Kəlbəcər abad, füsunkar bir diyar
2020-ci il sentyabrın 27-dən başlayan Vətən savaşı bu ayı bizim üçün unudulmaz günlərlə zəngin edib. Hər günü bir dastan, sevinc, fərəh səhifəsi olan ayların xüsusi günlərini qeyd etmək bir ənənəyə çevrilib.
25 noyabr müasir tariximizə qədim yurd yerimiz olan Kəlbəcərin 27 illik əsarətinin sona çatması və dövlətimizin yurisdiksiyasına qayıtdığı gün kimi düşmüşdür. 27 il idi ki, hər birimiz o yurdun həsrəti və o yurda qovuşmaq arzusu ilə yaşayırdıq. Bu arzu ilə bağlı ümidimizi, inamımızı bir an belə itirmirdik. Biz o tarixi unutmadıq və həmin günlərdən nəticə çıxararaq yeni bir tarix-Zəfər tarixi yazdıq.
2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli bəyanatın altıncı bəndinə uyğun olaraq Kəlbəcər rayonu 25 noyabr tarixində işğalçı qüvvələrdən təmizlənərək Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilmişdir. Əldə olunan razılaşma əsasında 2020-ci ilin 25 noyabr tarixində əzəli Azərbaycan torpağı olan Kəlbəcər 27 ildən sonra nəhayət öz səmasında şanlı bayrağımızın əzəmətlə dalğalanmasının qürurunu yaşadı. Bir çox faciələrə, fəlakətlərə, o cümlədən, Başlıbel, Ağdaban faciələrinə şahidlik edən yurd yerimiz bu dəfə sevincə, qürura qərq oldu. Şanlı Ordunun, Azərbaycan əsgərinin addım səsləri Kəlbəcərə həsrət qaldığı sakitliyi, dincliyi gətirdi. Vətən müharibəsinin ilk günlərindən etibarən hər kəs Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Kəlbəcərin yağı düşməndən azad olunması ilə bağlı göz aydınlığı gözləyirdi. Və nəhayət o gün gəldi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında qazandığı böyük qələbənin məntiqi davamı kimi siyasi müstəvidə əldə etdiyimiz zəfər bizi ən böyük rayonumuza-Kəlbəcərimizə qovuşdurdu. Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Laçın kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil oldu. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına Qarabağı, bu torpaq uğrunda şəhid olanların ruhlarına isə rahatlığı gətirdi. Zəfərli günlərdə hər an daha da irəli gedən rəşadətli Azərbaycan Ordusunun döyüş meydanındakı uğurlarını xalq birbaşa olaraq Müzəffər Ali Baş Komandanın özündən eşidirdi. Vətən müharibəsinin ilk günlərində azad olunan ərazilər arasında Murovdağda yerləşən yüksəkliklər də var idi. O Murovdağ ki, yüksəklikdə yerləşən aşırımlı yollarını 1993-cü ildə kəlbəcərlilər qəlbdə vətən həsrəti, yurd-yuvanı tərk etmənin acısı və düşmənə qarşı nifrət ilə ayaqyalın aşmaq məcburiyyətində qalmışdı. Rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə
insan girov və ya itkin düşüb.Prezident cənab İlham Əliyev 2020-ci ilin noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində demişdir: “...Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. ...Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini.”
Kəlbəcərdə infrastruktur layihələri ilə yanaşı artıq kənd təsərrüfatının inkişafı istiqamətində də mühüm layihələr icra edilir. Ölkə ərazisində 646 yaylaq bitkisindən məhz 521-i Kəlbəcər ərazisində bitir. Zəngin təbiətə sahib Kəlbəcər rayonu bu özünəməxsus özəlliyi ilə hələ Sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olmuşdur. Vaxtilə ölkəmizdə heyvandarlığın inkişafında oynadığı mühüm rolun yaxın gələcəkdə yenidən Kəlbəcərə qaytarılması istiqamətində mühüm addımlar atılır. Kəlbəcər rayonundakı yaylaqlara 27 ildən sonra ilk dəfə olaraq pilot layihə çərçivəsində qoyunçuluq və arıçılıq
təsərrüfatları köçürüldü.Böyük strateji coğrafi mövqeyi olan Kəlbəcər zəngin təbii və faydalı sərvətlərə malikdir. Rayonun şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir.Füsunkar təbiətə böyük turizm potensialına malik Kəlbəcərə ermənilər qarətçi kimi gəlib, qarətçi kimi də getdilər. Düşmən işğal illərində evləri dağıdıb, talayıb, mövcud ifrastrukturu yerlə yeksan etdiyi kimi rayonu tərk edərkən də götürə bildiklərini götürdü, götürə bilmədiklərini isə yandırıb viran qoydu. O cümlədən, Ermənistan silahlı birləşmələri də rayonu tərk edən zaman öz çirkin əməllərindən geri qalmadı və əraziləri minalarla çirkləndirdi. Məhz bu çirkin əməllərin nəticəsidir ki, müharibənin artıq üç il bitməsinə baxmayaraq, erməni terroru hələ də davam edir və dinc vətəndaşlar bu terrorun qurbanı olur. Bu gün Kəlbəcərdə bərpa-quruculuq işləri həyata keçirilir. Belə demək olar ki, hazırda qədim şəhərimizə yeni nəfəs verilir. Kəlbəcərdə görülən işlər işlər Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında, onun tapşırıqları əsasında görülür. Cənab Prezident bir neçə dəfə Kəlbəcərə səfər edərək görülən işlərlə yerində tanış olub. İşlərin belə sürətli və keyfiyyətli aparılmasında bir məqsəd var - böyük qayıdışa tezliklə nail olmaq. Azərbaycan dövləti əhalinin doğma yurd-yuvalarına mümkün qədər qısa müddətdə qayıtması üçün hər şeyi edir və edəcək. Bu işlər nəticəsində eyni zamanda, Kəlbəcərin əvvəlki şöhrəti qaytarılacaq, qısa zaman kəsiyində daha müasir, abad, füsunkar bir diyara çevriləcəkdir.Vətənimizin ərazi bütövlüyü bu gün hər bir vətəndaşımızın qürur yeridir.Vətən torpaqları artıq rahat nəfəs alır. Tam əminliklə demək olar ki, Azərbaycanın bugünkü inkişafı ölkə Prezidentinin titanik səyi və apardığı məqsədyönlü siyasət nəticəsində Kəlbəcər əvvəlkindən daha gözəl olacaq və dünyanın turizm şəhərinə çevriləcəkdir.
Lider-Media.az