lider-media.az

“Həzi Aslanov” stansiyasında mərhələli yenidənqurma işlərinə başlanılır

Tarix: 26-11-2024, 16:16

Noyabr ayının 30-dan Bakı metropoliteninin Qırmızı xəttinin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılır. Bu stansiyanın dalanı qatarların bir yoldan digərinə keçirilməsi, gecələməsi, baxış, xidmət, qulluq və kiçik həcmli təmir işləri üçün nəzərdə tutulmuş texniki sahədir.
İstismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti stansiyanın yol dalanında tunelin konstruktiv elementlərinə mənfi təsir edib. Davamlı təsirlər nəticəsində yan və orta divarlarda erroziyanın intensiv xarakter aldığı müşahidə olunub. Blok və örtük panellərində mühafizə qatının betonu qopub, işçi armaturlar korroziyaya uğrayaraq deformasiyaya məruz qalıb və proses davamlı xarakter alıb. Yükdaşıyan konstruksiyaların dayanıqlığının yoxlanılması və gücləndirmə işlərinə zərurət barədə rəyi Fövqəladə Hallar Nazirliyinin tabeliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib.
Qeyd olunmalıdır ki, stansiyanın inşası 1981-1987-ci illərdə mühəndis-geoloji və hidrogeolojı tədqiqatlara görə aqressiv kimyəvi torpaq qatına malik ərazidə aparılıb. Sonrakı illərdə tikintinin dayandırılması, eləcə də ərazinin hidrogeoloji vəziyyətində kəskinliyin artması yol dalanında mövcud vəziyyətin yaranmasının əsas səbəbidir.
Hərtərəfli araşdırma və təhlillər belə nəticəyə gətirib ki, konstruksiyaların izolyasiya qatı zədələnərək keyfiyyətini itirdiyindən 20 ildən artıq istismar dövrü və qrunt suları stansiyanın yol dalanının konstruktiv elementlərinə təsirsiz ötüşməyib və təmiri qaçılmaz edib.
Stansiya dalanının təmiri ilə əlaqədar keçirilmiş tenderin qalibi “Evrascon"- Avropa-Asiya Tikinti Korporasiyası bütün prosesi 6 mərhələdən ibarət olmaqla təmin edəcək. Sahədə tikinti-bərpa işləri üçün hazırlıq tədbirləri görülüb və təşkilati məsələlər həllini tapıb. Yükdaşıyıcı konstruksiyaların davamlılığını təmin etmək məqsədilə yaxınlıqdakı şaxtanın yerüstü sahəsində dalan tunelinin istinad divarına qədər pandus qazılıb. Pandusun quraşdırılması üçün svaydan istifadə olunub. Bu işlər son mərhələsindədir.
Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə erroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq.
Görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələr yenilənəcək. Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarının elektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın siqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq. 
Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalar üzrə yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq. 
Ümumiyyətlə, təmir zamanı ən dayanıqlı materiallardan, müasir dövrün infrastruktura uyğun son texnoloji yeniliklərindən istifadə olunacaq.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi