lider-media.az

QARŞILIQLI ƏMƏKDAŞLIQ ÖLKƏMİZİN XARİCİ SİYASƏTİNDƏ MÜHÜM YER TUTUR

Tarix: 4-03-2024, 12:29

      “Şaxələndirmə haqqında danışanda bizim mövqeyimiz hər zaman belə olub və indi də belədir ki, şaxələndirmə nəinki təchizat marşrutlarının, həmçinin mənbələrin şaxələndirilməsi olmalıdır. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət bizim görəcəyimiz işlərin vacibliyini göstərir”.

     Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycana gəldikdə isə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar, interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir.

       Dünya ölkələri ilə səmərəli  və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin  xarici siyasətində prioritet olub və bu siyasət Prezident İlham Əliyev  tərəfindən ən yüksək səviyyədə həyata keçirilir. Səmərəli xarici siyasətin həyata keçirilməsi, xüsusən də Vətən müharibəsindən sonra ölkəmizin artmaqda olan gücünü və bölgədə yaranmış yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq baxımından ölkə başçısının  xarici səfərləri də mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə dövlət başçısının Belçika, İtaliya, Gürcüstan, Çexiya və digər ölkələrə  etdiyi işgüzar və rəsmi səfərlər həm də ölkəmizin Avropa ilə yüksələn xətt üzrə inteqrasiyasının  göstəricisidir.

     2022-ci ilin iyul ayında Azərbaycanla Avropa  Komissiyası arasında  Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmizin Avropanın enerji təchizatında rolunun artması  Azərbaycan-Avropa əməkdaşlığının bir hissəsi kimi qiymətləndirilə bilər. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Azərbaycanın  Avropanı  qaz təchizatı iki dəfə artırılacaq ki, bu da ölkəmiz üçün böyük nailiyyətdir. Ümumiyyətlə, Azərbaycan artıq Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır və bununla əlaqədar Cənub Qaz Dəhlizinin mühüm hissələri olan TANAP və TAP  qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur.

      2020-ci ilin dekabrında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi  bögəsindəki qaz stansiyasından Avropaya nəql olunur. Artıq 3 milyard kubmetrdən çox qazın təhlükəsiz şəkildə nəql edilməsi TAP infrastrukturunun bir çox bazarda şaxələndirilməsinə imkan yaradıb. TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerji mənbəyi təmin etməklə yanaşı, enerji sahəsində yol xəritəsini asanlaşdırmaqda da əsas rol oynayır.

     TAP Cənub Qaz Dəhlizinin Avropaya qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir.TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq  standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük  gücünü iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmağa imkan verir.

     TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “ Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoi Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.                                                                                                                                                                                                        

     2020-ci il dekabrın 31-də Avropaya təbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitəsilə Avropaya 10,99 milyon kubmetr təbii qaz nəql edilib. TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Bolqarıstan təbii qaz tələbatının 33 faizini TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirəcək ki, bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

     Toplantıda dövlət başçısı Azərbaycanda “kifayət qədər qaz yoxdur” kimi şaiyə yayanlara da cavab verib: “Azərbaycanda kifayət qədər potensial var və artmaqdadır”.

     Azərbaycan nəhəng qaz ehtiyatlarına malik ölkə olduğunu hər zaman bəyan edib. 2023-cü ildə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz- kondensat yatağında təbii qazın kommersiya hasilatı başladı. “Abşeron” qaz-kondensat yatağı  “Şahdəniz”dən  sonra ikinci nəhəng qaz ehtiyatlarına malik yataqdır. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxışı zamanı Prezident İlham Əliyev “Abşeron” qaz –kondensat yatağının gələcək şaxələndirmə layihələrin resurs bazasını təşkil edəcəyini  qeyd edərək bildirdi ki,  “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib və orada illik  hasilatın 1,5 milyard kubmetr həcmində olması gözlənilir. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcək ki, onun da böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Gələn ilin ilk rübündən etibarən  “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın  hasilatı da gözlənilir. Ekspertlərin rəylərinə görə, bu, çox böyük ehtiyata malik ümidveriici strukturdur. İlkin mərhələdə, hasilatın təqribən yarım milyard kubmetr olacağı, ancaq bir neçə il ərzində bu rəqəmin 3-4 dəfə artacağı proqnazlaşdırılır. Azərbaycan tərəfi  “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənməsi ilə bağlı planları da açıqlayıb və bildirib ki,  potensial olaraq  oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.

     Prezident İlham Əliyev ölkəmizin bu il COP29 konfransına ev sahibliyi etməsinin önəmindən də söz açıb. Dövlət başçısı bu barədə qərar qəbul olunan kimi ölkəmizin xarici qeyri-hökumət  və media təşkilatlarının hücumuna məruz qaldığını vurğulayaraq bildirib ki, kifayət qədər nefti və qazı olan, növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya biləcək bir ölkənin iqlim dəyişikliyi ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyi yalnız təqdir edilməlidir.

       Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısına bu il  Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə,  6 beynəlxalq təşkilat, 44 şirkət qatıldı. Mötəbər tədbirdə  Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası, Cənub Qaz Dəhlizi sessiyası, Gələcəyə baxış  və COP29  fonunda yaşıl enerji,  bərpaolunan enerjinin imkanlarından istifadə mövzularında plenar müzakirələr oldu.  Məşvərət Şurası çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləiri arasında  yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində  strateji tərəfdaşlıq haqqında sazişin  icrası məqsədilə nazirlərin 6-cı iclası və  dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə  Azərbaycan Avropa İttifaqı dəyirmi masası keçirildi. Tədbir çərçivəsində yaşıl enerji sahəsində sənədlər imzalandı. 

     Bəli, XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizi Avropa üçün böyük əhəmiyyətə malikdir. Ölkəmizdə keçirilən bu tədbir  bir daha Azərbaycanın Avropa üçün əhəmiyyətini, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi