lider-media.az

Şəhidlər ölməz,Vətən bölünməz

Tarix: 16-11-2024, 10:43

İgid kəşfiyyatçı-Elgün İsmayılov

 

1987-ci ilin sonlarından Ermənistan Qarabağın dağlıq hissəsini özünə birləşdirmək məqsədilə Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladı. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Cəbhəyani rayonlar erməni silahlı qüvvələrinin hədəfinə çevrilirdi. Doğma yurd yerlərimiz uğrunda yüzlərlə igid oğullarımız canlarını fəda edib, ən yüksək zirvəyə, şəhidlik zirvəsinə yüksəliblər.Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqları uğrunda düşmənə qarşı vuruşan qəhrəmanlardan biri də Birinci Qarabağ müharibəsi şəhidi Elgün Dağbəyi oğlu İsmayılov qısa, lakin şərəfli ömür yolu keçib. 1974-cü ildə Bakı şəhərində anadan olan Elgün Dağbəyi oğlu İsmayılov 3 saylı orta məktəbi sonra Bakı Politexnik Texnikumunu bitirmişdi. 1992-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunmuşdu. O, "Azərbaycan" qəzetində işləyirdi. Qəzetdə çalışdığı qısa müddət ərzində hamıya qaynayıb-qarışan, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğalına dözməyən Elgün İsmayılovun nakam ömrü yarıda qırılsa da, adı Vətənin hünər tarixinə düşənlərin cərgəsinə əbədi həkk olundu. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırıldı, həmin ilin oktyabrında "N" saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə- Füzuli rayonuna göndərildi. 1993-cü ildə hərbi xidmətə çağırılan Elgün torpaqlarımızın azadlığı uğrunda gedən hərbi əməliyyatlarda kəşfiyyat bölüyünün əsgəri kimi qəhrəmanlıq göstərib. 1994-cü ildə Murov dağının Ömər yüksəkliyində həyata keçirdikləri əməliyyat onun son tapşırığı olub. Düşmənlə son nəfəsinə qədər döyüşən Elgün müqəddəs şəhidlik zirvəsinə ucalıb. İgid kəşfiyyatçı Bakıda Şəhidlər xiyabanında dəfn edilib.Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir! Bu ucalığa yüksələnlərin, bu şərəfi daşıyanların xatirəsi daim anılır, ehtiramla yad edilir.Vətən uğrunda canından keçən hər bir insan şəhiddir və əlçatmaz zirvə sahibidir. 

Tarixi torpağımız,dədəbaba yurdumuz olan Dağlıq Qarabağ uğrunda müharibə başlayanda torpağa Ana deyib onun uğrunda ölüm-dirim savaşına atılaraq şəhidlik zirvəsinə yüksələnlər heç zaman unudulmurlar! Qarabağda, eləcə də Azərbaycanın digər guşələrində işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda döyüş başlayanda igid oğullarımız əllərinə  silah alıb cəbhəyə yollandılar. Onların arasında hünərpərvər Elgün adlı bir gənc də var idi.Horadiz qəsəbəsinin düşməndən azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə Elgün İsmayılov komandanlıq tərəfindən mükafatlandırıldı. 1994-cü ilin  yanvarında hərbi  briqada  Kəlbəcər bölgəsinə, Murov dağına göndərildi. Döyüşçü dostları Elgünü bacarıqlı və qorxmaz əsgər kimi tanıyırdılar. 

Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murov dağında bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak etmişdir.1994-cü il aprelin axırlarında keçirilmiş hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın fəxri fərmanına layiq görülmüşdür. 1994-cü il mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün İsmayılov da olmuşdur.Cəsur əsgər  burada düşmən hücumuna məruz qalaraq qızğın döyüşlərdə ömrünün 20-ci baharında şəhidlik zirvəsinə yüksəlmişdir.Ömrünü Vətən yolunda qurban verən Elgün də adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Nə qədər ki canını  Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi