lider-media.az

XOCALI SOYQIRIMI QURBANLARININ QİSASI ALINDI

Tarix: 26-02-2024, 09:45

     Müharibə bəşəriyyətin ən ağır xəstəliyi, soyqırım isə  sağalmayan yarasıdır. Müharibələr,  ölüm-itim, fəlakət, dağıntı və  faciələrlə yadda qalır,  yaraları dərin və sağalmaz iz buraxır. Tariximizin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onun dəhşətləri zaman keçdikcə üzə çıxır, yaraları qövr edir, sağalmasına ümid qalmır. Elə Xocalı faciəsi kimi!

     XX yüzillikdə ermənilərin Osmanlı İmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb oldu. Bu torpaqların onlara məxsusluğunu iddia edən ermənilər əslində “Dənizdən-dənizə böyük Ermənistan” planını həyata keçirmək istəyir, öz istəklərinə nail olmaq üçün yollar axtarırdılar. Məkrli erməni niyyəti bax bu idi.  

       Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəf kimi Xocalını seçməsi heç də təsadüfi deyildi, çünki, bu şəhəri hədəfə almaqda əsas məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə, dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların başlıca məqsədi keçmiş Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Və beləcə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törətməklə onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə xalqımız daha bir faciə yaşamış oldu.

     Qeyd edək ki, Xocalı öz tarixində bir neçə dəfə belə faciə yaşamış, soyqırımlarına uğramışdı.  Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən  qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırdı. Əsrlərdən bəri erməni mənfurlarının başımıza açmadığı oyun qalmadı. 1905-ci ildə də qanlar töküldü. 1918-ci ildə də həmin dəhşətləri yaşadıq. 1948-1953-cü ildə Qərbi azərbaycanlıların deportasiyası, 1988-ci ildə bu prosesin başa çatması isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir.  

         Nəhayət 28 illik ağrıya son qoyularaq mənfur düşmənin cavabı layiqincə verildi. İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər, Ali Baş Komandanın rəhbərliyi ilə  rəşadətli Azərbaycan Ordusu  böyük sücaət göstərərək 44 günlük Vətən müharibəsi zamanı Xocalının  bir neçə kəndinin düşməndən azad edilməsi ilə başlayan qəhrəmanlıq salnaməsi 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri zamanı Xocalının və bütün kəndlərinin tam işğaldan azad olunması ilə yekunlaşdı.  

     Əməliyyatlar zamanı bir çox Xocalı qatilləri Vaqif Xaçatryan, Raşid Beqlaryan və Mədət Babayan 31 il sonra ədalət məhkəməzsi qarşıısında dayandılar.

     Lakin Qarabağ separatçılarının liderləri, Xocalı soyqrımının əsas memarları Robert Koçaryan, Ser Sarkisyan və Seyran Ohanyan məsuliyyətdən yayındıqlarını düşünsələr də, onların da insanlıq cinayətlərinə görə cavab verəcəyi gün uzaqda deyil.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           

       Bəli, bu gün böyük qürur hissi ilə deyə bilərik ki, artıq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub, işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilib, erməni vandalları tərəfindən qətlə yetirilmiş günahsız soydaşlarımızın qanı yerdə qalmayıb.

     Buna baxmayaraq Xocalı faciəsinin dünyada soyqırım kimi tanınmasında və haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasında öz mübarizəmizi yorulmadan davam etdirməliyik.

     Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq aparılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınmasında mühüm rol oynayır. Xocalı soyqırımı hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və ictimaiyyətə çatdırılır. Artıq 14 ölkənin parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirib. ABŞ-ın 22 ştatı Xocalı soyqırımını rəsmi tanınması ilə bağlı sənəd qəbul edib.

     Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasətinin, eləcə də Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir. Ümummilli Lider Heydər Əliyev bu hadisə ilə bağlı demişdi: “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”.

     Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı soyqırımı və bütövlükdə ermənilərin keçmiş Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə və gələcək nəsillərə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.

Digər tərəfdən, faciənin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması, insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir.

 

         


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi