lider-media.az

MÜASİR AZƏRBAYCAN DÖVLƏTİNİN QURUCUSU

Tarix: 3-10-2024, 08:14

1993-cü il oktyabrın 3-də Heydər Əliyev yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir


Zəngin idarəçilik və dövlətçilik təcrübəsinə malik olan ümummilli lider Heydər Əliyev ömrünü xalqına, millətinə həsr edərək onun intibahı, tərəqqisi yolunda, müstəqillik mübarizəsində misilsiz xidmətlər göstərmiş, dünyada uzaqgörən, müdrik siyasətçi, qətiyyətli lider kimi böyük nüfuz qazanmışdır. Dahi liderin rəhbərliyi ilə istər keçmiş Sovetlər Birliyinin tərkibində olarkən, istərsə də müstəqillik illərində respublikamız yeni inkişaf mərhələsinə yüksəlmiş, dövlət quruculuğunda, iqtisadiyyat, elm, təhsil, mədəniyyət, bir sözlə, bütün sahələrdə böyük nailiyyətlər qazanılmış, milli-mənəvi dəyərlər, dövlətçilik ənənələri qorunub saxlanmışdır. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində, Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtda respublikanın iqtisadi inkişafı ilə yanaşı, həm də xalqın milli-mənəvi dirçəlişi istiqamətində mühüm işlər görmüş, dövlət orqanlarının fəaliyyətini iqtisadi, sosial-mədəni tərəqqiyə yönəltmişdi.

Ulu öndər Azərbaycanda iqtisadi geriliyin aradan qaldırılması, qanunvericilik orqanlarına bacarıqlı, layiqli kadrların seçilməsi, paralel olaraq mədəni və elmi inkişaf üçün hüquqi baza yaradılması, millətin savadlı, yüksək təhsilli olması üçün ciddi səy göstərir, respublikada qanunçuluğun möhkəmləndirilməsi istiqamətində mühüm işlər görürdü. Qısa müddət ərzində sovet Azərbaycanını geridə qalmış aqrar ölkə statusundan çıxaran Heydər Əliyev respublika rəhbəri olaraq bütün səlahiyyətlərindən millətinin, dövlətinin gələcəyi üçün istifadə edir, taleyüklü qərarları ilə xalqın mənafeyini qoruyurdu.

Heydər Əliyevin xalqı qarşısında misilsiz xidmətlərindən biri isə Azərbaycan dilinə dövlət dili statusu verilməsinə nail olması idi. Belə ki, 1978-ci il aprelin 21-də qəbul olunan yeni Konstitusiyaya Azərbaycan dilinin dövlət dili elan olunması haqqında 73-cü maddənin salınması məhz Heydər Əliyev şəxsiyyətinin, qətiyyətinin sayəsində mümkün olmuşdur. Dahi liderin məqsədyönlü siyasəti ölkədə plüralizmin, demokratik və azad düşüncə tərzinin, güclü sosial ədalət duyğusu və milli özünüdərkin formalaşmasına xidmət edir, cəmiyyətin həyatında tarixi əhəmiyyət kəsb edən dəyişikliklər, iqtisadi-sosial sahələrdə həyata keçirilən köklü islahatlar böyük uzaqgörənliklə düşünülmüş, gələcək müstəqilliyə aparan yola zəmin yaradırdı.

Azərbaycanın sovet ittifaqının tərkibində olduğu dönəmləri Heydər Əliyev belə xarakterizə edirdi: "Bu illər bizim xalqımız üçün bir tərəfdən faciələr, itkilər, məhrumiyyətlər illəri olmuş, eyni zamanda xalqımızın maariflənməsi, təhsil alması, inkişaf etməsi, Azərbaycanda böyük iqtisadi potensialın yaranması, xalqımızın dünya mənəvi dəyərlərinə qovuşması sahəsində müsbət rol oynamışdır".

Keçmiş İttifaqda və dünyada gedən proseslərin təbii nəticəsi olaraq uzun illərdən sonra xalqımız dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul etdi. Lakin müstəqilliyinin ilk illərində Azərbaycan siyasi, iqtisadi, sosial və ən başlıcası isə mənəvi böhran dövrünü yaşayırdı. Belə ki, Sovet İttifaqının mühüm coğrafi ərazisi olan Azərbaycanın müstəqilliyini istəməyən mərkəz ölkə daxilində çaxnaşmalar yaradır, xalq arasında nifaq salır, milli münaqişələri qızışdırır, çətin, mürəkkəb keçid dövründə ölkədə sakitliyin, əmin-amanlığın bərqərar olmasına imkan vermirdi. Azərbaycanı parçalamaq, etnik münaqişəyə cəlb etmək məqsədilə ermənilərin ölkəmizə ərazi iddiaları ortaya atılır, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın Ermənistana verilməsi siyasəti həyata keçirilirdi. Xalq öz haqlı etiraz səsini qaldıraraq azadlıq istəyini bəyan edəndə isə Qanlı 20 Yanvar faciəsi törədildi, əliyalın əhalinin üzərinə sovet tankları yeridildi. Xalqın faciəsi isə onda idi ki, milli ideologiyadan, vətənpərvərlik hisslərindən, dövlətçilik təcrübəsindən tamamilə uzaq olan o dövrkü rəhbərlik üzərinə düşən məsuliyyəti dərk etmir, siyasi səbatsızlıq nümayiş etdirirdi. Bu isə xalqı ağır müsibətlərə, ölkəni iqtisadi, siyasi, mənəvi böhrana sürükləyirdi.

Ölkədə hökm sürən siyasi hərc-mərclik, respublikada həddindən artıq gərgin və çətin vəziyyət xalqı bu problemləri həll etmək iqtidarında olan rəhbər seçmək zərurətində qoymuşdu. 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə sürətli yüksəlişə, istehsalın, elmin, mədəniyyətin tərəqqisinə nail olan dahi lider Heydər Əliyev xalqın milli ruhu, milli şüuru inkişaf etdirməyə, milli qüruru yüksəltməyə, ölkəni məhkum olduğu ağır vəziyyətdən çıxarmağa qadir yeganə namizədi idi. Ümidini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə bağlayan xalqımız ümummilli liderin ətrafında sıx birləşərək onun dərin zəkası, müdrik siyasəti ilə yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə qalxmışdı. Azərbaycan xalqının üzləşdiyi ağır vəziyyəti, ölkənin məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin bununla bağlı bir qrup görkəmli ziyalının müraciətini nəzərə alan ümummilli lider Heydər Əliyev onlara 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Xalqın öz dahi oğluna olan inam və etibarı tez bir zamanda Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında əsaslarının yaradılmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərinə ümumxalq səsverməsində 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyevin seçkilərdə böyük üstünlüklə qələbə qazanması xalqımızın ulu öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı.

Xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycana rəhbərliyə qayıdışı ilə ulu öndər ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin, diplomatik münasibətlərin qurulmasında ciddi dönüş yaradaraq dövlət quruculuğu prosesində uğurlu islahatlar həyata keçirdi. Milli dövlətin təşəkkülündə və inkişafında, xalqın milli birliyinin yaranmasında Heydər Əliyev əvəzsiz rol oynadı. Dahi siyasətçi ölkəni bu ağır durumdan - vətəndaş qarşıdurmasından, dərin iqtisadi və siyası böhrandan çıxarmağa nail oldu. 1993-2003-cü illər ərzində Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyevin müdrik liderlik məharəti, geniş dünyagörüşə, hərtərəfli biliyə malik olması Azərbaycanı düşdüyü girdabdan xilas etdi. Ümummilli liderin vaxtında qəbul etdiyi qərarlar dövlətçiliyin bərqərar olmasına, müstəqilliyin qorunub saxlanmasına zəmin yaratdı. Eyni zamanda ölkdə ictimai-siyasi sabitlik fonunda demokratik idarəçilik təsisatların yaranması, demokratik cəmiyyətin formalaşdırılması təmin olundu. 1994-cü ildən etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan edildi. Müstəqil dövlətimizin uğurlu neft strategiyası - "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan regionda enerji sahəsində mühüm aktora çevrildi. Böyük İpək Yolu layihəsində ölkəmiz Cənubi Qafqazda logistik mərkəz rolunu oynadı.

Ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, gərgin əməyi sayəsində Azərbaycanın daxili və xarici siyasət xətti formalaşdı. Ölkəmizdə ordu quruculuğu prosesi başlandı. Müstəqil ölkə üçün milli ordunun olmasının nə qədər vacib olduğunu yaxşı bilən ulu öndər bu məsələni elə prezidentliyinin ilk günlərindən dövlət siyasətinin prioriteti olaraq müəyyənləşdirmişdir. Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə demişdir: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir".

Müstəqil Azərbaycan dövlətinə rəhbərlik edən ulu öndər Heydər Əliyev ana dili məsələsinə xüsusi diqqət və qayğı göstərərək "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunların qəbul edilməsinə dair fərman imzalamaqla dilimizin inkişafı istiqamətində mühüm addımlar atdı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olundu. Həmin gün müstəqillik dövründə ilk dəfə parlamentə seçkilər keçirildi və I çağırış Milli Məclis tezliklə işə başladı. Ölkənin Əsas sənədinin qəbulu dövlət quruculuğu, cəmiyyətin gələcək inkişaf modeli üçün hüquqi əsas yaratdı. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin, əbədiliyinin, dönməzliyinin təməli qoyuldu. Fəaliyyətinin, dövləti və xalqı qarşısında xidmətinin hər məqamında dövlətin dayaqlarını möhkəmləndirmək missiyasını həyata keçirən ulu öndər bütün dünya azərbaycanlılarını bir amal uğrunda səfərbər edərək azərbaycançılıq ideologiyasını əsasını, milliliklə dövlətçiliyin vəhdətini yaratdı.

1993-2003-cü illərdə Prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkədə baş verən proseslər köklü surətdə dəyişdi, müstəqil Azərbaycan tarixinin növbəti mərhələsində yaşamaq və suverenliyini, müstəqilliyini əbədiləşdirmək gücü qazandı. Azərbaycan özünün müasir, dünyəvi, beynəlxalq aləmə inteqrasiya edən ölkə imicini yaratdı. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hərtərəfli inkişaf mərhələsinə yüksəldi. Bu illərdə qoyulmuş möhkəm təməl, həyata keçirilən islahatlar, irəli sürülmüş təşəbbüslər dünyada və regionda söz sahibi olan Azərbaycanın bugünkü reallığını səciyyələndirir.

Müasir Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi - Heydər Əliyev ölkəmizi sabitlik, iqtisadi inkişaf, tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla nəinki regionda, bütün dünyada söz sahibi etdi. Ulu öndər tərəfindən əsası qoyulan müdrik və uzaqgörən siyasət bu gün inamla irəliləyən, vətəndaş rifahının təminatı istiqamətində mühüm addımlar atan, ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən, dünya birliyində mühüm mövqeyə malik olan Azərbaycanı daim irəliyə, möhtəşəm uğurlara, qələbələrə aparır.


Lider-media.az.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi