lider-media.az

Qazaxısan Prezidentinin Azərbaycana dövlət səfəri xarici mətbuatda da geniş şəkildə işıqlandırılıb

Tarix: 13-03-2024, 13:50

Qazaxısan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri xarici mətbuatda da geniş şəkildə işıqlandırılıb.

“Kazinform” İnformasiya Agentliyi (rus dilində), habelə “The Astana times” (ingilis dilində), “The times of Central Asia” (ingilis dilində), “Nova news” (italyan dilində) saytları və digər media qurumları səfər haqqında geniş materiallar dərc ediblər.

Materiallarda qeyd olunub ki, Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi yenidən və böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Nəzərə çatdırılıb ki, prezidentlər Ali Dövlətlərarası Şuranın birinci iclasında iştirak ediblər. İclasda tranzit yükdaşımalar və Qazaxıstanda hasil olunan neftin Xəzər dənizi vasitəsi ilə Azərbaycan üzərindən ixrac olunması məsələləri diqqətdə saxlanılıb.

Martın 11-də hər iki prezident videobağlantı vasitəsi ilə Çinin Sian şəhərinin Qazaxıstan-Çin terminalından Bakının Abşeron stansiyasına gələn konteyner qatarının gəlişi mərasimini izləyiblər.

Qeyd olunub ki, konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir. Altmış bir konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb. Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib. İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.

Qarşılama mərasimində prezident Kasım-Jomart Tokayev bildirib ki, geosiyasi gərginliklərə baxmayaraq yeni nəqliyyat strukturunun yaranması Qazaxıstan ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin səmərəsini daha da artırır. Bu marşrut strateji xarakter daşıyır və olduqca əhəmiyyətlidir. “Biz Xəzər dənizinin dibi ilə optik-lif rabitə xəttinin də çəkilməsi məsələsini müzakirə etmişik” - deyən Qazaxıstan Prezidenti gələcəkdə birgə yeni iqtisadi layihələrin də həyata keçiriləcəyini vurğulayıb.

Materiallarda Prezident İlham Əliyevin də çıxışına geniş yer ayrılıb. Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, ikitərəfli əməkdaşlığıq həm TransXəzər nəqliyyat marşrutu, həm də Orta Dəhliz layihələrinin həyata keçirilməsi çərçivəsində çoxtərəfli əməkdaşlığın bir hissəsidir.

Qeyd edilib ki, Xəzər dənizi Qazaxıstan ilə Azərbaycanı ayırmır, əksinə, iki dövlətin yaxınlaşması üçün körpü rolunu oynayır.

Dərc olunan materiallarda göstərilib ki, 2023-cü ildə tranzit yükdaşımaların həcmi 65 faiz artıb və 4,2 milyon tona çatıb. Ötən ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında yükdaşımalar 2,5 dəfə artıb. Çindən konteyner daşınması isə 3 dəfə artıb.

Vurğulanıb ki, səfər çərçivəsində Qazaxıstanın “KazMunayQaz” və Azərbaycanın SOCAR neft şirkətləri arasında Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlinin həcminin 2,2 milyon tona çatdırılması barədə Saziş imzalanıb.

Saytlar Qazaxıstan Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə işğaldan azad olunmuş Füzuli şəhərinə səfərini xüsusi vurğulayıb. Prezidentlər yenidən qurulan şəhərin Baş planı ilə tanış olublar. Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1 943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq.

Nəzərə çatdırılıb ki, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi füzulililər üçün unudulmaz hədiyyə olmaqla yanaşı, ölkələrimizin dostluğunun göstəricisidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi