“Heydər Əliyev və Məhəmməd Füzuli” kitabının təqdimatı olub
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin Məhəmməd Füzulinin bədii irsinin təbliği, adının əbədiləşdirilməsi ilə bağlı fərman və sərəncamlarını, o cümlədən Füzulinin yubileylərindəki çıxışlarını özündə ehtiva edən "Heydər Əliyev və Məhəmməd Füzuli" adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bu il 530 yaşı tamam olan Məhəmməd Füzulinin yubileyinin Azərbaycanda və bütün Türk dünyasında, o cümlədən müxtəlif ölkələrdə təntənəli şəkildə qeyd olunduğunu bildirib.
Qeyd edib ki, kitaba Heydər Əliyevin Məhəmməd Füzuli irsinin təbliği ilə bağlı gördüyü tarixi işlər haqqında elm xadimlərinin məqalələri daxil edilib. Həmçinin kitabdakı məqalələri görkəmli rəssamların rəsm əsərləri müşayiət edir.
A.Raimkulova onu da əlavə edib ki, Türk Mədəniyyəti və İrsi Fondu bu il Türk dünyasının ədəbi irsinin təbliği yönündəki missiyasını yerinə yetirərək "Türk ədəbiyyatının inciləri", "Türk dünyasının elmi inciləri" kimi müxtəlif kitab seriyalarını tərtib edib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Ulu Öndər Heydər Əliyev milli təfəkkürün formalaşmasını, mənəvi dəyərlərin qorunmasını hər zaman dövlət siyasətində prioritet kimi görüb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövrləridə elmə, mədəni irsə, ədəbiyyat və mədəniyyətə, görkəmli şəxsiyyətlərə münasibətin dəyişdiyini, elm, adamlarına, yazıçı və şairlərə qayğının artdığını deyib.
Qeyd edib ki, XX əsrin 70-80-ci illərindən sonra klassiklərin irsinə münasibətində bir dönüş başlayıb və bu işdə də Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olub.
Akademik İsa Həbibbəyli Türk Mədəniyyəti və İrsi Fondunun ilk dəfədir ki, Məhəmməd Füzuli irsini toplayaraq, kitab şəklində elmi ictimaiyyətə təqdim etdiyini, kitabın Füzuli yaradıcılığı tədqiqatçıları üçün əvəzsiz töhfə olduğunu deyib.
Tədbirdə Xalq yazıçısı Anar, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, akademik Nizami Cəfərov, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Milli Məclsin deputatı filologiya elmləri doktoru Elnarə Akimova və digər çıxış edənlər kitab barədə təəssüratlarını bölüşüblər. Onlar Məhəmməd Füzulinin yaratdığı ölməz irsin hər zaman öz aktuallığını qoruduğunu və insanlar tərəfindən sevilərək oxunduğunu vurğulayıblar.
Sonra tədbir bədii hissə ilə davam edib.