Şəhidlər ölməz,Vətən bölünməz
Qorxmazlığı və cəsarəti ilə hər kəsə nümunə
2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən anti-terror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizdən biridir Həmid Həmidli. 28 iyul 1996-cı ildə Beyləqan rayonunun Milabad kəndində anadan olub. Cəbrayıl rayonu 21 saylı orta məktəbdə orta təhsilini aldıqdan sonra təhsilini Cəmşid Naxçivanski adına Hərbi liseydə davam etdirib. Liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş, təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş, "kapitan" hərbi rütbəsinə qədər yüksəlmişdir.
Həmid Tovuz döyüşlərində iştirak etmiş, qorxmazlığı və cəsarəti ilə hər kəsə nümunə olmuşdur.44 günlük müharibə zamanı Cəbrayıl, Füzuli, Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib. Həmçinin "İgidliyə görə", "Şücaətə görə", “Vətən Müharibəsi İştirakçısı” və “Cəsur döyüşçü” medallarına da layiq görülüb.
Həmidin anası Fizulidən, atası isə Qubadlıdandı. 13 yaşında evdən çıxıb Naxçıvanski adına hərbi məktəbə gedəndə valideynləri bilirdilər ki, Həmid bu formanı əyninə niyə geyinib. Qubadlını görməsə də, amma filmlərə, lent yazılarına baxanda düşmənə qarşı o qədər dərin nifrəti yaranmışdı ki, deyirmiş ki kaş müharibə başlaya. Həmidin əmisi Əlizamin birinci Qarabağ döyüşlərində-Daşaltıda, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuşdu.
2017-ci ildə N saylı hərbi hissədə taqım, 6 ay sonra xidmətdə fərqləndiyinə görə Həmid tank bölüyünün komandiri təyin edilir. 2019-cu ildə ən yaxşı tank bölük komandiri, həmçinin bölüyü də Azərbaycan Silahlı Qüvvələrinin ən yaxşı tank bölüyü seçilir. Həmid 2020-sentyabrın 27-də Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edir. Oktyabrın 8-də tankda ağır şəkildə yaralanır. Tankı raketlə vurulur. Amma Həmid və 3 heyət üzvü ağır yanıq yaraları ilə tankdan çıxır.
Həmid o vaxt döyüşləri belə xatırlayırdı: “Bundan əvvəl də texnikada vurulmuşdum, amma tankımı da döyüş meydanından çıxarmışdım. Mən həmişə döyüşə öndə, birinci gedirəm ki, əsgərlərimi ruhlandırım, piyadaların yanında tank olanda onlar daha ürəkli olurlar. Mən komandir idim, öndə olmalıydım. Aprel döyüşlərindən sonra ermənilərin ən çox qorxduğu bizim tanklarımız idi. Çünki, onlara ən çox zərbəni də bizim tanklarımız vurmuşdu. Ona görə çoxlu sayda tankı aradan çıxarmaq üçün tədbirlər görmüşdülər, minalar basdırmışdılar. Şəxsən mən Füzuli uğrunda döyüşlərdə öz tankımla Rüzgar dağı adlanan yüksəklikdə düşmənin 100-dən artıq şəxsi heyətini məhv etmişəm. Gecə saat 3-dən səhərə qədər tək döyüşdüm, mərmim bitənə qədər. Bir tankda 39 ədəd mərmi olur. Ən yaxşı günüm bu idi. Piyadalarımızın ümidi mənim texnikama idi. Döyüşün ikinci günü idi. İlk mərmini atdım, bölüyüm ön xətti yardı, onların 30 illik ön xəttini yardıq, getdik strateji əhəmiyyətli Rüzgar dağına. Biz yüksəkliyi aldq və əldə qorumaq üçün səhərə qədər çalışdıq. Sonra Hadrut istiqamətində 1 Maz, 1 BNB və bir tankını məhv etdim. Bu mənə ruh yüksəkliyi verirdi, qorxu yada düşmürdü. Səmimi deyim ki, döyüş müddətində ikinci maşın kimi getməyi qəbul etməmişəm, mən komandir idim, qabaqda getməliydim. Bu elə bir yol idi ki, bunun pis sonluğu yox idi. Ya qalib olurduq, ya qazi, ya şəhid. Allahı bilən bir bəndə üçün şəhadətdən şirin heç nə ola bilməz. Ona görə, ölüm gözümə görünmürdü, ancaq düşünürdüm ki, bacardıqca düşmənə çox itki verim.
Mən həmişə deyirdim ki, kaş savaş başlayaydı, bu müharibədə mən döyüşərdim, oğluma qalmayaydı bu müharibə. Oğlum hərbiçi olsun, istəyərəm vətəni qorusun. Şəhid olacamsa mən olum, amma övladıma qalmasın”.
Həmid şəhidlik arzsuna 2023-cü ilin sentyabrın 19-da çatır. Uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olur. Beyləqan rayonu Milabad qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Silahlı Qüvvələrin hərbi qulluqçusu Həmidli Həmid Əlisahib oğlu Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Şəhid Kapitan Həmidli Həmid Beyləqan rayonu Milabad qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir.
Şəhid Həmid Həmidlinin timsalında bizə Qələbə sevincini yaşadan, vətənin müstəqilliyi və istiqlaliyyəti, xalqının rifahı uğrundan canından keçərək şəhidlik zirvəsinə çatan bütün qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik!