lider-media.az

   Qələbə xəbərini gözləyirdi

Tarix: 6-12-2024, 10:49

                      

Vətənin bütövlüyü uğrunda canından keçənlərdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri Allahverdi Ələkbərovdur. 2017-ci ildən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı gizir vəzifəsində xidmət edib.

Ucarda anadan olub. 1994-2005-ci illərdə Ucar şəhəri 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə  Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində gizir kimi təkmilləşdirmə kursunu keçərək Azərbaycan Ordusunda xidmətə başlayıb. 2017-ci ildə müvafiq kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı gizir vəzifəsində xidmət edib.

Allahverdi sentyabrın 27-də başlayan Vətən Müharibəsində Suqovuşan kəndinin, Füzuli rayonunun və Hadrutun işğaldan azad olunmasında iştirak edib, döyüşlərdə öz qəhrəmanlığı və qətiyyəti ilə fərqlənib. Ermənilərin canlı qüvvəsini məhv edən bölük komandiri Qubadlı uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşını xilas etmək istəyərkən düşmən tərəfindən snayperlə vurulub və ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, noyabrın 11-də Mingəçevir şəhər hərbi hospitalında dünyasını dəyişib və Ucar rayon Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Allahverdi Ələkbərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə"  medalları ilə təltif edilib.

Anası Allahverdini atasız böyüdüb. Aybəniz Abdullayevanın xatirələrindən: Çox tərbiyəli, mehriban uşaq idi, hərb sənətini də könüllü olaraq seçib. Füzuli, Cəbrayıl, Zəngilanın alınmasında iştirak edib. Adını “ermənilərin qənimi” qoyubmuşlar. Döyüş yoldaşları deyir ki, Allahverdi nə zaman qabağa getsə, o günü işimiz əla alınırdı”.

Döyüşlər vaxtı tez-tez əlaqə saxlayan Allahverdi anası ilə axırıncı dəfə müharibənin 18-ci günü danışıb. Bir neçə yerindən yaralanmışdı. 11 gün komada qalandan sonra ayılıb”. Bacısı Ayşən Allahverdini mehriban, qayğıkeş qardaş kimi xatırlayır. Qardaşı həmişə ona “dualarını məndən əsirgəmə, hər şey yaxşı olacaq” desə də, indi özünü çox yalnız hesab edir: “Atasız böyüdüyümüzə görə həm atam idi, həm də qardaşım. Onun itkisi mənə çox təsir elədi. Başımı həmişə dik tutacam, çünki mənim igid, qorxmaz bir qardaşım olub”.

Şəhidin həyat yoldaşı Aydan xanım: Allahverdi həmişə vətəni birinci ailəsi hesab edirdi. Müharibə başlamamışdan 2-3 gün əvvəl evə onları görməyə gəlib: “Şəklini verdi, dedi əgər mənə nəsə olsa, şəhid olsam, mənim başdaşıma bu şəkli vurarsınız. Dedi, heç vaxt başına qara yaylıq bağlama”.

Müharibənin 21-ci günü evə zəng edib, deyib ki, yaralanmışam, amma narahat olmayın, yanıma gələrsiniz: “Komadan ayıldıqdan sonra mesaj yazıb uşaqları soruşurdu. Qələbə günü mesaj yazdı ki, bu gün əsl bayramdır. Həmin gün əməliyyat oldu. Sanki qələbə xəbərini gözləyirdi, bu xəbəri aldıqdan sonra şəhid oldu”.

Allahverdi Ələkbərovun iki oğlu, bir qızı Vətənə əmanətdir. Onun arzusu oğlanlarının hərbçi olması imiş, ona görə də də onları idmana yazdırıb.Oğlu Əlhüseyn Ələkbərov: Mən atamın yolunu davam etdirəcəyəm. Atam igid olub, mən onunla fəxr edirəm. Qızı da atası ilə fəxr edir, “atamın istəyini yerinə yetirib, böyüyəndə həkim olacağam” deyir.

Allahverdi Ələkbərovun döyüş və kurs yoldaşları da onun haqqında qürurla danışırlar. Döyüş yoldaşı Elmir Dərgahov onu vətənpərvər biri kimi xatırlayır, ən böyük arzusunun şəhid olmaq olduğunu deyir: “O, kurs yoldaşları arasında mehribanlıq yaradıb, pis və yaxşı gündə yanımızda olub. Vətəninə, xalqına həmişə can yandırıb. Vətən uğrunda döyüşərək şəhid olmaq istəyib. O da qismət oldu. Allah rəhmət eləsin!”

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi