Noyabrın 28-də Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 4-cü iclası keçirilib.
Agentlikdən verilən məlumata görə, iclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2024-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq 5 ali təhsil müəssisəsində (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti və Gəncə Dövlət Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış yekun hesabatlar təqdim edilib.
Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb.
Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi isə “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il müddətinə uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.
Yekunlaşan akkreditasiya prosesinin davamı olaraq ali təhsil müəssisələrinin verilən tövsiyələrin icrasına dair növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və Agentliyə təqdim etməsi nəzərdə tutulur.