Deputat: “Ermənistan XİN başçısının COP29-da iştirakı arzuolunandır”
“COP29-da Ermənistan tərəfindən xarici işlər naziri Ararat Mirzoyanın iştirak etmə ehtimalı var. Lakin bu hələ də tam olaraq öz təsdiqi tapmayıb. Bəlkə də son günə qədər məxfi saxlamaq niyyətləri var. Buna səbəb isə erməni auditoriyasında ictimai qınağa tuş gəlməmək, təzyiq və etirazların qarşısını almaqdır. Lakin istənilən halda Mirzoyanın iştirakı arzuolunandır”.
Bunu Lider-media.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, artıq Azərbaycan tərəfindən də rəsmi dəvət göndərilib. A. Mirzoyanla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın da bu tədbirdə iştirak etməsi ehtimalları hələ də var. Bunu tam olaraq biz yox saya bilmərik.
Əgər N.Paşinyan və ya A.Mirzoyan bu tədbirə qoşularsa, onların təhlükəsizliyi Azərbaycan tərəfindən tam təmin olunacaq. Ümid edirik ki, bu iştirakla bir növ onlar sülhə doğru bir addım da yaxınlaşarlar və sülh istədiklərini məhz Bakıda gəlib bəyan edə bilərlər. Lakin istənilən halda əgər onlar Azərbaycan tərəfinin şərtlərini tam olaraq yerinə yetirməyəcəkləri təqdirdə burada iştirak etsələr belə yarımçıq sülhün baş tutması ehtimalı çox aşağıdır. Çünki Azərbaycan tərəfi yarımçıq sülh istəmir. Hər tərəfli, bütün şərtləri qarşılayan, öhdəlikləri yerinə yetirən sülhün baş tutmasının tərəfdarıyıq. Çünki 3 tərəfli bəyanatda da Ermənistan tərəfinin öhdəlikləri var. Lakin onlar bunu yerinə yetirmədi. Azərbaycan öz gücü hesabına suverenliyini tam olaraq bərqərar etdi. Bu baxımdan biz Ermənsitan tərəfinin də real öhdəlikləri öz üzərinə götürməsini və Azərbaycana qarşı ərazi iddialarını tam əl çəldiyini sübut etməsini şərt bilirik. Bunu etdikləri təqdirdə də tam sülhə nail ola biləcik.