Bakı metropolitenində media nümayəndələri üçün brifinq keçirilib
“Həzi Aslanov” stansiyasında başlanacaq əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar media nümayəndələri üçün brifinq təşkil edilib. “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov stansiyada təmiri zəruri edən amillər, görüləcək işlərin mərhələləri barədə ətraflı məlumat təqdim edib. O bildirib ki, təmirin birinci mərhələsi stansiya dalanında aparılacaq. Bu səbəbdən qatarların hərəkəti “Həzi Aslanov” və “Əhmədli” stansiyaları arasında məkik olmaqla o baş-bu baş prinsipi ilə təşkil olunacaq. İki stansiya arasında qatarlar 10 dəqiqəlik intervalla hərəkət edəcək.
Daha sonra Hidayət Məmmədov jurnalistlərin suallarını cavablandırıb, COP29 dövründə Bakı metropoliteninin iş rejimi, təhlükəsizlik tədbirləri, qurumlarla səmərəli və qarşılıqlı əməkdaşlıq barədə ətraflı danışıb.
O, “Cəfər Cabbarlı” stansiyasının bir yolunda da işlərin gedişi barədə məlumat verərkən qeyd edib ki, stansiyada yenidənqurma tədbirləri son mərhələsindədir. Bu mərhələdə yalnız tavan örtüyünün qurulması və infrastrukturda yeni texnologiyaların tətbiqinin yekun tədbirləri görüləcək. Hidayət Məmmədov 2025-ci ildə Bakı metropoliteninə hər biri 5 vaqondan, ümumilikdə, 20 vaqondan ibarət 4 yeni qatarın gətiriləcəyini də jurnalistlərin diqqətinə çatdırıb. Qış mövsümünə hazırlıqla əlaqədar Hidayət Məmmədov Bakı metropolitenində bütün hazırlıqların yekunlaşdığını və stansiyaların zəruri qum və duz ehtiyatı ilə təmin edildiyini bildirib. Açıq hava şəraitində yerləşən bütün infrastrukturun sağlam şəraitdə və maneəsiz hərəkətini təmin etmək üçün üfürücü qurğuların hər biri hazır vəziyyətə gətirilib, işçi heyətinin hazırlığı yekunlaşdırılıb.
Daha sonra jurnalistlərin fərdi qaydada sualları cavablandırılıb.