lider-media.az

Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib

Tarix: 11-10-2024, 10:33

Siyasi qətiyyətin, uzaqgörənliyin  və  ölkəmizin hərbi qüdrətinin növbəti zəfəri

Prezident İlham Əliyevin oktyabr 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı səsləndirdiyi fikirlər bütövlükdə Azərbaycanın yürütdüyü xarici siyasətin nə qədər düzgün və balanslı olduğunun əyani şəkildə sübutudur. Məlumdur ki, Azərbaycan-Rusiya əlaqələri çoxəsrlik tarixə dayanır və münasibətlər dinamik şəkildə inkişaf edir. Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həqiqətən də tarixi qərardır. Bu qərar Azərbaycanın öz suverenliyini tam bərpa etməsinə mənəv-siyasi dəstəkdən əlavə, eyni zamanda, erməni revanşistlərinə və Ermənistan hakimiyyətinə ciddi mesajdır. Beləliklə, Ermənistanın revanşist dairələrinə bir daha açıq mətnlə mesaj verildi ki, onlar İkinci Qarabağ müharibəsinin və lokal antiterror əməliyyatının nəticələri ilə birmənalı olaraq hesablaşmalıdırlar.

 “Ay Laçın, can Laçın, Mən sənə qurban, Laçın.  Gözəlliyinə qurban olduğumuz Laçın artıq azaddır. Laçın kimi, Şuşa kimi Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər də artıq azaddır.” Bu sözləri 2020-ci ilin  dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirmişdir.

 Bu gün  müstəqil respublikamız tarixinin yaddaqalan günlərindən birini yaşayır. Doğma  şəhərimiz, dağ  vüqarlı  Laçınımız   artıq  nəzarətimizdədir. Laçın şəhəri, Za­bux və Sus kəndləri sakinlərinin yurd həsrətinə son qoyuldu. Bundan sonrakı dönəmdə  Azərbaycan  dövlətinin  iqtisadi  gücü sayəsində  Zabux və Sus və digər kəndlər, dağılmış iqtisadiyyat bərpa olunacaq. Yaşayış məntəqələri salınacaq. Keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdaraq, orada daimi yaşayacaqlar. Bu gün Laçının şəhər mərkəzində qaldırılmış Azərbaycanın Dövlət bayrağı oradan heç vaxt endirilməyəcək. Əbədi olaraq! Bu, Prezident, Müzəffər Ali  Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyasının, səbrin, ölkəmizin hərbi qüdrətinin növbəti zəfəridir! Sözsüz ki, bu, Prezident  İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” bəyanatının növbəti dəfə həyata vəsiqə qazanmasıdır.

 Məlum olduğu kimi, 2020-ci il dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan işğaldan azad olundu. Bu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamı idi.  Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır”.  

 Artıq Laçın şəhəri, həmçinin Zabux və Sus yaşayış məntəqələri düşmən tapdağında deyil, Azərbaycan əsgəri tərəfindən qorunması Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin davamıdır. Müzəffər Ali Baş Komandanın diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun Zəfər yürüşü sayəsində Laçın şəhəri də Ağdam, Kəlbəcər kimi şəhid vermədən düşmən tapdağından xilas edildi. Cəbhədə Azərbaycan əsgərinin qanı, canı hesabına əldə olunan Böyük Qələbənin daha bir tarixi nəticəsi ortadadır!

44 günlük müharibədə Azərbaycan Böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan Vətən  müharibəsində Rəşadətli  Ordumuzun  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə  əzminin  də  əyani  təsdiqidir. Laçın şəhərinin və digər yaşayış məntəqələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi, eyni zamanda 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladıqları bəyanatın vaxtından tez icra olunduğunu isbat edir. Bu, məhz Prezident İlham Əliyevin düzgün idarəçiliyi, qəbul etdiyi doğru qərarlar və əldə olunan nəticələrin bir-birini tamamlaması sayəsində mümkünləşdi. Laçın dəhlizinə alternativ yolun 3 il ərzində çəkilməsi və Laçın şəhərinin təhvil verilməsi nəzərdə tutulmuşdu. Bundan isə Azərbaycanın qələbəsinə sevinməyən bəzi qüvvələr tarixi zəfərimizə kölgə salmaq üçün yararlanmağa cəhdlər edirdilər və bu bəndin icra olunacağına şübhə ilə yanaşırdılar. Amma zaman əksini göstərdi və məhz vurğuladığımız faktorlar bunu daha tez həyata keçirməyə, Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olmasına imkan verdi.

 Laçının azadlığa qovuşması ilə işğaldan azad olunmuş ərazilərə Azərbaycanın nəzarəti tamamlandı və sonuncu rayon mərkəzinə də nəzarət bərpa edildi. Laçın rayonu bütövlükdə əsl sahiblərinə qovuşdu. Və Azərbaycan beynəlxalq hüququn prinsipləri əsasında öz ərazisində suveren hüquqlarını təmin etdi. Zaman, tarix və şahidi olduğumuz faktlar sübut edir ki, Ali Baş Komandanımızın xalqa verdiyi bütün vədləri kimi, laçınlıların öz ata-baba yurdlarına qaytarılacağı barədə dedikləri də artıq günün reallığına çevrilmişdir.

 Doğma və əzəli yurdumuz Laçının Azərbaycana, bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti və prinsipiallığı, rəşadətli ordu­muzun hünəri sayəsində mümkün olmuşdur. Qalib Azərbaycan bu gün işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı vaxtında və layiqli şəkildə təmin etmək üçün inamlı addımlar atır. Aparılan abadlıq-quruculuq işləri, yaradılan infrastruktur, dini-tarixi abidələrimizin təmir və bərpası, yeni binaların, beynəlxalq hava limanlarının tikintisi, həqiqətən də, bu ərazilərdə irimiqyaslı layihələrin icrasına start verildiyini təsdiqləmiş olur. Dövlət başçısının hər dəfə bu ərazilərə səfəri çərçivəsində görülən işlərlə tanışlıq, eləcə də bu ərazilərin dirçəldilməsi məqsədi ilə yeni obyektlərin təməlinin qoyulması bu ərazilərdə yeni, qaynar həyatın tezliklə bərqərar olacağına əminlik yaradır.

 Azərbaycanın dilbər guşələrindən və zəngin təbii ehtiyatlara malik rayonlarından və əhəmiyyətli geostrateji mövqeyə malik Laçının Ermənistan tərəfindən işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Bundan başqa, işğal nəticəsində rayonda 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.

  Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan  bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərdə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq. Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri isə tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti-abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.  

İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən mühüm  layihələrdən biri də inşa edilən beynəlxalq hava limanlarıdır. Qarabağın hava qapısı hesab olunan Füzuli beynəlxalq aeroportundan sonra Laçında  aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verərək  turizm potensialının  artırılmasına  da geniş imkanlar açacaq.  Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Sovet dövründə bu ərazidə hava limanının tikilməsi mümkün olmasa da, bu gün müstəqil  Azərbaycan bunu öz gücü hesabına həyata keçirir. Bu ölkəmizin həm texniki və maliyyə imkanlarının, həm də bu layihəni reallaşdırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyilə güclü siyasi iradənin olduğunu sübut edir.  Sözsüz ki, Prezident İlham Əliyevin siyasi qətiyyəti, uzaqgörənliyi, diplo­matik bacarığı ilə Laçın şəhəri, Zabux və Sus kədlərinin sakinləri doğma yurd-yuvalarına qovuşdular. Digər şəhər və rayonlarımız kimi Laçın da yenidən tikilib-qurulacaq, gülüstana çevriləcək.

Bu gün təkcə laçınlılar deyil, bütün Azərbaycan xalqı sevinc, fərəh içindədir. Çünki Qarabağımızın  əsrarəngiz  guşəsi  olan  Laçın  uzun illərin həsrətindən sonra doğma  övladlarını qarşılayır. Laçınlılar tezliklə burada yenidən qurub-yaradacaq, xoşbəxt, firavan ömür sürəcəklər.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi