COP29 iqlim dəyişikliyi ilə mübarizədə vacib və dünyanın əhəmiyyətli tədbiridir
COP29 iqlim dəyişikliyi ilə mübarizədə vacib və dünyanın əhəmiyyətli tədbiridir
Dünyanın ən böyük beynəlxalq konfransı hesab edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyində artan nüfuzunun daha bir göstəricisidir. Vacib məqam budur ki, respublikamız dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərinə evsahibliyi etməsi ölkəmizin və onun liderinin dünyada artan nüfuzundan xəbər verir.
COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir. 180-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi bu nəhəng tədbirdə ətraf mühitin mühafizəsi, ekologiya, “yaşıl enerji” sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin geniş müzakirəsi bu sahələrə sərmayə axıcılığını stimullaşdırır, “yaşıl iqtisadiyyat” quruculuğu yolunda təşəbbüsləri bir araya gətirəcək. COP29-un bu il Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir.
Mötəbər tədbirin “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilməsi nəticəsində Azərbaycan özünün ən müsbət tərəflərini dünyaya çatdıra biləcək. Eyni zamanda, ölkəmiz həmin istiqamətlər üzrə yaxın bir neçə 10 illiyə hesablanmış yeni siyasətin formalaşdırılması üçün çox əlverişli imkanlar qazanacaq. COP29 iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir və eyni zamanda sülhə, əmin-amanlığa yol açır. Rifaha xidmət etməklə yanaşı həmrəylik, qlobal məsuliyyəti blüşmək və əməkdaşlıq platformasıdır.
Bu beynəlxalq miqyaslı tədirin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın sabit, təhlükəsiz ölkə olduğunu göstəricisidir. Tədbirə çoxlu sayda dövlət və hökumət nümayəndələrinin qatılması ilə regional və beynəlxalq əhəmiyyətli, eləcə də ikitərəfli siyasi məsələlərin müzakirəsi imkanlarını da yaradacaq. 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək və iki həftə ərzində Bakı dünyanın diqqət mərkəzinə çevriləcək. “Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”, - deyə Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə söyləyib. Müşavirədəki çıxışında dövlət başçısının vurğuladığı məqamlarda beynəlxalq konfransın paytaxtımız Bakıda təşkili və bu qərarın bütün ölkələr tərəfindən dəstəklənməsi barədə söylədikləri dünya üçün böyük mesajdır. Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumdakı çıxışında dövlətimizin başçısı bildirmişdir ki, COP29 bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Bu mötəbər tədbirə hazırlığın fəal mərhələsindəyik. Yaxşı nəticələr əldə etmək üçün biz olduqca fəal və səmərəli çalışmalıyıq: “Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.
Bir mühüm məqam da ondan ibarətdir ki, bu platformada ölkəmizlə bağlı ətraflı informasiyanı çatdırmaq imkanı olacaq. Sözsüz ki, uğurlarımız Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyində mühüm rol oynayır. Respublikamız hazırda iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir.
COP29 Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun göstəricisi olmaqla yanaşı, ölkəmizin bərpa olunan enerji sahəsində böyük potensiala malik olmasının, həmçinin iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə davamlı töhfələr verməsinin və onları daha da artırmaq istəyinin təqdimatıdır. Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına-COP29-a hazırlıq məqsədilə iyunun 19-da Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda yüksək səviyyəli 29-cu toplantının rəsmi açılış mərasimi keçirilib.
Prezident İlham Əliyevin toplantı iştirakçılarına ünvanladığı müraciətində deyilir:”... Bildirmək istərdim ki, Azərbaycan COP29-a var gücü ilə hazırlaşır, yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək üçün səylərini əsirgəmir. Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlərlə birgə əməkdaşlıq çərçivəsində ağıllı həllər tapmağa çalışacaq, eyni zamanda, biz töhfə vermək istəyən qeyri-hökumət təşkilatları və beyin mərkəzləri ilə əməkdaşlığa açığıq. Bu baxımdan, COP29-a hazırlıqla bağlı Bakı və işğaldan azad edilmiş Zəngilan şəhərlərində üç gün davam edəcək bu tədbir çərçivəsində Mərkəzin dəyərli üzvlərinin və tərəfdaşlarının bizimlə zəngin təcrübələrini və biliklərini bölüşərək dəstək göstərmək səylərini yüksək qiymətləndirirəm”.
Tədbirdə Azərbaycanın COP29-u inklüziv, şəffaf və ədalətli şəkildə təqdim etməyə sadiq olduğunu söyləyən COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə diqqətə çatdırıb ki, COP29 Sədrliyi olaraq bütün fikirləri eşitmək, iqlim dəyişikliyi üçün hər kəsi ortaq həllər tapmağa səsləmək vacibdir. Nazir həmçinin bildirib ki, ötən aylar ərzində komandamız müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və dərin məsləhətləşmələr aparıb. Bu görüşlər ambisiyaları artırmaq və hərəkətə keçmək üçün yeni fürsətlər yaradıb.
“COP29”-a ev sahibliyi öncə onu göstərir ki, Azərbaycan müasir çağırışların öncüllərindən biri və qlobal problemlərə həssaslıqla yanaşan bir ölkədir. Bu tədbir həm də yaxşı mənada Azərbaycanın üzərinə bir məsuliyyət qoyur ki, ekoloji sahədə əldə etdiyimiz uğurlarımızla digər ölkələrə bir nümunə olaq. COP tədbirlərində təkcə mövcud problemlər müzakirə edilmir, həm də gözlənilən problemlərə diqqət yönəldilir.
Respublikamız beynəlxalq tədbirlə də özünə yetərincə müsbət imic qazanıb. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya nümayiş etdirəcək.
Lider-Media.az