Dollar BRİCS valyutasına məğlub olacaq? İqtisadçıdan İLGİNC açıqlama
“Donald Trump-ın BRİCS ölkələrinin dolları əvəz edəcək yeni valyuta yaratmağa cəsarət edərlərsə, 100% tariflərlə üzləşəcəyi ilə bağlı səsləndirdiyi fikirlər tam mənasız idi.
Çünki, ilk baxışdan bu fikirlər ABŞ-ın qlobal iqtisadi təsirini qorumağa yönələn mövqeyi əks etdirsə də əks effekti daha çox ola bilər”.
Lider-media.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Bu, onun proteksionist siyasətinə və qlobal ticarətdə ABŞ-ın mövqeyini gücləndirmək məqsədinə uyğun olsa da, hazırda belə çıxışa ehtiyac yox idi.
Ona görə ki, BRİCS ölkələrinin maliyyə infrastrukturunun məhdudiyyətləri və qrup daxilindəki siyasi-iqtisadi fərqlər və münasibətlərdə olan gərginliklər onsuz da dolları əvəz edəcək valyuta ideyasını həyata keçirilməsinə imkan verə bilməz. Hətta sonuncu dəfə V.Putin belə bunu dolayı etiraf etmişdi.
Lakin belə bir vəziyyətdə Trumpın sərt siyasi fikirləri bu istiqamətdə BRICS ölkələrini daha sürətli addımlar atmağa təşviq edə bilər.
Digər bir tərəfdən bu Trampın dollara tam güvənə bilməməsinə bir işarə kimi qəbul edilə bilər. Bu isə ABŞ-ın iqtisadi münasibətlərini daha da mürəkkəbləşdirə bilər və qlobal ticarətdə tarazlığı dəyişdirə bilər”.