Qürurla anırıq
Əmrahov Saməddin Şamil oğlu
Əmrahov Saməddin Şamil oğlu 02 oktyabr 1978-ci ildə Kəlbəcər şəhərində anadan olub. 1985-ci ildə Kəlbəcər şəhəri, 3 nömrəli tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun Calut kəndində yaşamağa başlayıblar. 1993-cü ildə orta təhsilini Calut kənd tam orta məktəbində davam etdirib. 1996-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 1998-ci ildə müddətli həqiqi hərbi xidmətini müvəffəqiyyətlə bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oğuz rayonunun Calut kənd qəbirstanlığında dəfn edilib. Ailəli idi. Bir oğlu və bir qızı var. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Orucov Nemət Əkbər oğlu
Orucov Nemət Əkbər oğlu 15 noyabr 1994-cü ildə anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2001-ci ildə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2011-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. 2011-ci ildə Azərbaycan Texnologiya Universitetinin (ATU) ekologiya mühəndisliyi fakültəsində qəbul olunan Nemət 2016-cı ildə universiteti yüksək nailiyyətlərlə bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə hərbi xidmətini kəşfiyyatçı olaraq başa vuran Nemət Orucov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2018-ci ildən hərbi xidmətini "leytenant" rütbəsi ilə davam etdirib. Zabitlik kursunu bitirdikdən sonra Beyləqan və Ağcabədi rayonlarında yerləşən "N" saylı hərbi hissədə post komandiri vəzifəsində xidmət edib. 17 noyabr 2018-ci ildə Azərbaycan Ordusunda "Ən yaxşı motoatıcı bölük" adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr əldə etdiyinə və 3 mart 2019-cu ildə hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibəti ilə döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanlar ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun leytenantı olan Nemət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nemət Orucov sentyabrın 27-də Xocavənd döyüşləri zamanı rayonda yerləşən Nərgiztəpə ərazisində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Subay idi. 28 sentyabr 2020-ci ildə Goranboy rayonunun Qaraçinar kəndində dəfn edilib. 15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Muxtarov Taleh Həşim oğlu
Muxtarov Taleh Həşim oğlu 01 dekabr 1985-ci ildə Kəlbəcər rayonunun Kəndyeri kəndində anadan olub. 1991-ci ildə Kəlbəcər rayon Kəndyeri kənd tam orta məktəbin 1-ci sinifinə daxil olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Muxtarovlar ailəsi Goranboy rayonunun Xanqərvənd kəndində yaşamağa başlayıblar. Orta təhsilini Goranboy rayonunun Xanqərvənd kəndində davam etdirib. 2003 ildə həmin məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vuran Taleh Muxtarov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 07 oktyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. 07 oktyabr 2020-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.