lider-media.az

Türk dünyası Azərbaycanın qələbəsi ilə fəxr edir, qürur duyur

Tarix: 18-10-2024, 09:30

 Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin qurub-yaratdığı ordu bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inkişaf dövrünü yaşayır. Bu inkişafın ən parlaq nümunəsi isə heç şübhəsiz 28 il işğal altında qalan Qarabağın cəmi 44 gün ərzində işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasıdır. Çətin relyef şəraitində düşmənin uzun illər ərzində möhkəmləndiyi, bir neçə mərhələli istehkamlar qurduğu torpaqlarda aparılan bu müharibə Azərbaycan Ordusunun peşəkarlığının, gücünün, məharətinin və yüksək taktiki hazırlığının təntənəsi idi.

Vətən umüharibəsində müzəffər xalq kimi özümüzü dünyada təsdiq etdik. Bu təsdiqdə əsas yükü, məsuliyyəti çiyinlərinə  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu götürdü. Dördüncü ildir ki, bütün türk dünyası Azərbaycanın qələbəsi ilə fəxr edir, qürur duyur. Azərbaycan ordusu cəsarət göstərərək bu qürurun memarı oldu.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi.”

Prezident İlham Əliyev son 21 ilə yaxın müddət ərzində ordu quruculuğuna müstəsna diqqət göstərib. Bəhs olunan dövrdə ölkəmizdə cənab İlham Əliyevin siyasi iradəsinə uyğun güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib. Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub.

  Böyük Zəfərdən illər keçsə də Ordunun inkişafı, hərbçilərimizin hazırlıq səviyyəsinin yüksəldilməsi hələ də prioritet olaraq qalmaqdadır. Azərbaycan ordusunun şəxsi heyəti bu gün öz üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir və döyüş hazırlığını durmadan artırır. Vətən müharibəsində qələbəmizi şərtləndirən amillərdən biri də xalq-iqtidar birliyi oldu. Dövlətimizin başçı­sı bu gün olduğu kimi, İkinci Qarabağ savaşına qədərki dövrdə də pay­taxtda və bölgələrdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdı­rılması istiqamətində verdiyi qərarlar ölkəmizdə bu vəhdəti daha da möhkəmləndirdi, xalqın Prezidentinə olan inamını daha da artırdı. Dörd il əvvəl nail olduğumuz bu qələbə ilk növbədə onu göstərdi ki, Azərbaycan xalqı öz taleyini Prezident İlham Əliyevə etibar etməklə böyük müdriklik və uzaqgörənlilik nümayiş etdirib. Bu tarixi Zəfər onu təsdiqləyir ki, cənab İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsinə, dövlətçiliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasına xidmət edib. Nəticə etibarilə bu amillər torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanın uğurla yerinə yetirilməsinə yol açıb.

Vətən Müharibəsindən üç il sonra-2023-cü il sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistanın ərazilərimizdəki qeyri-qanuni hərbi mövcudluğuna son qoyulması ilə bölgədə sülh və təhlükəsizlik bərqərar olundu. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Və Azərbaycanın suverenliyi tam bərpa olundu. Ölkəmizin qısa müddətdə, bir günə təmin etdiyi qələbə yenilməz  şanlı ordumuzun nəyə malik  olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə  alınacağının sübutu idi. Lokal antiterror tədbirlərinin qısa zamanda uğurla həyata keçirilməsi Ordumuzun peşəkarlığının, döyüş ruhunun, hər bir hədəfə uğurla nail olmaq səylərinin göstəricisidir.

 Prezident, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərirdi ki, güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi. Müzəffər, Ali Baş Komandanın “dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular. Tarixi qələbəmizlə başa çatan Vətən müharibəsi və ötən dörd il ərzində işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində görülən işlər bir daha təsdiq edir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən, onu inamla gələcəyə doğru aparan Liderdir. İlham Əliyev dövlətimizin tarixinə möhtəşəm Zəfər salnaməsini həkk edən görkəmli dövlət xadimi, müdrik siyasətçidir. Bu Zəfər salnaməsi isə əbədiyyətə qədər tariximizi şərəfləndirəcək.

Respublikamızda aparılan müasir ordu quruculuğu siyasətinin mühüm bir istiqamətini isə şəxsi heyətin peşəkarlığının artırılması, kadrların yetişdirilməsi, həmçinin əsgər və zabitlərin sosial təminatlarının gücləndirilməsi təşkil edib. Vətən qarşısında borcunu yüksək səviyyədə yerinə yetirən çoxlu sayda hərbçi mənzillərlə təmin olunub. Paralel şəkildə orduda xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür. Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Odur ki, Zəfər salnaməsinə qızıl hərflərlə yazılan Vətən müharibəsi ordumuzun qalibiyyət və şərəf tarixidir.

Xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşa­nan milli və siyasi həmrəylik yaşadığı­mız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Sözsüz ki, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaq­dır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.

Vətən müharibəsindəki möhtəşəm qələbə Azərbaycan tarixinin ən parlaq uğurudur. Eyni zamanda bu, bütün türk dünyasının zəfəridir. Bu Zəfərlə tarixi Azərbaycan torpaqları üzərində salınacaq Zəngəzur dəhlizi türk dünyasını birləşdirən körpüyə çevriləcək. Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın yağı düşməndən azad edilməsi istiqamətində yürütdüyü siyasət xalqımıza Zəfər sevincini yaşatdı. Cənab İlham Əliyevin vurğuladığı kimi, "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" İllər əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük qələbəmiz heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda əbədi qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. Xalqımız, bütün dünya azərbaycanlıları regionda yeni bir reallıq yaradan Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər ilə hər zaman qürur duyacaq.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi