Səhiyyə Nazirliyi Gəncədə “İlk tibbi yardim - ikinci həyata addim” adlı fləş-mob keçirib
Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fləş-moblar keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti aksiya Gəncə şəhərində təşkil olunub. Səhiyyə Nazirliyinin Gəncə Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarının yiyələnməsi, eyni zamanda bu sahədə maarifləndirmə işlərin aparılmasıdır. Budəfəki tədbirdə elektrik vurmalar, epilepsiya tutmaları, qanaxmalar, yanıqlar, zəhərləmələr və digər fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani şəkildə nümayiş etdirilib.
Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Kollecin tələbələri, həmçinin ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını nümayiş etdiriblər. Sonra aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.
Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.
Daha sonra Gəncə Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə “İlk tibbi yardim - ikinci həyata addim” adlı fləş-mob təşkil olunub.
Fləş-mobda kollecin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz vəziyyətlərdə ilk tibbi yardımın düzgün şəkildə göstərilməsi qaydaları əyani olaraq nümayiş etdirilib.
Həmçinin “İlk tibbi yardimi öyrən - tətbiq et!” adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.
Qeyd edək ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya və fləş-mobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsi planlaşdırır.