lider-media.az

YENİDƏN QURULAN XOCALIYA QAYIDIRIQ

Tarix: 13-03-2024, 22:27

     “…Sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq”. Bu fikirləri fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlqoyma mərasimində, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

     İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsidə Xocalının bir neçə kəndini düşməndən azad etdi. Silahlı qüvvələrimizin   qəhrəmanlıq salnaməsi 2023-cü il sentyabr ayının19-20-də antiterror tədbirləri zamanı Xocalının və bütün kəndlərinin tam işğaldan azad olunması ilə yekunlaşdı.

     Bəli, artıq böyük qürur hissi ilə deyə bilərik ki, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. İşğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilib, erməni vandalları tərəfindən qətlə yetirilmiş günahsız soydaşlarımıızın qanı yerdə qalmayıb.

      Bu gün Xocalı işğaldan azad olunmuş digər ərazilərimiz kimi əzəmətli tikinti meydançasını xatırladır. Bir vaxt bu torpaqlarda  böyük soyqırım acısını yaşamış xocalıları “tökülən qanınızın qisası alındı”- deyib, yenidən ən gözəl görkəmində qarşılamağa hazırlaşır sanki Xocalı.

     Bir zamanlar məhv olan arzular indi çiçək açıb, ümidlər doğmağa başlayıb. Bu şəhərin əzəli sakinləri yenidən evlərinin işıqlarını  yandıracaqlar. Bu məqsədlə artıq Xocalıda yüksək sürətlə tikinti, abadlıq, quruculuq işləri gedir.  

    Hazırda Xocalıda 253 mənzilin tikintisi davam edir. İlk sakinlərin köçməsi ilə əlaqədar şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Bu ilin sentyabrından isə Xocalı məktəbində tədris başlayacaq. Hazırda məktəbdə son tamamlama işləri görülür.

     Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Şəhər ərazisində biri beşmərtəbəli, digərləri 2-3 mərtəbəli olmaqla 110 mənzillik binalar da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri bitmək üzrədir. Onu da qeyd edək ki, quruculuq prosesinə yerli sakinlər də cəlb ediliblər.

     Xocalının Malıbəyli kəndi də yenidən qurulur. Hazırda burada 123 fərdi yaşayış evində iş aparılır. Malıbəylidəki məşhur “Üçbulaq” ərazisi də abadlaşdırılır. Bulağın ətrafında yeni park salınması da planlaşdırılıb.

      Xocalıda, Malıbəylidə çalışan mütəxəssislərin sözlərinə görə, burada heç vaxt kanalizasiya xətti olmayıb. Odur ki,yeni mənbələr təyin olunur, anbarlar tikilir,su xətləri yenidən çəkilir.

     Malıbəylinin bərpasında iştirak edənlərin təqribən 60 faizi elə bu kəndin sakinləridir. Buradakı yeni şəhərcikdə isə müasir tələblərə cavab verən beşmərtəbəli binalar inşa edilir.  Eyni zamanda fərdi evlər də bərpa edilib, qaz, işıq və su ilə təchiz olunduqdan sonra  sakinlərə təhvil veriləcək. Kənddəki məscidin bərpası istiqamətində də işlər görülür. Beləliklə, bu il sakinlərin kəndə köçü planlaşdırılır.

     Xocalıya qayıdırıq! Taleyin acı sınağından çıxmış xocalılar üçün bu kəlməni söyləmək olduqca qürurvericidir. Dövlət başçısının dediyi kimi, bu ilin sonunadək soydaşlarımızın qayıdacaqları beş rayondan biri də məhz Xocalı olacaq. O yerlərin dogma sakinləri qəribsəmiş torpaqlara böyük qürur hissilə qədəm qoyacaq, əbədi dalğalanan üçrəngli bayrağımıızın altında qurub-yaradacaq və qalib ölkənin vətəndaşları kimi bütün dünyaya söyləyəcəklər: Biz qayıtmışıq!..

Lider-media.az

                                                            



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi