İqlim dəyişikliyi ilə mübarizədə turizm sektorunun rolu müzakirə olunub
Lider-Media.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və BMT-nin Turizm Təşkilatı tərəfindən birgə təşkil edilib.Tədbirdə beynəlxalq nümayəndələr, ekspertlər və turizm sahəsində fəaliyyət göstərən bir sıra şəxslər iştirak ediblər. Onlar iqlim dəyişikliyi ilə mübarizədə turizm sektorunun rolunu müzakirə edərək, bu sahədə ambisiyaların artırılmasının vacibliyini vurğulayıblar. Tədbir çərçivəsində bərpa və adaptasiya proseslərinin turizm sektoruna inteqrasiyası, maliyyə dəstəyinin artırılması və davamlı turizmin təşviqi ilə bağlı geniş müzakirələr aparılıb.Azərbaycan Dövlət Turizm Agentliyinin rəhbərliyi və BMT-nin Turizm Təşkilatının nümayəndələri sektorun gələcək inkişafına dair strateji hədəflər və planlar barədə fikir mübadiləsi aparıblar. Həmçinin tədbir iqlim dəyişikliyinə qarşı effektiv tədbirlərin həyata keçirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsini hədəfləyib.Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov çıxışında bildirib ki, COP29 konfransı təbiət məsələlərinə yönəlmiş iddialı bir gündəmi irəlilətmək üçün nadir fürsət təqdim edir: “Bu tədbir davamlı qida sistemlərinə sərmayə qoyulması, müxtəlifliyin qorunması və icmalar üçün faydalı tədbirlərin görülməsi kimi məsələləri əhatə edir. Bugünkü tədbir uğurlu müdaxilələrin müzakirəsi və uyğunlaşan təbiət mərkəzləri üçün təməl hazırlamaq məqsədi daşıyır. Bu model yerli mühitləri qoruyub saxlamağa kömək edir və iqlim tədbirlərinin miqyasını artırmaq üçün maliyyələşdirmə mexanizmləri ilə birləşdirilə bilər. Bu dəyişikliklərə nail olmaq üçün ənənəvi maliyyələşdirmə sistemlərinin artıq köhnəlmiş olduğunu nəzərə alaraq, yaradıcı maliyyələşdirmə həlləri axtarmalıyıq. Bu, ictimai və özəl sektorlarda iştirak edən tərəfləri bir araya gətirərək, müəssisələrə təsirli iqlim layihələrini həyata keçirmək imkanı verməlidir”.
Çıxış edən BMT-nin institusional əlaqələr, tərəfdaşliqlar və təşviqat üzrə direktoru Dilyor Xakimov iqlim dəyişikliyi ilə bağlı müəyyən edilən çərçivənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu çərçivə hökumətlər tərəfindən iqlim sahəsindəki ölçülərin müəyyənləşdirilməsində vacib rol oynayır.
Tədbir müzakirələrlə davam etdirilib.