lider-media.az

Uğurların əyani təcəssümü

Baxış: 333 Tarix: 19-10-2024, 13:14

Uğurların əyani təcəssümü

Ötən ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədar qərar qəbul olunub. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınmasına töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyev bu qərarı belə dəyərləndirmişdir: "Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda bizim "yaşıl enerji"yə keçidimizə olan böyük qiymətdir".

Bu gün dünyada baş verən qlobal problemlərin fonunda "Yaşıl enerji"yə keçid artıq labüd zərurətə çevrilmişdir. Belə bir keçid müasir dünyamızın çağırışıdır. IV Sənaye İnqilabı dövründə bir tərəfdən dayanıqlı inkişafı, insanların rifahını təmin etmək, digər tərəfdən isə planetimizin təbii resurslarını qorumaq, Yer kürəsini gələcək nəsillər üçün yaşamağa daha uyğun hala gətirməkdən ötrü "yaşıl enerji"yə keçid mütləqdir. Məhz bu baxımdan da Azərbaycan regionda və bütün dünyada planetimizin ekoloji balansının qorunmasında israrlıdır. Belə ki, qlobal iqlim dəyişmələri ilə mübarizədə xüsusi fəallığı ilə seçilən Azərbaycan dünyanın prioritet elan etdiyi "yaşıl keçid" platformasının əsas iştirakçılarından biridir. 2016-cı il aprelin 22-də Birləşmiş Millətlər Təskilatının Mənzil Qərargahında İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına imza atan 171 ölkədən birinin məhz Azərbaycan Respublikası olması da bunun bariz nümunəsidir. Paris sazişinə əsasən, ölkəmiz baza ili kimi müəyyənləşdirilən 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasına dair öhdəlik götürüb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu da öz növbəsində, "Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5 prioritetdən birinin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olaraq bəyan edildiyinin təzahürüdür. Sərəncamda da qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin artırılması, eyni zamanda iqlim dəyişmələri ilə bağlı görülən işlər çox yüksək qiymətləndirilir.

Milli prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycanın təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilməsi üçün isə imkanları yetərincədir. Belə ki, əlverişli coğrafi mövqeyi və iqlim şəraiti ilə seçilən ölkəmiz bərpaolunan enerji mənbələri ilə də zəngindir. Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanın quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxındır.

Bu gün Azərbaycanın reallaşdırmaqda olduğu layihələr onu deməyə əsas verir ki, yaxın zamanlarda ölkəmiz təkcə neft-qaz ixracatçısı kimi deyil, həm də Avropaya "yaşıl enerji" ixrac edən dövlət kimi öz missiyasını yerinə yetirəcək. Bu istiqamətlərdə işlərə start verilib və artıq Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya kimi dövlətlərlə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə "yaşıl enerji"nin Avropaya ixracı layihəsini icra edir. COP29 ölkəmizin "yaşıl enerji"yə keçidində, həmçinin bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasında böyük rol oynayacaq. Noyabrda keçiriləcək bu beynəlxalq konfransda dünyanın "yaşıl enerji"yə keçidi ilə bağlı mühüm qərarlar da qəbul ediləcək. Azərbaycan Avropaya "yaşıl enerji"nin ixracı ilə bağlı layihənin reallaşdırılması üçün mühüm tərəfdaşlar cəlb edə biləcək ki, bu da gələcəkdə ölkəmizin iqtisadi baxımdan inkişafına dəstək olacaq.

Ölkəmizin alternativ enerji mənbələri üzrə təsdiqlənmiş böyük potensialının olduğunu nəzərə alsaq, bu kimi vacib layihələrin həyata keçirilməsi üçün beynəlxalq maliyyə kanallarının açılması ilə böyük sərmayələrin yatırılması yeni "yaşıl enerji" mərhələsinin istehsalına yeni imkanlar açacaq. Belə ki, ölkəmizdə "yaşıl enerji"nin inkişaf etdirilməsinə olan maraq və münbit şərait təbii ki, digər bu sahədə ixtisaslaşmış dövlətlərdən müasir texnologiyaların Azərbaycana gətirilməsinə və quraşdırılmasına, birgə əməkdaşlığa geniş zəmin yaradacaq. Belə layihələrin reallaşdırılması, yeni "yaşıl enerji" istehsalını həyata keçirən qurğular quraşdırıldıqca, istismara verildikcə bu sahədə çalışacaq mütəxəssislərin də formalaşdırılmasına ehtiyac duyulacaq və bu da yeni ixtisaslar, yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Azərbaycan bərpaolunan və "yaşıl enerji" əsasında istehsal edilən elektrik enerjinin sayəsində karbon emissiyasını azaldaraq bəşəriyyətə öz töhfəsini verəcək.

Respublikamızda beynəlxalq konfransa hazırlıq prosesi də onu deməyə əsas verir ki, qarşıdakı illərdə yaradılacaq "yaşıl dünya"ya Azərbaycan öz töhfəsini verəcək. Prezident İlham Əliyev bildirib ki: "Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

Nurəngiz ADİLQIZI.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi