HƏR BİRİMİZDƏ MÜƏLLİM ƏMƏYİNİN BİR ZƏRRƏSİ VAR
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür
Həyatı boyu borclu olduğumuz insanlardan biri də müəllimlərimizdir. Yaxşı insan olmağı, təlimi, tərbiyəni biz onlardan öyrənmişik. Bu gün hər zaman xoş xatirələrlə yada saldığımız o əziz, mehriban, fədakar insanların - müəllimlərin peşə bayramıdır.
"Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır". Ulu öndər Heydər Əliyevin müəllimlər haqqında söylədiyi müdrik kəlamlarından birində belə deyilir.
Bu gün Azərbaycanda işinə, vəzifəsinə vicdanla, məsuliyyətlə yanaşan böyük müəllimlər ordusu yetişib. Cəmiyyətin dərin hörmətini qazanan müəllimlər hər il oktyabrın 5-də öz peşə bayramlarını qeyd edirlər. Ölkəmizdə Müəllimlər Gününün keçirilməsi ilə bağlı Sərəncamı da ulu öndər Heydər Əliyev imzalayıb. Ümumiyyətlə, Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsi ilə bağlı UNESCO 1966-cı il oktyabrın 5-də qərar verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Bu gün oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı günü kimi qeyd edir.
Ulu öndər Heydər Əliyevin təkrar hakimiyyətə qayıdışı ilə milli təhsilimizin yenidən qurulması istiqamətində "Təhsil islahatları proqramı"nın icrasına başlanıldı: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram" - deyən ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır. Təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması ulu öndərin respublikaya rəhbərliyinin hər iki dönəmində dövlətin prioritet sahələrindən biri olmuşdur.
Ölkəmizdə təhsilin səviyyəsi keyfiyyət baxımından yeni mərhələsini yaşayır. Aparılan yenidənqurma işləri, iqtisadi, mədəni və sosial sahələrdə həyata keçirilən islahatlar təhsilin inkişafına birbaşa təsir göstərir. Müasir gənclik Azərbaycanın gələcək inkişafı üçün potensialını ortaya qoyur. İctimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılması gənclərin dünyaya inteqrasiyasını təmin edir. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla gerçəkləşdirilir. Ulu öndərin maarifçilik ideyalarını Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva əzmlə həyata keçirir.
Dövlət rəhbəri kimi fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan Prezident İlham Əliyev elm və təhsilin problemlərini diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edir.
Yeni əsrin çağırışlarına cavab verə biləcək savadlı insanların yetişməsi, bu sahədə əlverişli şəraitin yaradılması və s. dövlət başçısının xüsusi diqqət yetirdiyi məsələlərdən biridir: "Müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyildir. Bu, həm insanlar üçün, həm də ölkə üçün çox çətindir", - deyən dövlət başçısının təhsilin inkişafı ilə bağlı qarşıya qoyduğu məsələlər uğurla yerinə yetirilir. Qəbul olunmuş Dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayır. Belə ki, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarında da öz əksini tapıb. Eyni zamanda, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edib. Son 20 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon çox şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sistemi tətbiq edilən məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Təhsilin insan həyatında, cəmiyyətin inkişafında rolunu nəzərə alan Heydər Əliyev Fondu da əsas fəaliyyət istiqamətlərindən biri kimi məhz təhsil sferasını seçib. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızın müxtəlif bölgələrində reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət kəsb edir. Proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının icrasına istiqamətlənmişdir. Böyük iftixarla deyə bilərik ki, təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü şəkildə görülən işlər dövlətimizin daha da qüdrətlənməsinə, savadlı, bacarıqlı gənclərin yetişdirilməsinə imkan verir.
Bu gün müstəqil Azərbaycan qətiyyətlə işıqlı sabahlara doğru irəliləyir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə atdığımız hər addımda isə həm milli, həm də bəşəri dəyərləri özündə əks etdirən, qəlbi vətənpərvərlik hissi ilə döyünən, torpağımızın hər qarışı uğrunda canlarını fəda edən dəyərli, elmli gənclərimizi görməkdəyik. Vətən müharibəsi bu güc və sevginin bariz nümunəsi oldu. Azərbaycanın vətənpərvər gəncləri 44 günlük Vətən müharibəsində torpaqlarımızı yağı düşməndən azad edərək xalqımıza zəfər sevincini yaşatdılar, onlar 23 saat 43 dəqiqəlik antiterror tədbirləri ilə yadelliləri birdəfəlik qovaraq bütöv Qarabağda üçrəngli bayrağımızı dalğalandırdılar. Danılmaz faktdır ki, bizə qələbə sevincini yaşadan hər gəncin bu qədər vətənpərvər ruhlu olmasında müəllimin əməyi əvəzsizdir və bir daha sübut olundu ki, müəllimin uzun illər ərzində fəaliyyəti nəticəsində qarşıya qoyulan vəzifələrə-Vətənin keşiyində duran, torpaqlarımız, ümummilli dəyərlərimiz üçün canından keçməyə hazır olan vətəndaşlar yetişdirməyə nail olunmuşdur. Bu, Azərbaycan müəlliminin, təhsilimizin, eyni zamanda Ümummilli liderin siyasətini layiqincə davam etdirən cənab İlham Əliyevin ən böyük uğurudur.
Bəli, qeyd etdiyimiz kimi, gənclərin yüksək mənəvi keyfiyyətlərini formalaşdıran ölkəmizdə milli təhsil siyasətimizi uğurla həyata keçirən, elm və bilik yollarında yorulmadan fəaliyyət göstərən müəllim ordusudur. Məhz Azərbaycan müəllimi sabahın hərtərəfli zəkaya malik olan vətəndaşını yetişdirir. Hazırda onlarla gəncimiz dünyanın müxtəlif ölkələrin tanınmış universitetlərində öz təhsillərini davam etdirməkdədirlər. Bütün bunlar bir daha sübut edir ki, bu gün ölkəmizdə müasir standartlara cavab verən savadlı gənclik formalaşmaqdadır. Bunun üçün isə hər birimizin taleyində əhəmiyyətli yeri olan, bilik xəzinəsini daim insanların üzünə açan müəllimlərimizə borcluyuq. Ulu Öndər Heydər Əliyev dediyi kimi, bizim hər birimizdə müəllim əməyinin bir zərrəsi var.
Nurəngiz Adilqızı.