Bakı-Tbilisi-Qars dəmir yolu regionda inkişafa və sabitliyə böyük töhfədir
2017-ci ilin oktyabrın 30-da istifadəyə verilən və dünyanın 100 böyük layihəsinə daxil olan BTQ ölkəmizin iqtisadi qüdrətinin artmasında mühüm rol oynayır
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra region və dünya üçün əhəmiyyətli bir sıra layihələrin reallaşmasında həlledici rol oynayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Cənub qaz dəhlizi”, TANAP və TAP kimi layihələrin təşəbbüskarı, onun həyata keçirilməsində əsas söz sahibi məhz ölkəmiz olmuşdur. Hər yeni layihə müstəqil Azərbaycanın, təkcə regionda yox, beynəlxalq arenadakı siyasi və iqtisadi çəkisini daha da artırır.
33 illik müstəqillik tarixi milli dövlətçiliyimizin qüdrətlənməsi baxımından olduqca möhtəşəm uğurlarla əlamətdardır. Ulu öndər Heydər Əliyevin böyük siyasi uzaqgörənliyi sayəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” o illərdə Azərbaycanın müstəqilliyini və dünya birliyindəki yerini möhkəmləndirdi, ölkəmizin iqtisadi inkişafına rəvac verdi. Bu gün isə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin həyata keçirdiyi qlobal layihələr Azərbaycanı Qafqazın liderinə, dünyanın sayılıb-seçilən dövlətinə çevirib.
Son illər ölkəmizin nəqliyyat infrastrukturunda həyata keçirilən yenidənqurma işləri, beynəlxalq layihələr, qəbul olunan dövlət proqramları Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırıb. Beləliklə, Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifidir. Bu təşəbbüslərdən biri isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər edən Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirmişdir. 2005-ci il mayın 25-də isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar.
2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. 2007-ci il noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ tikintisinin təməli qoyulub, Marabda stansiyasında açılış mərasimi keçirilib. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib. Uğurla reallaşdırılan BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir.
Məlum olduğu kimi, 2017-ci il oktyabrın 30-da inamlı inkişaf yolu tutan, regionun lider dövləti olan Azərbaycanda daha bir əlamətdar hadisə yaşandı. Belə ki, həmin gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanında XXI əsrin layihələrindən olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun təntənəli açılış mərasimi keçirildi. Qeyd edək ki, Avropanı Asiya ilə birləşdirən yeni dəmir yolu bağlantısının yaradılmasında Azərbaycanın hərtərəfli dəstəyi mühüm rol oynayıb. BTQ-nin açılış mərasimində də Orta Asiya ölkələrinin iştirakı onu göstərdi ki, bu, tarixi əhəmiyyətə malik bir layihədir.
Orta Dəhlizin vacib seqmenti hesab olunan BTQ təkcə Azərbaycan və region dövlətləri üçün deyil, həm də qlobal əhəmiyyətli tarixi hadisədir. BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkələki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir.Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində demişdir:”Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.
Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihənin Prezident İlham Əliyevin böyük siyasi iradəsi sayəsində uğurla reallaşması Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradır. Ən əsası bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla Avrasiyada ticarət-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə böyük imkanlar verir. Yeddi il əvvəl istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) vasitəsilə ötən müddət ərzində daşınmış yüklərin həcminə diqqət yetirək. Statistik göstəricilər nə deyir? Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2017-2024-cü ilin sentyabr ayı ərzində 1 milyon 374 min 384 ton yük, o cümlədən 1 milyon 206 min 33 ton isə tranzit yük daşınmışdır.
Mübaliğəsiz demək olar ki, BTQ dəmir yolu xətti Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin növbəti əyani sübutudur. BTQ dəmir yolu ilə yük və sərnişinlərin Avropa və Asiyaya çatdırılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının diversifikasiyasına xidmət etməklə yanaşı, ölkəmizin və region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliyini daha da yüksəldir.
Beləliklə, bu dəmir yolu Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır.
Lider-Media.az