuzlü ali təhsil müəssisələrində təhsil almaqdadır. Onlar əsasən humanitar və sosial, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji ixtisas istiqamətləri üzrə təhsil alırlar.
Azərbaycan ali təhsil sisteminin cəlbeciliyinin artırılması
Azərbaycan ali təhsil sisteminin cəlbediciliyinin artırılması baxımından Hökumətlərarası Təqaüd Proqramlarının əhəmiyyəti bir neçə mühüm aspektdən ibarətdir.
Birincisi, bu proqram beynəlxalq təhsil mübadiləsini təşviq edərək beynəlxalq tələbələrin Azərbaycanda təhsil almasına imkan yaradır ki, bu da mədəni müxtəlifliyi artırır.
İkincisi, müxtəlif ölkələrdən gələn tələbələrin iştirakının ali təhsil müəssisələrinin akademik standartlarını yüksəltməyə və tədris metodlarının inkişafına müsbət təsir göstərir.
Üçüncüsü, bu proqram maliyyə dəstəyi təmin edərək, ali təhsilin daha geniş kütlə üçün əlçatan olmasını təmin edir, sosial ədaləti artırır. Əlavə olaraq qeyd etmək lazımdır ki, mükafatlandırma və stimullaşdırma mexanizmləri tələbələrin akademik motivasiyasını artırır, innovasiyalara yönəlmələrini dəstəkləyir.
Beləliklə, Hökümətlərarası Təqaüd Proqramları Azərbaycanın beynəlxalq müstəvidə tanınmasına və cəlbedici bir təhsil mərkəzi kimi inkişaf etməsinə töhfə verir. Həmçinin, bu proqramın tətbiqi ali təhsil sisteminin inkişafına və ölkənin beynəlxalq imicinin, yerli ali təhsil müəssisələrinin reytinqlərdə mövqeyinin güclənməsinə mühüm təsir göstərir.
Məlumdur ki, universitetlərimizdə əcnəbi tələbə sayının artması ali təhsil sisteminin rəqabətqabiliyətliliyinin artıran amillərdən biridir. Ali təhsilin məzmununda beynəlxalq komponent Azərbaycan universitetləri üçün də prioritetdir. Məsələ ondadır ki, universitetlərin reytinqi müəyyənləşdirilərkən ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayı da əsas kriteriyalardan hesab olunur. Digər tərəfdən əcnəbi tələbələr gənclərimiz arasında fərqli mədəniyyətlərə inteqrasiyanı və multikulturalizmi təşviq etmək, yeni təcrübənin ölkəmizdə tətbiqi baxımından mühüm rola malikdirlər. Əcnəbi tələbələr əlavə maliyyə mənbəyi olmaqla yanaşı, universitetlərdə mədəniyyətlərin rəngarəngliyi ilə fərqlənən intellektual mühitin yaranmasına yardım göstərir. Müşahidələr göstərir ki, dünyanın ən yaxşı universitetlərinin reytinq sıralamalarında ön yerlərdə olan ali təhsil müəssisələrində əcnəbi tələbə sayı çoxluq təşkil edir.
Qeyd edək ki, Azərbaycanda təhsil xarici ölkə vətəndaşları üçün "Study in Azerbaijan” layihəsi də uğurla icra olunur. Əcnəbilər üçün ali təhsili daha əlçatan edən bu layihə çərçivəsində bütün universitetlərə qəbulun elektron formatı tətbiq edilir. Əcnəbi tələbə sayta daxil olaraq qeydiyyatdan keçir, universitetlərdən birini seçib elektron müraciətini göndərir. Qiymətləndirmə alətlərinə, tələbənin göstəricilərinə uyğun olaraq, universitetlər müraciəti dəyərləndirib cavablandırır.