lider-media.az

Kəlbəcərin Vətən Müharibəsi şəhidləri

Baxış: 32 Tarix: 25-11-2024, 10:12

   Abdullayev Rasim Yaqub oğlu (Tibb xidməti Polkovnik-leytenantı)         

                                                                                                                          21 fevral 1975-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2000-ci ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin tibb xidmətində hərbi tibb qulluqçusu olaraq vəzifəsinə başlamışdır.
İlk xidməti 2000-ci ildə Əhmədbəyli hospitalında olmuşdur. 2010-cu ildə Müdafiə nazirinin müvafiq əmrinə əsasən "Qüsursuz xidmətə görə 3-cü dərəcəli" medalı və  2015-ci ildə  isə "Qüsursuz xidmətə görə 2-ci dərəcəli" medalı ilə təltif edilmişdir. 2015-ci ildən 2016-cı ilin sonunadək Gəncədə yerləşən hərbi poliklinikada rəis vəzifəsində çalışmışdır.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər zamanı qızğın nöqtələrdə yaralı zabitlərə yerindəcə tibbi yardım göstərmişdir. Bu xidmətlərdən sonra 2016-cı ilin sonları, 2017-ci ilin əvvəlləri onun iş yeri dəyişdirilmiş və Rasim Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin əvvəllərinə qədər bu vəzifəni yerinə yetirən Rasim Abdullayev son vəzifəsinə — Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində tibb bölüyünün komandiri vəzifəsinə təyin olunmuş və Vətən müharibəsi başlayana qədər bu vəzifəni yerinə yetirmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur. Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir. Qarabağ münaqişəsi tarixinə münaqişəyə son qoyan Vətən müharibəsi kimi yazılan bu hərbi əməliyyatları zamanı polkovnik-leytenant Rasim Abdullayev "N" saylı hərbi hissənin tibb bölüyünün komandiri idi. O, Hadrut istiqamətində gedən döyüşlərin ən qızğın nöqtələrində qalmış yaralılara yerindəcə tibbi yardım göstərmiş və şəhid olduğu günə, yəni Vətən müharibəsinin son gününə qədər 100-dən çox yaralıya döyüş meydanındaca tibbi yardım göstərmişdi. Rasim Abdullayevə 10 noyabr 2020-ci ildə müharibənin son dəqiqələri, üçtərəfli bəyanat imzalanandan bir müddət əvvəl Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı Komandanlıq tərəfindən tapşırıq gəlir. Rasim Abdullayev öz istəyi ilə və bu tapşırığa əsasən hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxır. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində, Şuşaya az qalmış Abdullayevin maşını pusquya düşür. Bu zaman açılan atəşlərdən yaralanan Rasim Abdullayev şəhid olmuşdur. Bakı şəhəri II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

                                                 

    Cəfərov Zaur Hüseyn oğlu  (Polkovnik-leytenant)                                                                                    

4 mart 1980-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. İbtidai təhsilinə 1986-ci il indiki şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlamışdır. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində indi şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurmuşdur. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil almışdır. 2001-ci ildə ali hərbi məktəbi bitirərək həmin il Müdafiə Nazirliyinin əmrinə əsasən leytenant rütbəsi ilə bitirib. Leytenant Zaur Cəfərova Dövlət Attestasiya Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə "raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı" ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 01.10.2001-ci il tarixindən 28.07.2002-ci il tarixinə kimi fəaliyyət göstərən zabit ixtisas kursundan keçmişdir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 12.05.2003-cü il tarixindən 25.06.2003-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya batareya komandiri kursunu, 14.11.2005-ci il tarixindən 17.12.2005-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini kursunu, 01.09.2008-ci il tarixindən 11.10.2008-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun qərargah rəisi - divizion komandirinin müavini kursunu, 03.02.2014-cü il tarixindən 15.03.2014-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun komandiri kursunu müvəffəqiyyətlə bitirmişdir.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0109t №-li 26 iyun 2008-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı,  "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə, 26 iyun 2014-cü il tarixli 0199t №-li əmri ilə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə və 0204t №-li əmri ilə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalları ilə təltif olunmuşdur.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər  zamanı Zaur Cəfərov  yaxından iştirak edirdi. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 087t №-li 12 may 2016-cı il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının İxtisaslaşdırılmış Elmi Şurasının 16 iyun 2016-cı il tarixli qərarı ilə "hərbi və dövlət müdafiəsini idarəetmə" ixtisasının "hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir. Təhsilini bitirdikdən sonra ona polkovnik-leytenant rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı və  "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə 2020-ci il 25 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutulması zamanı Zaur Cəfərov "N" saylı hərbi hissənin qərargah rəisi idi və döyüşlərdə yaxından iştirak edirdi.
Z.Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. Oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən minaya düşərək şəhid olmuşdur. Zaur Cəfərov 19.10.2020-ci il tarixdə Bakı şəhəri II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

                                                                             

   Azər Əmrah oğlu Mikayılov

                                                                             

1 avqust 1980 ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Mikayılovlar ailəsi Goranboy rayonunda yaşamağa başlayıblar. 1997-ci ildə orta təhsilini bitirdikdən sonra 1998-2002-ci illərdə Ali Hərbi Məktəbdə təhsil aldı. 2002-2003-cü illərdə təhsilini Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində davam etdirib leytenant hərbi rütbəsinə layiq görülüb. Daha sonra xidmətini Naxçıvan MR-nın N saylı hərbi hissəsində xidmətini kəşfiyyatçı kimi davam etdirib.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Füzuli, Lələtəpə istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Azər Mikayılov əməliyyatlarda yaxından iştirak edirdi.O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində yaxından iştirak etmişdir. A.Mikayılov Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və oktyabr ayının 12-də qəhrəmancasına  şəhid olmuşdur. Ailəli idi. 12 oktyabr 2020-ci ildə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra ona Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq Sərəncamına əsasən "Qarabağ" ordeni,  “Vətən uğrunda” və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 Lider-Media.az

                                                               A


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi