lider-media.az

Azərbaycanın Milli Qəhrəmanı

Tarix: 5-10-2024, 08:18

                   Nofəl Quliyev

1987-ci ilin sonlarından Ermənistan Qarabağın dağlıq hissəsini özünə birləşdirmək məqsədilə Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başladı. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Cəbhəyani rayonlar erməni silahlı qüvvələrinin hədəfinə çevrilirdi.

 Doğma yurd yerlərimiz uğrunda yüzlərlə igid oğullarımız canlarını fəda edib, ən yüksək zirvəyə, şəhidlik zirvəsinə yüksəliblər. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqları uğrunda düşmənə qarşı vuruşan qəhrəmanlardan biri də Quliyev Nofəl Zahid oğludur. Quliyev Nofəl Zahid oğlu 1963-cü ilin oktyabr ayının 4-də Şirvan şəhərində (keçmiş Əli Bayramlı) dünyaya göz açmışdır. 1971-ci ildə Şirvan şəhər 9 saylı orta məktəbinin birinci sinfinə getmiş, 1981-ci ildə təhsilini başa vurmuşdur. 1982-ci ildə N.Quliyev ordu sıralarına çağırılmışdır. 1984-cü ildə əsgəri xidmətini başa vurub bir müddət Bakı Məişət Kondisionerləri Zavodunda çalışır. Nofəl 1984-cü ildə ailəsi ilə birlikdə Tümen şəhərinə köçür, burada işləyə-işləyə tikinti texnikumuna daxil olur. Altı il burada yaşadıqdan sonra doğma yurda dönür. DİN-nə müraciət edir. Ancaq burada daimi pasport qeydiyyatı olmadığına görə iş üçün etdiyi müraciətləri cavabsız qalır. Bir müddət tikinti və bu kimi yerlərdə işlədikdən sonra Daxili İşlər Nazirliyinə müraciət edir. Müəyyən prosedurları keçdikdən sonra onu polis kimi işə götürürlər. Elə həmin illərdə Ermənistan Azərbaycan torpaqlarına qarşı hücuma başlamışdı. Düşmən torpaqlarımızda təxribatlar həyata keçirir, kütləvi qırğınlar törədərək irəliləyirdi. Ölkəmizin müxtəlif bölgələrindən könüllü dəstələr cəbhəyə getsə də, vahid komandanlığın olmaması, daxildə baş verən bəzi proseslər düşmənə qarşı mübarizəyə mənfi təsir göstərirdi. Həmin vaxtlarda Nofəl polis nəfəri kimi fəaliyyət göstərir, müxtəlif bölgələrə ezamiyyətə göndərilirdi. Bu səfərlər adətən 10-15 gün çəkirdi.

 12 dekabr 1991-ci ildə Goranboyun Todan kəndi erməni yaraqlılarının güclü hücumuna məruz qalmışdı. Vəziyyət son dərəcə gərgin idi. Düşmən tərəfdən çox sayda diversant həmin kənd istiqamətində hərəkət etməyə başlamışdı. Bölgədə Azərbaycan Silahlı Qüvvələrinin müəyyən sayda hərbçisi olsa da, bu, düşmənlə müqayisədə çox az idi. Həmin vaxt Nofəl Quliyev də bir qrup polislə birgə Goranboy istiqamətində düşmənə müqavimət göstərmək üçün göndərilir. Buna baxmayaraq, düşmən say etibarilə üstünlük təşkil edirdi. Erməni hərbçiləri kənd camaatını mühasirəyə almışdı. Nofəlgilin əsas missiyası mülki şəxləri düşmən təxribatından xilas etmək idi. Polislər atışma gedən bölgədə mövqe tutaraq əks hücuma keçmişdi. Xeyli sayda düşmən qüvvələri məhv edilsə də, qeyri-bərabər döyüşdə ermənilər irəliləməkdə davam edirdilər.

 Nofəl təpəlikdə dayanaraq ermənilərə qarşı atəş açmağa başlamışdı. O və digər polis nəfərlərinin müqaviməti kənddəki mülki şəxslərin təhlükəsiz bir yerə təxliyyə edilməsinə kömək edir. Qısa vaxt sonra sakinlər düşmən əlindən xilas ola bilirlər. N.Quliyev yenə dostları ilə birlikdə silaha sarılaraq döyüşə yollandı. Qüvvələr nisbəti düşmənin xeyrinə idi. Buna baxmayaraq cəsur döyüşçülərimiz kəndin bir qarış torpağının belə düşmən əlində qalmasına imkan vermək istəmirdilər. Düşmən xeyli canlı qiivvə itirsə də, geri çəkilmirdi. Nofəl yaxınlıqdakı yüksəklikdə özünə mövqe seçmişdi. Polis yoldaşları artıq təhlükəsiz yerdəydilər. Nofəl döyüşə-döyüşə geri çəkilirdi. Ermənilərin əhatəsində qalan cəsur döyüşçü son damla qanına qədər döyüşdü, çoxlu sayda ermənini məhv etdi vo düşmənə əsir düşməmək üçün son gülləsini ürəyinə sıxdı.

 Nofəl Quliyev Şirvan şəhərində, Şəhidlər xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə Quliyev Nofəl Zahid oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Şirvan şəhər  9 saylı orta məktəb Qəhrəmanın adını daşıyır.

 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.

 Əminliklə deyə bilərik ki, Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə xalqımızın əzmini, birliyini daha da artırdı. Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Ordumuzun qüdrətini, döyüş ruhunu, eləcə də xalqımızın sarsılmaz birliyini, doğma yurdu, torpağı uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi.

      Lider-Media.az

 

                                                                                        

                                                                                            

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi