lider-media.az

Doğum günündə şəhid olan xüsusi təyinatlı

Tarix: 16-11-2024, 11:04

2020-ci ilin sentyabrın 27-dən başlaya Vətən müharibəsində əsgərlərimiz qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi, ruhu ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.

44 günlük müharibənin ilk günündən Şuşaya qədər döyüş  yolu keçib qəhrəmanımız Xəyyam Əli oğlu Əzizov. 8 noyabr 1995-ci ildə Neftçala şəhərində, fəhlə ailəsində anadan olub. Uşaqlıq illərini doğulduğu Neftçalada keçirib. 2010-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul edilir. 2013-cü ildə liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirir və "leytenant" hərbi rütbəsi verilib. Xəyyam öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçərək zabit kimi xidmətinə qədəm qoyub.

        Xəyyam Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə 2020-ci ilin iyun ayının 24-də Moskvada keçirilən hərbi paradda fəal iştirak edib və medalla təltif olunub. Leytenant Xəyyam xidməti dövründə bir neçə xarici ölkələrdə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurur. Xidmətinə görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilir. 2020-ci ildə leytenant Xəyyam Əzizova baş leytenant hərbi rütbəsi verilir. Həmin il Rusiyanın Moskva şəhərində keçirilən qələbə paradında Azərbaycanı layiqincə təmsil edir.

   II Qarabağ müharibəsində Xəyyam Xüsusi Təyinatlıların zabiti kimi iştirak edir. Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərə qatılır, böyük şücaətlər göstərir, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Xəyyam Əzizov noyabrın 6-da döyüş tapşırığının yerinə yetirilməsi zamanı ayağından ağır yaralanmış lakin döyüş bölgəsindən təxliyyə edilməsinə razı olmayaraq sona kimi mübarizəni davam etdirir və noyabrın 8-də doğum günündə Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlir və Neftçala rayonunda dəfn olunur.

        Anası Aidə Əzizova bildirir ki, Xəyyam onların üzünü ağ edib, düşmən qarşısından geri çəkilməyib: “Vətən müharibəsi başlandığı gündən oğlum Qarabağda 42 gün şücaətlə vuruşdu. Bu 42 gündə hər həftədə bir dəfə zəng edib hal-əhval tuturdu. Oktyabrın 29-u sonuncu danışığı oldu. Dedi ki, darıxmayın, az qalıb, qələbəmiz olacaq, ondan sonra qayıdacam evə. Müharibənin sonuncu günü şəhid oldu. Onun xatirələri haqqında danışmaq mənim üçün çox çətindir. Şəhidlik böyük zirvədir, qürurdur. Mənim də oğlum qürurla yaşadı, şərəflə həlak oldu".

Şəhid zabitimizin atası Əli Əzizov da oğlu ilə qürur duyduğunu söyləyir. Bildirir ki, oğlu Vətən yolunda, torpaq uğrunda şəhid oldu. “Sağ olsun, oğlumla ata kimi qürur duyuram. Doğrudan da, igidliyi, qəhrəmanlığı ilə Vətənə layiqli oğul oldu, əməli ilə hər kəsin başını uca etdi. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdaram ki, oğlumu qəhrəmanlığına görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin  azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif  edib”.

Ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının və xalqımızın yaddaşında  25 yaşlı bir gənc kimi yaşayacaq.

Heç kim unudulmur, heç kim yaddan çıxmır. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi