#maarifləndirmə - Ətraf mühitə dair informasiya (1)
Ətraf mühitə dair informasiya dedikdə torpağın, suyun, yerin təkinin, atmosferin və canlı orqanizmlərin vəziyyəti, ətraf mühitə, insanların sağlamlığına təsir edən və ya təsir edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin komponentlərində baş verən və baş verə biləcək dəyişikliklər, onların qiymətləndirilməsi, ətraf mühitin mühafizəsi və səmərəli istifadəsinə yönəldilmiş tədbirlər və məsrəflər barədə məlumatlar başa düşülür.
Ətraf mühitə dair informasiya, əldə edilməsi qaydasına görə alınması məhdudlaşdırılan və açıq informasiya növlərinə bölünür.
Alınması məhdudlaşdırılan informasiya istisna edilməklə, hər bir şəxs zamanından asılı olmayaraq və şərt qoyulmadan ətraf mühitə dair informasiya almaq hüququna malikdir.
Ətraf mühitə dair informasiya verilməsi üzrə dövlət orqanlarının vəzifələri
Ətraf mühitə dair informasiya verilməsi üzrə dövlət orqanları:
1. Ətraf mühitə dair informasiya registrini aparır, istifadəsində olan registr və arxivlərin müraciət edənlər üçün açıq olmasını və bunlarla bağlı məlumatların verilməsini təmin edir.
2. Mediada ətraf mühitə dair vaxtaşırı verilən məlumatların vahid formasını və müddətlərini müəyyən edir.
3. Ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada və müddətdə ümumi rabitə vasitələri ilə artırılması üçün tədbirlər görür.
4. Üç ildə bir dəfədən az olmayaraq ətraf mühitin vəziyyətinə dair milli məruzələri, habelə ətraf mühitin vəziyyəti (keyfiyyəti və çirklənməsi) barədə məlumatları dərc edir.
5. İldə bir dəfədən az olmayaraq ətraf mühitin vəziyyətinə dair hesabatlar tərtib edir, onları ictimaiyyət üçün açıq olan elektron məlumatlar bankına daxil edir, çirklənmələrlə bağlı kadastr və registr sistemlərinin təkmilləşdirilməsi üçün tədbirlər görür.